AZ

Azərbaycan elminin inkişafında 2026 cı il

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2026-cı il Azərbaycanın akademik mühitində həyat yeni-yeni maneələr və ziddiyyətlərlə başladı. İclasda “yuxulayan” professorların şəkilləri ictimaiyyətdə geniş müzakirəyə səbəb oldu ki, “alimlərimiz yaşlıdırlar…” Bəzi media qurumlarında “əxlaqsız” davranışlara adət etmişik. Hətta valideynlərini də yaşlı olduqları üçün məsxərə edənlər var. Məgər Azərbaycanın ictimai mühiti bu qədər pozulub ki, ağsaqqal, nurani və müdrik insanları, millətin qüruru hesab edilən bu ziyalıların qiymətləndirilməsini bir qrup düşüncəsiz şəxslərin ixtiyarına qoysun?

O sayaq iclaslarda ayıq oturub, danışanlara qulaq asmaq nə qədər “sağlamlığa ziyan” düşüncələri ortaya gəlmədi, eləcə də “o alimlərin uzun illər yuxusuz günlərinin nəticəsində bu gün övladlarımız ali məktəblərdə dərsliklərdən istifadə edir, yeni elmi fikirlərlə tanış olur və inkişaf edir” - bunu da deyən olmadı. Lakin qorxusu yoxdur, zatən akademik mühit kosmopolitdir, bir çox hallarda təmənnasızdır və əvəzi ödənilməyən bir fəaliyyətdir.

Bəs problem nədir? “Ağıllın kimdir? Qabaqda gedən zəncirli…” zərb-misalı xalqımızın alimlərə verdiyi bir fədakarlıq qiymətidir. Alimlərimiz qədim zamanlarda da olub və bu gün də vardırlar. O zaman da alimlər çox böyük rifah içində yaşamırdılar, indi də rifah içində deyillər. Bu məsələni müzakirə edək.

Təxminən yüz il əvvəl Azərbaycanda Elmlər Akademiyasının yaradılması ilə əlaqədar fəaliyyətə başlananda bizim üçün yeni, anlaşılmayan bir iş, Qərb sivilizasiyasının daşıyıcıları üçün təəccüblü və mümkünsüz bir hadisə idi. Geri qalmış müsəlman ölkəsində akademiyanın yaradılması fantastika idi. Son bir neçə ildir ki, AMEA-nın yüz illiyini qeyd etsək də paralel olaraq AMEA-nın bağlanması və transformasiyası ilə əlaqədar söhbətlər də eyni zamanda qızışmaqdadır. Aydın deyil ki, biz bu qurumun yaradılması və yüz il fəaliyyəti barədə iftixar etməliyik, yoxsa bu qurumun faydasızlığı, lazımsızlığı qərarına gəlməliyik?

Yüz ildə böyük potensial toplamış AMEA-nı Rəyasət Heyəti idarə etdi, yoxsa Elm və Təhsil Nazirliyi idarə etdi, nə dəyişəcək. Əgər idarəetmə sistemimiz qüsurludursa nə fərq edir? Hər ikisi dövlətdən maliyyələşir. Dövlət pulunu alimlərə AMEA ödəyir və ya nazirlik ödəyir, nə fərq edir? Yəni, etiraf etməliyik ki, nazirliyin menecmenti daha uğurludur, AMEA-nın menecmenti uğursuzdur? Səriştəsizlik o yerə çatıb ki, bilmirik AMEA-nın yaranışının 100 illiyinə sevinək, yoxsa AMEA-nın bağlanmasına…

Elm və Təhsil Nazirliyinin məktəbəqədər təhsil, orta təhsil müəssisələrində islahatların aparılması sahəsində geniş ictimai müzakirələr keçirir və prosesin şəffaflığı, müəllimlərin keyfiyyəti ilə əlaqədar bir sıra addımlar atır. Bu, əlbəttə ki, yaxşıdır. Çünki sonunda universitetlərə gələn tələbələrin baza təhsilinin səviyyəsi mütəxəssis hazırlığında əsas göstəricilərdən biridir. Bəs universitetlərdə akademik mühit nə üçün nazirliyi maraqlandırmasın?

Ali təhsil müəssisələrində elmi dərəcəsi olmayan müəllimlərin fəaliyyəti, mühazirə oxuması indi həmişə olduğundan daha çox aktualdır. Elə bir mənzərə yaranır ki, məktəb müəllimləri universitetlərdə də dərs deyə bilər. O zaman ali məktəbin orta məktəbdən nə fərqi olur? Bu vəziyyəti şərh etmək üçün universitetlərin həmişə bəhanəsi var, deyirlər ki, mütəxəssis yoxdur. Bəs nazirlik bu hal ilə barışmalıdır, yoxsa universitet səviyyəsinin qorunmasını tələb etməlidir? Universitetlərin “publik hüquqi şəxs” olaraq fəaliyyət göstərməsi onları qanunların icra olunmasından azad etmir.

Bəzi ali məktəblər bir müəllimin dərs yükünü 500 saat olaraq müəyyənləşdirir, digəri 600 saat. Bəzi universitetlər müəllimlərə dərs saatına görə bir məbləğ ödəyir, başqası başqa məbləğ. Əlavə dərs saatını professora, dosentə ödəmək baha başa gəldiyindən elmi dərəcəsi olmayana vermək daha sərfəlidir. Bu vəziyyət illərdir ki, davam edir. Ali məktəblərdə hamı Boloniya sistemi haqqında danışır, lakin kreditlərin sayı və hər kreditin saat yükü haqqında məlumatı olan yoxdur. Bir kredit 12 saat da ola bilir, 15 saat da, 30 saat da. Universitetlərin müəllimlərə qeyri-auditoriya saatı verməkdə maraqları yoxdur, lakin tələbələrlə fərdi iş təhsilin əsas alətlərindən biri olduğunu hamı bilir. Bu mövzuları universitetlərin insafına qoymaq bir sistemsizlik yaradır və prosesin nazirlik tərəfindən nəzarətdə olması vacibdir. Məgər Elm və Təhsil Nazirliyi üçün maraqlı deyil ki, bəzi özəl universitetlərdə müəllim nə qədər maaş alır və niyə bu qədər fərqlidir?

Bəzən elə bir mənzərə yaranır ki, nazirlik fərqli hüquqi normalarla işləyir, universitetlər başqa sənədlərlə idarə olunur, hər bir qurum özünə uyğun hüquqi platforma yaradır. Məsələn, bu yaxınlarda bir alimin professor elmi adı əlindən alındı və ictimaiyyətə heç bir açıqlama verilmədi. Təbii olaraq bir sual ortaya çıxır: o alim 10 il professor maaşı alıb və indi o maaşı geri qaytarmalıdır? Əgər alimə verilən professor adı ona qanunsuz verilmişdisə, deməli müəssisə ona qanunsuz professor maaşı verib və burada əmək qanunvericiliyi pozulub. Buna görə kim məsuliyyət daşımalıdır?

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kollegiyasının 03 sentyabr 2024-cü il tarixli qərarı əsasında bir sıra işlər planlaşdırıldı. Akademik prosesi dəstəkləmək üçün 2025-ci ilin yay aylarında Elm və Təhsil Nazirliyində çox yüksək səviyyədə kollegiya keçirildi və bütün rektorların iştirakı ilə qərara alındı ki, ali məktəblərdə məhsuldar elmi fəaliyyət göstərən alimlərin tədris yükləri 40 faiz azaldılsın və əmək haqqı məsələsinə fərdi yanaşılsın. 2025–2026-cı tədris ilində tətbiq olunacaq bu qərar niyə yerinə yetirilmədi? Elm və Təhsil Nazirliyi bu barədə bir monitorinq keçirdi? Əgər bunu etməyəcəkdinizsə, niyə belə qərarlar alırsınız? İlk baxışdan anlaşılmaz gəlsə də, böyük görüntüdən məlum olur ki, “Ramiz Mehdiyev idarəetmə üsulu” məhz bundan ibarətdir və ölkədə çox dərin kök salıb. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq səs-küylü iclaslar keçirmək, qərarlar almaq, layihələr hazırlamaq, mətbuatda yazılar yaymaq və sabahı günü isə yenidən köhnə qayda ilə öz işləri ilə məşğul olmaq bir idarəetmə modelidir.

Elmin inkişafında mühüm rol oynayan qurumlardan biri də Ali Attestasiya Komissiyasıdır. Bu qurum əsasən iki növ sənəd əsasında fəaliyyət göstərir. Birinci sənəd Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq olunmuş əsasnamədir və qanun hökmü olan sənəddir. İkinci növ sənədlər AAK-ın özləri tərəfindən yaradılmış normativ sənədlərdir ki, hüquqi əsası yoxdur, əslində “çörək ağacı”dır və bir çox hallarda heç məntiqi əsası da yoxdur.

Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında 2019-cu il əsasnaməsinin təsdiq olunması ilə Azərbaycan akademik mühitinə bir çox qaydalar, yeni anlayışlar və normalar daxil oldu. Azərbaycan alimləri ilk dəfə indeksləşmə, arxivlənən və indeksləşən məlumat bazaları, H indeksi, Q kateqoriyası, DOI, akademik platforma və akademik profil anlayışları ilə qarşılaşdılar. Demək olmaz ki, qeyri-müəyyənlik bitib və hal-hazırda hamı bu proseslərə aktiv daxil olub. Məsələ orasındadır ki, bu illər ərzində AAK akademik mühitin yeni qaydalara adaptasiyası üçün heç bir iş görmədi. Nə təlimlər keçirildi, nə metodiki vəsaitlər hazırlandı, alimlər öz ixtiyarına buraxıldı ki, hələ bu gün də bəziləri WoS ilə Scopus-un eyni müəssisə olduğunu düşünür. Bu vəziyyət akademik məhsuldarlığa mane olurdu və bu gün də mane olur. Mötəbər elmi jurnalların siyahılarını hazırlamaq, fərqli elmi istiqamətlərdə nüfuzlu elmi jurnalların təqdimatını keçirmək, universitetlərdə analitik informasiya xidmətləri yaratmaq olardı.

2019-cu il islahatlarının nəticəsində AAK-ın ştat potensialı iki dəfə artırıldı, büdcəsi böyüdüldü, lakin müəssisənin məhsuldarlığı artmadı. Akademik mühitin dəstəklənməsi əvəzinə bu qurum “akademik polis” funksiyasını daşımağa başladı və bunun üçün özünə hüquqi platforma da yaratdı.

Azərbaycanda korrupsiya hadisəsi ilə ciddi mübarizə aparıldığına son illərdə canlı şahidik. Lakin korrupsiya şəraiti yaratmaq, insanları buna vadar edən mühit formalaşdırmaq, maraqların toqquşduğu yerdə “qaranlıqları” təmin etməyin cəzası yoxdur. Əgər bir iddiaçı beş il müdafiəyə çıxa bilmirsə, onun üçün müdafiə şurası yaradılmır və ya müvafiq şuralara yönləndirilmir, bu adam nə etməlidir? Axtarıb tapdığı vasitəçiyə vəd etdiyi məbləğin şəklini çəkməlidir? Əgər aspirant müdafiə ərəfəsində məlum olur ki, onun iştirak etdiyi konfransın dərc olunmuş külliyyatında “pedaqogika” sözü yarımsərlövhədə yazılmayıb və bu konfrans keçərli deyil, o zaman aspirant nə etməlidir? Eyni zamanda bir iddiaçıdan təkmüəllifli üç məqalə tələb olunduğu halda digərindən heç nə tələb olunmadığını necə müəyyənləşdirmək olar? Axı proseslərin şəffaflığı təmin edilmir. Bir iddiaçının dissertasiyasını ekspert adı ilə dəxli olmayan adamlara təqdim etməklə ona maneələr yaratmaq, digərlərinin isə olmayan dövlətin olmayan siyasətindən yazılmış dissertasiyasını iyirmi günə təsdiq etmək korrupsiya deyil?

