AZ

Hər addımı ümid, hər qarışı zəfərdir — Həsrətdən dirçəlişə

Qarabağ bu gün təkcə coğrafi məkan kimi deyil, həm də milli iradənin, siyasi qətiyyətin və böyük qayıdış idealının canlı təcəssümü kimi yenidən qurulur. Uzun illərin dağıntılarından sonra bölgədə aparılan bərpa və yenidənqurma işləri artıq yeni keyfiyyət mərhələsinə keçərək yalnız infrastrukturun bərpasını deyil, bütövlükdə sosial-iqtisadi həyatın dirçəldilməsini hədəfləyir. Müasir şəhər və kənd modellərinin formalaşdırılması, dayanıqlı iqtisadi fəaliyyətin təşkili və ən əsası, insanların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli dönüşünün təmin olunması bu prosesin əsas mahiyyətini təşkil edir.


Məhz mövcud vəziyyətin və perspektivlərin daha ətraflı dəyərləndirilməsi məqsədilə Moderator.az bir sıra mühüm suallarla Milli Məclisin deputatı Vüqar Bayramova müraciət edib.


Deputat Qarabağda həyata keçirilən bərpa və yenidənqurma prosesinin hazırkı mərhələsindən, Eyni zamanda, qarşıda duran əsas çağırışlar və prioritet barədə məlumat verib.

Vüqar Bayramov bildirib ki,  Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurması eyni zamanda intensiv məskunlaşma Azərbaycanda həyata keçirilən siyasətin ana xətlərindəndir:

"Böyük zəfərdən sonra Qarabağ və Zəngəzurun bərpasına 22 milyard manatdan çox vəsait yönəldilib və artıq işğaldan azad olunmuş ərazilərimizdə 75 mindən çox vətəndaşımız yaşayır və işləyir. Eyni zamanda 30 mindən artıq vətəndaşımız daimi olaraq məskunlaşıb və ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərimizdə yaşayan vətəndaşlarımızın sayının 150 mindən çox olacağı gözlənilir. Bu isə göstərir ki, intensiv məskunlaşma siyasəti daha çox vətəndaşlarımızın Qarabağ və Şərqi Zəngəzurda işlə təmin olunmasına, təhsil almasına və daimi məskunlaşmasına imkan yaradır.
Uzun müddət Ermənistan işğalı altında qalan və tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub".

Deputat həmçinin Qarabağın iqtisadi potensialına da toxunub:

"İlkin qiymətləndirmələr göstərir ki, buranın iqtisadi potensialı, yəni yarada biləcəyi yeni dəyər 15 milyard manatdan çoxdur. Bu o deməkdir ki, yaxın dövrlərdə Qarabağ Azərbaycan iqtisadiyyatına 15 milyard manatdan artıq yeni dəyərin əlavə olunması gətirib çıxaracaq.
Bu kontekstdə, təbii ki, məskunlaşma və quruculuqla yanaşı, Qarabağ iqtisadiyyatının ölkənin ümumi iqtisadi inkişafında əsas rol oynayan bölgələrdən birinə çevrildiyini müşahidə edirik".

Qarabağda bərpa və quruculuq işləri təkcə keçmişi bərpa etmir, həm də gələcəyin təməlini qoyur. Bölgədə yeni məktəblər, xəstəxanalar və sosial infrastruktur layihələri sakinlərin həyat keyfiyyətini yüksəldir, iqtisadi canlanmanı təmin edir. Hazırda minatəmizləmə işləri ilə təhlükəsiz ərazilər yaradılır və Böyük Qayıdış proqramı çərçivəsində daha çox ailənin öz doğma yurduna dönməsi planlaşdırılır.
Eyni zamanda, tarixi və mədəni irsin bərpası Qarabağın yalnız fiziki yox, mənəvi dirçəlişini də simvolizə edir. Yerli əhalinin və dövlətin birgə səyi nəticəsində bölgə iqtisadi, sosial və mədəni baxımdan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu proses, eyni zamanda, Azərbaycanın quruculuq siyasətinin uğurlu nümunəsi kimi dünyaya mesaj verir. Hər qarış torpaq, evlər və abidələr gələcəyin əbədi zəmanətidir.

Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.

Seçilən
26
2
moderator.az

3Mənbələr