AZ

Siyasi şərhçi: Mart soyqırımı tariximizin ən faciəli, qara və unudulmaz səhifələrindən biridir

Bakı, 31 mart, AZƏRTAC

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən faciəli, qara və unudulmaz səhifələrindən biridir. 1918-ci ilin martında Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınlar həm tarixi, həm də hüquqi baxımdan soyqırımı cinayətinin bariz nümunəsi kimi qiymətləndirilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, 31 mart tarixinin qeyd olunması Azərbaycan xalqının tarixində baş vermiş bu ağır faciənin unudulmaması, gələcək nəsillərin yaddaşında qorunub saxlanılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Siyasi şərhçi qeyd edib ki, soyqırımı hadisələri Azərbaycanın müxtəlif bölgələrində əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib və azərbaycanlılar yalnız milli mənsubiyyətlərinə görə etnik təmizləməyə, kütləvi qırğınlara və amansız zorakılıqlara məruz qalıblar. Bu isə baş verənlərin təsadüfi deyil, düşünülmüş və sistemli şəkildə həyata keçirilmiş cinayət olduğunu sübut edir.

“Azərbaycan xalqı öz tarixini və bu tarixdə baş verən faciələri heç vaxt unutmur. Bizə qarşı müxtəlif dövrlərdə dəfələrlə soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilib. Lakin 1918-ci il 31 mart hadisələri öz miqyası və xarakteri etibarilə xüsusi yer tutur”, – deyə X.Bəşirov əlavə edib.

Onun sözlərinə görə, dünya praktikasında oxşar hadisələr qısa müddət ərzində soyqırımı kimi tanındığı halda, Azərbaycana münasibətdə bu məsələdə ikili standartlar, ədalətsiz və qərəzli yanaşma müşahidə olunur. “Təəssüflər olsun ki, bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş həmin hadisələr beynəlxalq səviyyədə tam şəkildə soyqırımı kimi tanınmayıb. Bu isə açıq şəkildə ikili standartların mövcudluğunu göstərir”, – deyə o bildirib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan xalqı bu ədalətsizliklə barışmaq niyyətində deyil və tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl mübarizəsini davam etdirir. “Biz inanırıq ki, vaxt gələcək və 1918-ci il 31 mart soyqırımı öz layiqli hüquqi və siyasi qiymətini alacaq”, – deyə o qeyd edib.

X.Bəşirov bildirib ki, ötən əsrdə və sonrakı dövrlərdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasətinin davam etməsinin əsas səbəblərindən biri də törədilmiş cinayətlərin cəzasız qalmasıdır. Cinayətkarların məsuliyyətə cəlb olunmaması bu kimi faciələrin təkrarlanmasına zəmin yaradır.

“Azərbaycan dövləti bu kimi halların qarşısının alınması və ədalətin təmin edilməsi istiqamətində prinsipial mövqe nümayiş etdirir. 2023-cü il sentyabrın 19-20-də Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrin üzvlərinin saxlanılaraq məsuliyyətə cəlb olunması bu siyasətin tərkib hissəsidir. Bu addımlar onu göstərir ki, Azərbaycan xalqına qarşı törədilən cinayətlər heç vaxt cəzasız qalmayacaq. Əgər beynəlxalq hüquq institutları və məhkəmələr bu cinayətlərə lazımi hüquqi qiymət verməzsə, Azərbaycan dövləti öz hüququ çərçivəsində ədalətin bərpasını təmin etmək əzmindədir”, – deyə X.Bəşirov bildirib.

O əlavə edib ki, Azərbaycan tarixində Xocalı soyqırımı, deportasiya siyasətləri, eləcə də digər faciəli hadisələr xalqın yaddaşında dərin iz buraxıb və bu kimi hadisələrin təkrarlanmaması üçün həm tarixi yaddaşın qorunması, həm də hüquqi mübarizənin davam etdirilməsi vacibdir. Azərbaycan cəmiyyəti dövlətin apardığı siyasəti dəstəkləyir və milli birlik şəraitində hərəkət etməklə tarixi ədalətin bərpasına nail olunacağına inanır.

Müxbir- Səbinə Əlizadə

Seçilən
27
azertag.az

1Mənbələr