AZ

Toral Bayramov: FIFA turniri bizim üçün çox faydalı oldu

Bakı, 31 mart, AZƏRTAC

FİFA turnirində keçirdiyimiz matçlarda canla-başla mübarizə apardıq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov FIFA-nın təşkil etdiyi turnirin qalibi olmaları ilə bağlı danışarkən deyib.

“Qarabağ”da çıxış edən oyunçu turnirin komanda üçün uğurlu keçdiyini bildirib: “Bu turnir bizim üçün faydalı oldu. İlk görüşlə müqayisədə ikinci qarşılaşma daha ağır və çətin keçdi. Baxmayaraq ki, fiziki cəhətdən rəqib bizdən üstün idi. Lakin əsas olan qələbə qazanmaq idi və buna nail olduq. Bir qədər çətinlik çəkdik, həyəcan da var idi. Amma ən önəmlisi mübarizə apararaq qalib gəlmək idi”.

Futbolçu qarşıdakı planlardan da söz açıb: “Yayda toplanışımız olacaq. Bildiyiniz kimi, komandamız hər toplanışda rəqibləri analiz edir. Millətlər Liqasında qarşılaşacağımız Litva və Lixtenşteyn yığmalarını təhlil edib matçlara hazırlaşacağıq”.

Qeyd edək ki, Azərbaycan yığması yarış ərzində Sent Lüsiya (6:1) və Syerra Leone (1:1, p.9:8) seçmələri ilə qarşılaşıb.

Seçilən
39
1
azertag.az

2Mənbələr