AZ

"Xalqımız tariximizin ağrılı səhifələrini heç vaxt unutmayacaq" -Aydın Mirzəzadə

"1918-ci il mart hadisələri uzun müddət davam edib. Dünya o vaxtlar 31 Mart soyqırımına göz yumdu, ermənilərin vəhşiliyini onların milli azadlıq hərəkatı kimi qəbul etməyə cəhd etdi. Xaricdən gələn böyük dəstək yüzlərlə Azərbaycan kəndinin yerlə-yeksan olunması ilə, on minlərlə insanın öldürülməsi ilə nəticələndi".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə 31 Mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı danışarkən bildirdi.

Müsahibimizin sözlərinə görə, Azərbaycan xalqı bacardığı qədər baş verənlərə müqavimət göstərə bildi:

"Nəticədə 1918-ci ilin 28 mayında Azərbaycan müstəqil dövlət elan edildi və 23 ay şərəfli bir tarix yaşadı. Düzdür, sonradan bizim müstəqilliyimiz yenidən əlimizdən alındı, amma Azərbaycan xalqı erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayəti, müstəqilliyimizi zorla əlimizdən almaq istəyənlərin xislətini heç də unutmadı."

Millət vəkili vurğuladı ki, 1991-ci ildə müstəqilliyimizin bərpa edilməsi, 15 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldikdən sonra sözün əsl mənasında müstəqil olmağımız Azərbaycan xalqının müstəqilliyə layiq olduğunu göstərir:

“Biz bu müstəqilliyi suverenliyimizin qorunması ilə, dünya birliyində layiqli bir yer tutmağımız ilə bir daha təsdiq etdik. Xalqımız tariximizin ağrılı səhifələrini heç vaxt unutmayacaq. İndiki gənclik də tariximizi öyrənir, bugünkü dövlət quruculuğunda fəal iştirak edir, müstəqilliyimizi qoruyur və keşiyində durur.”

Aytəkin TOFİQQIZI

Seçilən
3
1
redaktor.az

2Mənbələr