Prezidentin imzası ilə təsdiq olunmuş və 2019-cu ildən qüvvəyə minən elmi dərəcələr və elmi adların verilməsi ilə əlaqədar əsasnamə son dərəcə proqressivdir. Qarşıya qoyulan məqsədləri tamamilə ifadə edir. Akademik prosesin açıq, şəffaf və ədalətli olması prinsipi əsasnamədə öz əksini tapır. Problem AAK tərəfindən müəyyənləşdirilmiş normalarda ortaya çıxır. Məsələn, professor elmi adını almaq üçün AAK mütəxəssislərinin müəyyənləşdirdiyi 19 ölkədə fəaliyyət göstərən və adları konkret qeyd edilən 100 nəşriyyatdan birində elmi monoqrafiya çap etdirilməlidir. Bu ölkələrə altı türk dövləti daxil deyil. Məsələn qeyd olunan nəşriyyatların 75-i universitet nəşriyyatıdır və əsasən öz universitetlərinin alimlərinin əsərlərini çap edir. Türkiyənin Hacəttəpə Universiteti, İstanbul Universitetində dərsliyin və ya dərs vəsaitin çap olunarsa AAK bunu mötəbər hesab etmir. Qazaxıstanın dünya reytinqində ilk 300-ə daxil olan universitetlərində də çap olunsan, mötəbər hesab edilmir. Ancaq Yunanıstanın “Aristotel” Universitetində, Polşanın Poznan Universitetində kitabın çap olunarsa AAK bunu mötəbər hesab edər. Müşahidələr göstərir ki, türk dövlətlərinin inteqrasiyasını tələb edən dövlət siyasəti bu məmurların heç vecinə də deyil. İldə bir dəfə Türkiyədən və başqa türk dövlətlərindən gəlmiş qonaqları qarşılayıb söhbət etmək və hörmətli restoranda birlikdə kabab yemək inteqrasiya deyil. Tətbiq olunan metodikanın öyrənilməsi və qarşılıqlı tətbiqini həyata keçirmək lazımdır ki, bu işdə də maraqlı tərəf yoxdur. Çünki bu ölkələrdə monoqrafiya çap etdirmək üçün 16 min manat (8 min avro) tələb edilmir.

Eləcə də anlaşılmayan odur ki, monoqrafiya üçün niyə 400 min işarə tələb olunur? AAK doktorluq dissertasiyası üçün də iddiaçılardan 400 min işarə tələb edir, elmi monoqrafiya üçün də 400 min işarə. Məgər elmi monoqrafiyanın dəyəri işarə ilə müəyyənləşir, yoxsa nəşriyyata ödənilən vəsaitlə? Monoqrafiya 300 min işarə olarsa elmi dəyəri yoxdur? Yoxsa AAK üçün elmi dəyər əhəmiyyətli deyil, əhəmiyyətli olan 400 min işarənin olmasıdır? Diqqəti cəlb edən odur ki, nə AAK sədrinin, nə də onun professor adı daşıyan iki müavininin başqalarından tələb etdikləri belə monoqrafiyalar yoxdur. Belə fürsətçilik və qanundan kənar tələblərə gündəlik həyatımızda adət etmişik. Lakin müxtəlif səviyyəli dövlət qurumundan şikayət etmək olar, onlardan inzibati qaydada məhkəmə iddiası qaldırmaq olar, yuxarı orqanlara müraciət etmək mümkündür. AAK fərqlidir. Bunlardan şikayət edəcək nə ünvan, nə də zaman var. Müdafiə qabağı təqdim edilən sənədləri beş il gözləyəndən sonra AAK tərəfindən diskvalifikasiya olunduğu zaman bir gənc iddiaçının müraciət edəcəyi yer olmur. İddiaçının yeganə əlacı ya vacib adamlardan birinin zəng etməsi, ya da hər şeyi atıb getmək olur.

Bir aspirantın ilkin müdafiədən əsas müdafiəyə qədər sənədləri dörd dəfə yoxlanılır. Birinci dəfə mənsub olduğu kafedra, laboratoriya və ya fakültə elmi katibi tərəfindən. İkinci dəfə universitet və ya elmi müəssisənin elmi katibi tərəfindən. Üçüncü dəfə müdafiə şurasının elmi katibi tərəfindən. Dördüncü dəfə AAK-ın əməkdaşları tərəfindən. Hər dəfə də yeni sənədlər tələb olunur, yeni qaydalar tələb edilir və sənədlər geri qaytarılır. Ən gülməlisi odur ki, QR kodu olan sənədin möhürlənməsini də tələb edirlər. Barədə elektron sənəd dövriyyəsi də yoxdur ki, bunların özbaşınalığını ifşa edəsən.

