AZ

Azər Bağırov: “Bunu bacarsaq, nəticələrin gəlməsi vaxta bağlıdır” - MÜSAHİBƏ

“Hansı rəqiblə qarşılaşacağımız o qədər də vacib deyil”.

Bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Milli fasilədən öncəki son 4 turda komandanız məğlub olmadı, ümumilikdə 8 xal qazandı. Ardıcıl uğurlu nəticələrə nəyin sayəsində imza ata bildiniz?

- Mənə elə gəlir ki, əsas amillərdən biri futbolçuların mövcud vəziyyəti və bu durumdan necə çıxmalı olduğumuzu artıq böyük ölçüdə dərk etmələri idi. Bunun sayəsində ardıcıl uğurlu nəticələr qazandıq.

- “Kəpəz”in performansı yüksəlişdə olduğu vaxtda milli fasilənin yaranması planlarınıza mənfi təsir etməyəcək ki?

- Bu barədə, demək olar ki, fikirləşmirəm. Çünki əsas məsələlərdən biri futbolçuları bu hazırlıq prosesində yükləmək və əgər çox yükləniliblərsə, onların fiziki durumlarını bərpa etməkdir. Bu yöndə intensiv işlər görürük. Fasilə müddətində çatışmayan taktiki və texniki tərəflərimizin üzərində daha çox işləmək imkanı əldə etdik.

- Fasilədən sonrakı ilk oyunda əsas rəqiblərinizdən olan “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu görüşü hər iki tərəf üçün “6 xallıq matç” adlandırmaq olar? Oyundan gözləntiniz nədir?

- Hansı rəqiblə qarşılaşacağımız o qədər də vacib deyil. Önəmli olan hər oyuna sadəcə bir çempionat matçı kimi hazırlaşmaqdır. Futbolçulara bunu aşılamağa çalışırıq.Mənə elə gəlir ki, bunu edə bildikdən sonra nəticələrin gəlməsi artıq vaxta bağlıdır.

- Son 8 tur ərzində “Kəpəz”in turnir cədvəlində hazırkı mövqeyindən yuxarı pillələrə qalxmaq şansı nə qədərdir?

- Mən də çox istərdim ki, komanda daha yuxarı pillələrə doğru irəliləsin. Əlbəttə, futbolçular da bunu yaxşı dərk edirlər. İnandırım sizi, fasilə müddətində heyətin hər bir üzvü məşq proseslərində lazımi qədər, çox ciddi hazırlaşdı.

- Mövsümün sonuna az qalıb. Yayda heyətdə böyük dəyişikliklər etmək fikrindəsiniz, yoxsa hazırkı heyətin özəyi qorunacaq?

- Hər hansı bir dəyişiklik barədə fikirləşmirik. Hazırda ancaq futbolçuların əsas heyətdə möhkəmlənməsi, meydançada sprintlərin çoxalması, sonadək mübarizənin aparılması və digər məsələlərin üzərində çalışırıq, onlara belə şeyləri aşılayırıq. Yəni hansısa futbolçunun gedib-qalacağı barədə danışmırıq.

- Növbəti mövsümdə Azər Bağırovun baş məşqçiliyi ilə daha iddialı “Kəpəz” görə bilərik?

- Hər şeyi zaman göstərəcək. Hələlik diqqətimiz cari mövsümdədir.

İdman.Biz
Seçilən
37
1
idman.biz

2Mənbələr