Bavariya əhalinin mühafizəsi üzrə müstəqil regional idarə təsis etməyi planlaşdırır. Bununla da Bavariya Almaniyada belə bir qurum yaradan ilk əyalət olur.
“İki sahil” “Berliner Zeitung” qəzetinə istinadla xəbər verir ki, aprelin ortalarından etibarən yaradılacaq qurumun məqsədi Avropada mümkün silahlı münaqişələrin nəticələrindən əhalinin qorunması, böyük fəlakətlərə və böhranlara qarşı davamlılığın gücləndirilməsidir. Bavariyanın daxili işlər naziri Yoaxim Herman bu addımı əyalətin böhranlara davamlılığının gücləndirilməsi zərurəti ilə əsaslandırıb.
Yeni qurumun iki əsas fəaliyyət istiqaməti olacaq. Onlardan biri 2024-cü ilin yazında baş vermiş güclü daşqın kimi irimiqyaslı fövqəladə hallara daha çevik reaksiya mexanizmlərinin yaradılmasıdır. Digəri isə mülki müdafiə sahəsində yeni institusional strukturların formalaşdırılmasıdır. Fövqəladə vəziyyətlər zamanı yanğınsöndürmə xidmətləri, polis, Qırmızı Xaç və digər mülki yardım təşkilatlarının üzvləri də daxil olmaqla 450 minə qədər şəxsi heyətin cəlb olunması nəzərdə tutulur.