Avtomobil ustalarının illərlə formalaşan təcrübəsi bəzi modelləri digərlərindən aydın şəkildə fərqləndirir.
Söhbət yalnız markadan yox, illərlə sınanmış texniki dözümdən gedir.
Bizim.Media xəbər verir ki, ən çox etibar edilən modellər sırasında Toyota Corolla xüsusi qeyd olunur.
Bu model sadə, amma davamlı mühərriki, qənaətcil yanacaq sərfiyyatı və elektrik sistemində nadir hallarda problem yaşanması ilə seçilir.
Ustaların dili ilə desək, "çox az sürpriz çıxaran" avtomobillərdəndir.
Digər model Toyota Land Cruiser hesab olunur. Həm şəhər, həm də çətin yol şəraitində özünü doğruldur. Güclü mühərrik, etibarlı transmissiya və uzunömürlü sürət qutusu bu avtomobili illərlə problemsiz istifadə edilən modellərdən birinə çevirir. Xüsusilə ağır şəraitdə işləyən sürücülər arasında nüfuzu yüksəkdir.
Siyahıda yer alan Honda CR-V isə daha balanslı seçim kimi qiymətləndirilir.
Mühərrikinin stabilliyi, şassisinin dözümlülüyü və texniki baxımdan sadə quruluşu onu həm servis baxımından əlçatan, həm də gündəlik istifadə üçün rahat edir.
Ustalar eyni zamanda bir məqamı da xüsusilə vurğulayır.
Avtomobilin nə qədər etibarlı olması təkcə modeldən asılı deyil.
Vaxtında texniki baxış, düzgün istismar və keyfiyyətli servis istənilən maşının ömrünü ciddi şəkildə uzada bilir. (Demokrat.az)
Bizim.Media