Elmin inkişafına dəstək fondu Azərbaycan dövlətinin bu istiqamətdə inkişafı təmin etmək üçün təsis etdiyi xoşməramlı bir qurum olmalı idi. Ancaq necə oldu? 2010-cu illərdə bu fond elmin inkişafı üçün dünyada qəbul olunmuş standartları öyrənmək və tətbiq etmək üçün iki dəfə “qrant” layihəsini maliyyələşdirdi. Əslində uğurlu bir layihə olaraq bunu tətbiq etmək lazım idi. Kim tətbiq edəcək? Elm və Təhsil Nazirliyi bunu edə bilərdi. Lakin Nazirlər Kabineti elmin inkişafı üçün müəyyənləşdirdiyi “yol xəritəsini” özü və müstəqil həyata keçirməyə başladı və nəticədə “Milli H indeksi” layihəsi ortaya çıxdı. Bu indeksi də digərləri qəbul etmədi və hərə özü üçün reytinq müəyyənləşdirməyə başladı. Elmin inkişafı üçün müxtəlif kitabların çap olunması, elmi konfranslara ezamiyyət pulları, bəzi müəssisələrə maliyyə dəstəyi çox yaxşıdır. Ancaq maliyyə dəstəyi edilən layihələr əgər respublikada tətbiq olunmayacaqsa, bəs nə məqsəd daşıyır? Maliyyələşdirilən layihələrin beş ildən sonra, on ildən sonra effektivlik təhlili edilir? İmpakt faktoru öyrənilir? Yəqin ki, yox. Biz görülən işlərin analitik təhlilini etmədikcə heç nə dəyişməyəcək.

2023-cü ildən başlayaraq Azərbaycan Dövlətinin sifarişi ilə Milli H indeksi məlumat bazası yaradıldı və ildə iki dəfə Azərbaycanın elm müəssisələri və alimləri haqqında beynəlxalq normalara uyğun reytinqlər açıqlanmağa başladı. Bu dörd ildə qeyd olunan məlumat bazasına əsaslanaraq bir müəssisə və ya bir alimin təşviq olunması, təltif və ya ictimaiyyətə təqdim olunması hadisəsi baş vermədi. Əksinə Elm və Təhsil Nazirliyi özü yeni bir qiymətləndirmə meyarı müəyyənləşdirdi və özü bildiyi kimi təşviq layihəsi tətbiq etməyə başladı. Məlumdur ki, bu proqramda sosial və humanitar sahələrə yer ayrılmadı. Tətbiq olunan metodika da həmişəki kimi gizli saxlanıldı. Bilmək olmur ki, nəyi necə hesab edirlər. Universitetlər də özlərindən yeni metodikaları tətbiq etməyə başladılar. Son nəticədə yenə də xaos, maraqların idarə olunması, telefon zəngləri ilə “Mirzə Manafın pədəri”, yenə də “El bütün kafir imiş, yox xəbərim” misalı. Aydın deyil ki, türk dövlətlərinin inteqrasiyasından bu qədər danışdığımız halda nə üçün Türkiyə Cümhuriyyətinin sınaqdan çıxmış qabaqcıl təcrübəsi öyrənilmədi və tətbiq olunmadı.

AAK elmi ad vermək üçün iddiaçıdan üç ədəd təkmüəllifli məqalə tələb edir. İddiaçının isə iki ədəd təkmüəllifli məqaləsi var, 5 ədəd iki müəllifli məqaləsi var və 5 ədəd üç müəllifli məqaləsi var. İddiaçı haqlı olaraq çatışmayan bir ədəd təkmüəllifli məqalənin yerinə on ədəd çox müəllifli məqaləsini təqdim edir ki, bunu da AAK qəbul etmir. Bu vəziyyətlə hətta Afrikada da rastlaşa bilməzsiniz. Belə olan halda tədqiqatçı niyə çox sayda məqalə yazsın?

“Milli H indeksi”nin yayılması rəsmi məqamlarda danışılması qəbul olunmayan bir mənzərəni ortaya çıxardı. Qiymətləndirmədə iştirak edən 105 elm-təhsil müəssisəsinin "Scopus" məlumat bazasında çap olunmuş təxminən 29 min məqalədən 13 mini Bakı Dövlət Universitetinin alimlərinə məxsusdur, “Top 1000” alim sırasında deklarativ professorlar yer almırlar, yüksək akademik göstəriciləri olan alimlər konyukturaya uyğun gəlmir və s.

Beynəlxalq qiymətləndirmə metodikasına görə bibliometrik göstəricilərinə görə AAK-ın bəyənmədiyi Türkiyə dünyada 18-ci yeri tutur və kifayət qədər yüksək göstəricilərə malikdir. Türkiyənin resursunda bir milyondan artıq elmi məqalə və onlara edilmiş üç milyona yaxın elmi istinad vardır. Türkiyənin 334 elmi jurnalı yüksək reytinqli və indeksləşən jurnal hesab edilir. Azərbaycanın da durumu pis deyil. Bu siyahıya ABŞ başçılıq edir və onların 17 milyona yaxın elmi məqaləsi indeksləşir və bu əsərlərə 226 milyondan artıq elmi istinad edilib.

Dünya reytinq cədvəlində Cənubi Afrika 34-cü yeri tutur, Pakistan 39-cu yerdədir, Kolumbiya 48-də, Nigeriya 49-da, Tunis 56-da, Mərakeş 58-dədir, Əlcəzair 59-da, Banqladeş 61-də, Efiopiya 64-də, Şri Lanka 79-da, Özbəkistan 83-də, Tanzaniya 87-də, Gürcüstan 89-da, Kamerun 91-ci yerdə, Azərbaycan 92-ci yerdədir. Görəsən bizim elmi fəaliyyətə rəhbərlik edən qurumlar bu vəziyyət barədə dövlət başçısına məlumat verirlər? Düşünürəm ki, bu vəziyyət dövlət başçısının heç xoşuna gəlməz.

TUBİTAK-ın yaratdığı indeksləşən məlumat bazası olan Ulakbim və SOBİAD-ın çox qabaqcıl təcrübəsi var. Bu təcrübəni öyrənmək və Azərbaycana tətbiq etmək ən düzgün yol ola bilərdi. Məsələn, bu işin menecmenti ilə məşğul olanlardan əgər məsul bir şəxs soruşarsa ki, “velosipedi yenidən kəşf etməyə nə ehtiyac var idi”, niyə qabaqcıl bir modeli tətbiq etmədiniz? Bu suala nə cavab verərdilər, maraqlıdır.

Elmmetrik fəaliyyətlə məşğul olan hər bir mütəxəssis bilir ki, elmi məhsuldarlığın artırılması və onun görünürlüyünü təmin etmək üçün tədqiqatçılarla mütəmadi təlimlərin keçirilməsi vacibdir. Akademik platformaları öyrənmək, akademik profillərin yaradılması, e-elm proseslərində alətlərin funksiyalarını öyrənmək, düzgün biblioqrafik təsvirlərlə tanış olmaq, məqalələrin xarakteri və strukturu ilə əlaqədar tələbləri bilmək lazımdır.

Akademik mühitin mövcud potensialı, statistik məlumatların təhlili və proseslərin dinamikası göstərir ki, əgər yaradılan süni maneələr, mənasız qaydalar və düzgün menecment təmin edilərsə, Azərbaycan bu sıralamada ilk əlli ölkədən biri ola bilər. Əlbəttə ki, ağırlığı bir universitetin üzərinə salmaq, deklarativ professorlar ordusu yaratmaqla uğur qazanmaq mümkün deyil. Əgər AAK üç məqaləyə görə fəlsəfə doktoru dərəcəsi verəcəksə, biz 29 mindən iki yüz min göstəricisinə çatmayacağıq. Bu epizodda fikirlərimiz ziddiyyət təşkil etmir. Biz alimlər üçün yaradılmış “informasiya labirintinin” əleyhinəyik, şərtlərin şəffaf şəkildə sərtləşməsinin deyil. PhD doktor dərəcəsi üçün 10-20 məqalə, elmlər doktoru üçün 50-100 məqalə tələb etmək mümkündür. Burada “zəfəran suyu” ilə yazılmış monoqrafiya insanları çaşdırır. Əgər akademiya institutlarının alimləri elmi dərəcə aldıqdan sonra repetitorluq edəcəksə, perspektiv elmi istiqamətlər dövlət təşviqindən kənarda qalacaqsa, yaxşı ilə pis arasında fərq qoyulmayacaqsa Kamerunla bizim aramızda fərq böyüyəcək.

Sonda isə nə üçün iki həpənd sualına cavab verək. Sabirin bu əsərində iki tərəf var və bunlar biri-birinə müxalifdir. Biri digərinə güc gəlir, digəri isə ona lənət deyir. Müasir akademik mühitin vəziyyətində paradoks ondan ibarətdir ki, tərəflər çoxdur, hər biri özü-özünə hökmdardır, heç kim heç kimə güc gəlmək, mövqeyini, haqlı olduğunu sübut etmək fikrində deyil, tərəflər öz maraqlarını elə bölüşdürüblər ki, digərinin bostanına daş atmır, tənqid etmir, görüşəndə biri-birinə ehtiramla təzim edirlər, hər şey öz qaydasında olduğu kimi.

Kazimi P.F.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
1
redaktor.az

2Mənbələr