AZ

AzMİU QS 2026 reytinqində dizayn sahəsi üzrə ölkə lideri olub

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə yer alıb.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, universitet bu nüfuzlu beynəlxalq reytinqdə 1 sahə (dizayn) üzrə təmsil olunub. AzMİU bu istiqamətdə reytinqə daxil olan ölkə üzrə yeganə ali təhsil müəssisəsi kimi çıxış edir. Bu göstərici AzMİU-nun dizayn təhsili sahəsində formalaşdırdığı güclü akademik baza, yaradıcı yanaşma və müasir tədris mühitinin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir.

Ümumilikdə 2026-cı ilin “QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Cari ildə reytinqə daxil olan universitetlərin sayı təxminən 2 dəfə, təmsil olunan sahələrin sayı isə 4 dəfə artıb. Azərbaycan universitetlərinin nəticələrində müşahidə olunan bu müsbət dinamika ölkədə ali təhsilin keyfiyyətinin yüksəldiyini və beynəlxalq rəqabət qabiliyyətinin artdığını göstərir.

AzMİU-nun bu uğuru universitetin beynəlxalq akademik mühitdə mövqeyinin gücləndirilməsi, tədris və tədqiqat fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların mühüm nəticəsi kimi qiymətləndirilir.

Seçilən
26
5
azertag.az

6Mənbələr