AZ

Sürücülər üçün kabus yol: Bakı–Ələt–Astara magistralı niyə bu haldadır? - VİDEO

Azərbaycanın əsas nəqliyyat arteriyalarından biri olan Bakı–Ələt–Astara magistral yolu ilə bağlı narahatedici vəziyyət yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, sürücülərin sözlərinə görə, paytaxt Bakı ərazisindən çıxan kimi yolun böyük hissəsi demək olar tam qaranlığa qərq olur.

Mövcud işıq dirəkləri isə bir çox hallarda gecə saatlarında işləmir. Bu da hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır – dönmələr, digər avtomobillər, piyadalar və yoldakı maneələr vaxtında görünmür.

Martın 29-da sosial şəbəkələrdə yayılan görüntülər isə vəziyyətin yalnız işıqlandırma ilə məhdudlaşmadığını göstərir. Belə ki, Nəvahi qəsəbəsi ərazisindən keçən hissədə yol örtüyü kəskin şəkildə yararsız hala düşüb. Dərin çuxurlar səbəbindən Bakıya doğru hərəkət edən ən azı 15 avtomobilə ziyan dəydiyi bildirilir.

Sürücülər qeyd edir ki, həmin ərazidə təkər və disklərin zədələnməsi artıq adi hala çevrilib. Onların sözlərinə görə, yolun bu vəziyyətdə olması illərdir davam edir. Xüsusilə gecə saatlarında zəif görünüş şəraiti səbəbindən çuxurları vaxtında görmək və onlardan yayınmaq demək olar ki, mümkünsüz olur.

Problemin fonunda alternativ həll yolları da müzakirə olunur. Mütəxəssislər və sürücülər günəş enerjisi ilə işləyən işıqlandırma sistemlərinin tətbiqini təklif edirlər. Bu cür texnologiya həm enerji sərfiyyatını azalda, həm də gecə vaxtı yol təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıra bilər.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
7
1
musavat.com

10Mənbələr