ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun və oğlu Anar Mahmudovun “Dolçasaray” MMC-yə (keçmiş MTK) qarşı mənzil iddiaları, bəzi məhkəmə hakimlərinin onların təzyiqlərinə davam gətirə bilməməsi olduqca paradoksal vəziyyət yaradıb. Söhbət sadəcə hüquqi mübahisədən deyil, 6 ildən artıqdır MMC-dən aldıqları mənzillərdə körpə uşaqları ilə yaşayan 3 ailənin zorla küçəyə atılması cəhdindən gedir.
“Dolçasaray” MMC-dən “AzPolitika”ya verilən məlumata görə, 2006-cı ilin sentyabr ayında keçmiş nazir Eldar Mahmudovun adından bir mülki şəxs Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 96 ünvanında yerləşən “Dolçasaray” MTK-nın ofisinə gələrək, MTK-da tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında əvəzləşmə və ya nağd ödəniş yolu ilə mənzil alacaqlarını bildirib, imzalanmış və möhürlənmiş müqavilə blanklarını götürüb gedib. Bir neçə gün sonra isə tikinti layihəsinə uyğun olmayan ölçülər yazılmış, əvvəl Eldar Mahmudovun yaxın qohumu Fərhad Məlikovun, sonradan isə oğlu Anar Mahmudovun adına tərtib edilmiş müqavilələri MTK-ya təqdim ediblər, lakin heç bir ödəniş edilməyib.
Rəsmi sənədlər (ödəniş çekləri, mədaxil orderləri) olmadığından MTK tərəfindən onlara payçı olmalarına dair heç bir sənəd, ödəniş çeki və ya protokoldan çıxarış verilməyib.
MMC-dən bildirilib ki, burada qanun pozuntusu açıq-aydın görünür: “Ortada nə bir bank çeki var, nə mədaxil orderi, nə də rəsmi ödəniş protokolu. Heç bir ödəniş etmədən mənzil iddiası qaldırmaq və şirkətdən payçı sənədi tələb etmək hüquqi deyil, açıq-aşkar mənimsəmə cəhdidir. Görünür, Eldar Mahmudovun ‘dövründə’ tikinti şirkətlərindən bu yolla pulsuz mənzillər əldə etmək geniş yayılmış praktikalardan birinə çevrilib”.

Müraciətdə daha sonra bildirilir ki, 2015-ci ildə Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan və MTK tərəfindən dəfələrlə edilən xəbərdarlıqlardan sonra Anar Mahmudovun nümayəndələri heç bir ödəniş edilmədiyi üçün həmin mənzillərdən imtina etdiklərini bildiriblər. Lakin Anar Mahmudov imtina etdiyi mənzillərə dair müqavilələri geri qaytarmayıb. Buna görə də 29 iyul 2020-ci il tarixində “Dolçasaray” MMC-nin müraciəti əsasında Yasamal Rayon Məhkəməsi “Dolçasaray” MTK ilə Anar Mahmudov arasında bağlanmış mənzillərə dair müqavilələrin ləğv olunması barədə qətnamə qəbul edib. Qətnamə qanuni qüvvəyə mindikdən 2 ay sonra həmin mənzillər başqa vətəndaşlara satılıb. Vətəndaşlar mənzillərini təmir edib binada yaşamağa başlayıblar.
Lakin 2021-ci ilin fevral ayında – 7 ay sonra Anar Mahmudovun nümayəndəsi Cavid Rzazadə Səbail Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edib. O, rəsmi ödəniş qrafiki, ödəniş çekləri, MTK protokolundan çıxarış və mənzillərin təhvil-təslim aktı olmamasına baxmayaraq, dəqiq yeri və sahəsi bilinməyən mənzillərin Anar Mahmudova qaytarılması barədə iddia qaldırıb.
Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi ödənişləri təsdiq edən sənədlər olmadığından iddianı təmin etməyib. Lakin Ali Məhkəmə, əvvəlki instansiyaların mövqeyini nəzərə almadan, 2023-cü ildə məlum olmayan səbəbdən mənzillərlə bağlı Anar Mahmudovun xeyrinə qərar verib və iş icraya yönəldilib.
Səbail Rayon İcra Şöbəsinin yerində apardığı araşdırma nəticəsində məlum olub ki, “Dolçasaray” MMC-yə məxsus binanın 14-cü mərtəbəsində iddia edilən ölçüdə mənzillər mövcud deyil. Bundan sonra Anar Mahmudovun nümayəndəsi yenidən məhkəməyə müraciət edib. 2024-cü ilin oktyabr ayında keçirilən baxış zamanı məhkəmə Memarlıq və Şəhərsalma İdarəsinin layihə sənədlərini və FHN-in rəyini əsas götürərək həmin mənzillərin mövcud olmadığını təsdiqləyib. Bakı Apellyasiya Məhkəməsi 2025-ci ildə bu qərarı qüvvədə saxlayıb.

Buna baxmayaraq, 2025-ci ildə Anar Mahmudov yenidən məhkəməyə müraciət edərək mənzillərin boşaldılmasını tələb edib. Səbail Rayon Məhkəməsi əvvəlki mövqeyində qalaraq bu iddianı da təmin etməyib.
Müraciətdə qeyd olunur ki, Apellyasiya Məhkəməsində işə sədrlik edən hakim Məmməd Məmmədov əvvəlcə aşağı instansiyaların mövqeyini düzgün hesab etsə də, son iki iclasda qəfil mövqeyini dəyişərək Anar Mahmudovun iddiasını təmin edib.
“Biz hesab edirik ki, ədalət 6 il əvvəl qanuni qaydada mənzilləri almış və hazırda orada yaşayan, körpə uşaqları olan 3 ailəni evlərindən çıxarmaq deyil, əksinə, zərurət yaranarsa, Mahmudovların MMC-yə təzminat ödəməsi barədə qərarın verilməsi olardı. Axı 2025-ci ilin sentyabrında həmin Apellyasiya Məhkəməsi bu mənzillərin mövcud olmadığını təsdiqləmişdi”, – müraciətdə bildirilir.
Müraciət müəllifləri daha bir məsələyə də toxunurlar: “24 fevral 2026-cı il tarixində Anar Mahmudovun nümayəndəsi Cavid Rzazadə Apellyasiya Məhkəməsinə müraciət edərək bildirib ki, guya ‘Dolçasaray’ MMC tərəfindən onunla məxfi görüş keçirilib və ona rüşvət təklif olunub. Əksinə, bu görüş onun təşəbbüsü ilə baş tutub və o, müəyyən məbləğ qarşılığında məhkəmələri bilərəkdən uduzacağına söz verib”.
“Dolçasaray” MMC rəhbərliyi məhkəmə orqanlarında hələ də Eldar Mahmudovun gizli himayədarlarının olmasından narahatdır. Bildirilir ki, bəzi şəxslər 3 ailəni qanuni şəkildə aldıqları mənzillərdən çıxarmağa və bu mənzilləri Anar Mahmudova verməyə çalışırlar.
Sonda vurğulanır ki, məsələ ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunub və ümid edilir ki, vətəndaşların qanuni hüquqları qorunacaq.
“Dolçasaray” MMC rəhbərliyi bildirir ki, əgər Anar Mahmudov və ya Fərhad Məlikov mənzillərin alınmasına dair rəsmi ödəniş sənədlərini təqdim etsələr, MMC həmin məbləği geri qaytarmağa hazırdır.
“Əminik ki, Ali Məhkəmə bu işə baxarkən ədalətli qərar qəbul edəcək. Biz və mənzillərin qanuni sahibləri olan 3 ailə yalnız ədalət gözləyirik”, – deyə müraciətdə qeyd olunur.
Müraciətdə qeyd olunanlarla bağlı Anar Mahmudovun və adı çəkilən digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.
Rasim Əliyev
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.