1918–1920-ci illər Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm adı ilə nail olmağa cəhd edirlər. Bakı Soveti əks-inqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə hadisələr zirvə nöqtəsinə çatıb. Milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.
Hafta.az xatırladır ki, 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1.653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; qətliam həyata keçirilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1.920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.