AZ

İran Dubay limanında Küveyt tankerinə hücum edib

Zərbə nəticəsində gəmidə yanğın baş verib, hadisə PUA hücumu ilə əlaqələndirilir...

Poliqon xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə bağlı Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. Bildirilib ki, Dubay limanında dayanan neft tankerinə naməlum mərmi düşməsi nəticəsində gəmidə yanğın baş verib.

Məlumata görə, gəminin təhlükəsizlik üzrə məsul şəxsi hücumun sağ bortdan həyata keçirildiyini və zərbə nəticəsində yanğının başladığını bildirib. Hadisə zamanı ekipaj üzvləri arasında itkin düşən olmayıb və onların hamısının təhlükəsiz olduğu qeyd edilib.

Kuwait Petroleum Corporation şirkəti hücuma görə İranı ittiham edib. Şirkətin açıqlamasına əsasən, hücuma məruz qalan tanker neftlə tam yüklü olub ki, bu da potensial riskləri daha da artırıb.

Dubay hakimiyyət orqanları isə yanğının pilotsuz uçuş aparatı (PUA) zərbəsi nəticəsində baş verdiyini açıqlayıb. Bildirilib ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb olunub və alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Eyni zamanda qeyd olunub ki, şəhərdə hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyəti zamanı dörd nəfər xəsarət alıb. Hadisənin regionda onsuz da gərgin olan təhlükəsizlik vəziyyətinə əlavə təsir göstərə biləcəyi ehtimal edilir.

Ekspertlər hesab edir ki, bu cür hücumlar enerji daşımalarının təhlükəsizliyi və beynəlxalq ticarət marşrutları üçün ciddi risklər yaradır, xüsusilə də Fars körfəzi kimi strateji əhəmiyyətə malik bölgələrdə.

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr