Rusiyanın Rostov-na-Donu şəhərində Erməni Apostol Kilsəsinin və Bütün Ermənilərin Katolikosu II Qareginin dəstəyi ilə toplantı keçirilib. Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, tədbir Ermənistanda din xadimlərinə dəstək üçün təşkil olunub. Kilsənin ruhani pastoru Harutyun Terteryanın sözlərinə görə, diasporda yaşayan ermənilər Ermənistanda baş verən hadisələri diqqətlə izləyir. Onun sözlərinə görə, kilsəyə münasibət onları narahat edir. O, belə vəziyyətdə ruhanilərin iştirakının və dindarların dəstəyinin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, İrəvanda Müqəddəs Anna kilsəsində baş verən insidentlə bağlı Ermənistan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (xuliqanlıq) və 452-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsin qanuni xidmət və ya siyasi fəaliyyətinə müdaxilə) üzrə cinayət işi açılıb. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvandakı Müqəddəs Anna kilsəsində keçirilən ibadət zamanı insident baş verib. Baş nazir məbəddən çıxaraq ibadətə gələnlərin arasından keçdiyi anda onlardan biri narazı şəkildə mühafizəçiyə “mənə belə baxmağa cəsarət etmə” deyə müraciət edib, arxadan isə başqa bir şəxs Nikol Paşinyanı vurmağa cəhd göstərib.
Paşinyan hakimiyyətə gələndən sonra kilsə ilə yolları toqquşub. Hökumət başçısı II Qaregini istefa verməyə çağırıb. Eyni zamanda, bir neçə kilsə xadimi həbs olunub. Baş nazir kilsədədəki bəzi qüvvələri “KQB” agenti olmaqda ittiham edib. Hətta bu yaxınlarda etdiyi çıxışda onların üçüncü ölkənin təsiri altında olduqlarını bildirib. Bu da işarənin Rusiyaya verildiyini açıq-aydın göstərir. Hətta rəsmi Moskvanın sözçüsü Mariya Zaxarova bu açıqlamaya reaksiya verib. İndisə Ermənistanda hökumətlə kilsə arasında gərginliyin artdığı vaxtda Rusiyada belə bir toplantının keçirilməsi ondan xəbər verir ki, Moskvadakı anti-Paşinyan dairələri İrəvanı seçki ərəfəsində qarışdırmağa çalışır və dəstək tədbirlərinin təşkili də buna hesablanıb. Təsadüfi deyil ki, II Qareginə və kilsənin revanşist qruplarına məhz Rusiya siyasi dəstəyi verməkdədir. Ona görə də Paşinyanın ittihamları və Rostov-na-Donu şəhərində keçirilən tədbir ünvanlıdır...
Emil Salamoğlu
Musavat.com