AZ

Bakı-Moskva xəttində yeni mərhələ - Bundan sonra...

Son həftələr Bakı-Moskva xəttində yumşalma müşahidə olunur. Əvvəlki gərgin notların yerini daha çox praqmatik və əməkdaşlığa açıq ritorika əvəzləməyə başlayıb.

Xüsusilə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Dmitri Melnikin 4 gün öncə İrana yönələn humanitar yardımların Azərbaycan üzərindən operativ çatdırılmasına görə Azərbaycan tərəfinə təşəkkür etməsi, eləcə də Kremlin sahibi Vladimir Putinin martın 11-də dövlət başçısı İlham Əliyevə həm Rusiya vətəndaşlarının İrandan təxliyəsində, həm də humanitar yüklərin tranzitində göstərilən dəstəyə görə minnətdarlığını bildirməsi bu mülayimləşmənin təsadüfi olmadığını göstərir. Belə görünür ki, regional böhranların dərinləşdiyi bir dövrdə tərəflər münasibətləri kəskin qarşıdurma müstəvisindən çıxarıb funksional əməkdaşlıq çərçivəsinə yönəltməyə üstünlük verirlər.

Deputat Elçin Mirzəbəyli Musavat.com-a deyib ki, nisbi yumşalma təkcə iki ölkə arasındakı münasibətlərin dinamikası ilə izah olunmur:

“Bu, daha geniş regional və qlobal konfiqurasiyanın diktə etdiyi zərurətin məhsuludur. Cənubi Qafqaz, Yaxın Şərq və Xəzər hövzəsinin kəsişməsində yerləşən Azərbaycan, həm geostrateji mövqeyi, həm də artan siyasi çəkisi ilə böhranların idarə olunmasında funksional platformaya çevrilib. Bu baxımdan, Rusiya ilə münasibətlərdə müşahidə olunan ritorik yumşalma arxasında ciddi praqmatik hesablamalar dayanır”.

Elçin

Onun sözlərinə görə, son hadisələr göstərir ki, tərəflər artıq emosional və ya konfrontativ yanaşmadan daha çox situativ əməkdaşlıq modelinə üstünlük verirlər:

“Xüsusilə İran istiqamətində humanitar dəhlizin təmin olunması və Rusiya vətəndaşlarının təhlükəsiz təxliyəsində Azərbaycanın oynadığı rol onun regionda etibarlı tranzit və logistika qovşağı kimi əhəmiyyətini bir daha təsdiqləyir. Bu kontekstdə Azərbaycanın davranış modeli diqqətəlayiqdir. Bakı nəinki öz milli maraqlarını qorumaqla yanaşı, həm də regional sabitliyə töhfə verən məsuliyyətli aktor kimi çıxış edir. Azərbaycan bir tərəfdən Qərb institutları ilə əməkdaşlığı inkişaf etdirir, digər tərəfdən isə Rusiya və digər regional güclərlə münasibətlərdə balansı qorumağa çalışır. Məhz bu yanaşma Bakıya müxtəlif geosiyasi bloklar arasında vasitəçi və ya körpü rolunu oynamaq imkanı verir”.

Parlamentari hesab edir ki, Rusiya üçün mövcud vəziyyət daha mürəkkəbdir:

“Ukrayna müharibəsi fonunda artan beynəlxalq təzyiqlər, iqtisadi sanksiyalar və regionlarda təsir imkanlarının məhdudlaşması Moskvanı daha elastik və praqmatik siyasət yürütməyə vadar edir. Bu şəraitdə Azərbaycan kimi sabit və etibarlı tərəfdaşla münasibətlərin gərgin saxlanılması Rusiyanın maraqlarına uyğun deyil. Əksinə, logistika, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq Moskva üçün əlavə nəfəs imkanları yaradır. Digər mühüm məqam isə İran faktorudur. İran ətrafında formalaşan risklər region ölkələrini daha sıx koordinasiyaya sövq edir. Azərbaycanın İranla sərhəd ölkə olması və eyni zamanda Rusiya ilə konstruktiv münasibətlərə malik olması onu bu proseslərdə əvəzolunmaz aktora çevirir. Humanitar yüklərin daşınması və təxliyə əməliyyatlarında Azərbaycanın rolu bu reallığın praktik təzahürüdür.
Bununla belə, müşahidə olunan bu yaxınlaşma davamlı strateji xəttə çevriləcəyi sual doğurur. Mövcud reallıqlar göstərir ki, bu münasibətlərin tam şəkildə strateji ittifaq səviyyəsinə yüksəlməsi hələlik çətindir və bunun bir neçə səbəbi var. Xüsusilə Azərbaycanın yaxın keçmişdə qarşılaşdığı və Moskvanın qarşılıqlı münasibətlərə ciddi kölgə salan davranışları səbəbindən Rusiyaya münasibətdə etimad problemləri hələ də qalmaqdadır. İkincisi, Rusiya özü də dəyişən geosiyasi reallıqlar fonunda prioritetlərini yenidən müəyyənləşdirir. Belə bir şəraitdə Moskva ilə Bakı arasında münasibətlər daha çox funksional və selektiv əməkdaşlıq çərçivəsində qalacaq. Üçüncüsü, Azərbaycanın Qərb və digər beynəlxalq aktorlarla münasibətlərinin genişlənməsi də balans siyasətini zəruri edir. Bakı üçün əsas məqsəd müxtəlif güc mərkəzləri arasında manevr imkanlarını qorumaqdır”.

Deputat bildirib ki, hazırkı mərhələni “strateji yaxınlaşma”dan daha çox “zərurətdən doğan praqmatik tərəfdaşlıq” kimi xarakterizə etmək daha doğru olar:

“Bu modelin davamlılığı isə birbaşa olaraq regionda və dünyada geosiyasi balansın necə dəyişəcəyindən asılı olacaq”.

Cavanşir ABBASLI
Musavat.com 

Seçilən
19
1
musavat.com

2Mənbələr