Balakən rayon Şəhidlər Xiyabanında itkin şəhidimiz Cavanşır Həsənovun 40 mərasimi ilə əlaqədar məzarı ziyarət olunub, şəhidlərin ruhuna dualar oxunub.
Hafta.az xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, anım mərasimində rayon və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Diqqətə çatdırılıb ki, şəhid Cavanşir Həsənov 1992-ci il Ağdərə istiqamətində gedən döyüşlərdə itkin düşüb və nəşi 19 fevral 2026-cı il tarixində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə tapılaraq ailəsinə təhvil verilib. Daha sonra doğulduğu Balakən rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib.
Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən Müharibəsi və antiterror tədbirləri zamanı qazanılmış qələbədən, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin nəşlərinin tapılaraq ailələrinə təhvil verilməsindən və dövlətimizin bugünkü uğurlarından danışılıb.
Şəhidin məzarı önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilərək ruhuna dualar oxunub.
Şəhidin ailə üzvləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər.