AZ

ABŞ-da "Vens dövrü" yaxınlaşır – Rubio ilə gərgin rəqabət başladı

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Mühafizəkar Siyasi Fəaliyyət Konfransının (CPAC) bu il Texasın Qreypvayn şəhərində keçirilən illik səsverməsində Respublikaçılar Partiyasının növbəti prezidentliyə namizədi kimi birinci yeri tutub.

Musavat.com xəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, Vens iştirakçıların 53%-nin səsini qazanaraq Donald Trampın ən güclü varisi olduğunu bir daha sübut edib. Onun ən yaxın rəqibi, son aylarda İran, Venesuela və Kubaya qarşı sərt diplomatik gedişləri ilə diqqət çəkən Dövlət katibi Marko Rubio isə 35% səslə ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, CPAC səsverməsi rəsmi praymeriz olmasa da, Trampın "Amerikanı Yenidən Möhtəşəm Et" (MAGA) hərəkatının əsas nüvəsinin üstünlüklərini anlamaq üçün mühüm göstərici hesab olunur. Keçən illə müqayisədə Vensin reytinqində (61%-dən 53%-ə) müəyyən enmə müşahidə olunsa da, Rubionun dəstəyinin 3%-dən 35%-ə sıçraması partiya daxilində yeni bir rəqabətin başladığından xəbər verir. Digər potensial namizədlər — Florida qubernatoru Ron DeSantis və kiçik Donald Tramp isə cəmi 2% səs toplaya biliblər.

Ekspertlər hesab edirlər ki, 2028-ci il seçkiləri üçün MAGA bazası artıq indidən Vens və Rubio cütlüyü üzərində fokuslanıb, lakin partiyanın gələcək simasını məhz Trampın ikinci prezidentlik müddətindəki xarici siyasət uğurları müəyyən edəcək.

Musavat.com 

Seçilən
8
1
musavat.com

2Mənbələr