AZ

ABŞ uranı hərbi yolla ələ keçirməyə hazırlaşır? Trampın İran planı ifşa olundu

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yaxın Şərqdə gərginlik yeni mərhələyə daxil olur. 

"AzPolitika" xəbər verir ki, "The Wall Street Journal" qəzetinin yaydığı məlumata görə, ABŞ rəhbərliyi İran ərazisində yerləşən zənginləşdirilmiş uranı ələ keçirmək üçün birbaşa hərbi müdaxilə variantını ciddi şəkildə nəzərdən keçirir.

Məlumatlara əsasən, bu plan quru əməliyyatını da əhatə edir və ABŞ hərbçilərinin birbaşa İran ərazisinə daxil olmasını tələb edir. Bu isə regionda daha genişmiqyaslı müharibə riskini kəskin şəkildə artırır.

Tramp “zorla alma” variantını gündəmdə saxlayır

Məlumata görə, Donald Trump İranın əlində olduğu ehtimal edilən təxminən 450 kiloqram yüksək səviyyədə zənginləşdirilmiş uranı strateji təhlükə kimi qiymətləndirir.

Hazırda yekun qərar verilməsə də  diplomatik danışıqlar davam edir. Ancaq hərbi müdaxilə ehtimalı masadan çıxarılmayıb

Vaşinqtonun əsas mövqeyi ondan ibarətdir ki, İran bu materialı özündə saxlamamalıdır. Diplomatiya nəticə verməzsə, güc tətbiqi ssenarisi aktivləşdirilə bilər.

Pentaqon mümkün əməliyyat variantları üzərində planlaşdırmanı davam etdirir. Ağ Ev isə bu hazırlıqların hələ yekun qərar anlamına gəlmədiyini vurğulayır.

Eyni zamanda, tərəflər arasında vasitəçilər üzərindən dolayı danışıqların davam etdiyi bildirilir.

Quru əməliyyatı necə həyata keçirilə bilər?

Mənbələrin məlumatına görə, mümkün hərbi əməliyyat aşağıdakı mərhələləri əhatə edə bilər:

-ABŞ xüsusi təyinatlı qüvvələrinin hava yolu ilə İran ərazisinə endirilməsi;

-Güclü hava hücumundan müdafiə sistemləri, raketlər və pilotsuz aparatların olduğu şəraitdə əməliyyatın icrası;

-Ərazinin ilkin olaraq təhlükəsizləşdirilməsi;

-Mühəndis bölmələrinin mina və tələləri zərərsizləşdirməsi;

-Xüsusi hazırlıqlı qrupların nüvə materialını çıxarması.

Ekspertlər qeyd edir ki, bu proses saatlarla deyil, günlərlə, hətta bir həftəyə qədər davam edə bilər.

Uranın daşınması ayrıca risk mənbəyidir

Zənginləşdirilmiş uranın təhlükəsiz daşınması əməliyyatın ən mürəkkəb hissələrindən biri hesab olunur.

Belə ki, uran xüsusi silindrlərdə saxlanılır, daşınma üçün qorunan konteynerlər tələb olunur və çoxsaylı hərbi konvoylar və logistika xətti qurulmalıdır.

Əgər uyğun hava limanı tapılmazsa, ABŞ-ın bölgədə müvəqqəti uçuş-enmə zolağı yaratmaq məcburiyyətində qala biləcəyi də istisna edilmir.

“Ən çətin əməliyyatlardan biri” ola bilər

Keçmiş ABŞ hərbi rəsmiləri bu planın həyata keçirilməsi halında son illərin ən mürəkkəb və riskli əməliyyatlarından biri olacağını bildirir.

Əsas risklər bunlar hesab olunur:

-İranın birbaşa hərbi cavabı;

-əməliyyatın uzanması;

-genişmiqyaslı müharibəyə keçid ehtimalı.

Bu faktorlar regionda vəziyyəti nəzarətdən çıxara bilər.

ABŞ üçün ən az riskli variant İranın uranı könüllü şəkildə təhvil verməsidir. Tarixdə oxşar hallarda nüvə materiallarının diplomatik razılaşmalar əsasında çıxarıldığı nümunələr mövcuddur.

Elman

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
azpolitika.info

1Mənbələr