ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Yel Universitetinin Humanitar Tədqiqatlar Laboratoriyası Rusiya dövlət korporasiyalarının Ukraynanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyətlərdə iştirakı ilə bağlı şok hesabat yayıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, martın 25-də təqdim olunan hesabatda Rusiyanın enerji nəhəngləri olan “Qazprom” və “Rosneft” şirkətlərinin minlərlə ukraynalı uşağın zorla köçürülməsində və siyasi ideoloji təsirə məruz qalmasında (indoktrinasiya) birbaşa iştirak etdiyi iddia olunur.
Ukraynalı uşaqların köçürülməsi və indoktrinasiyasında "Qazprom" və "Rosneft"in rolu" adlı sənəddə qeyd olunur ki, 2022-2025-ci illər ərzində bu şirkətlər və onların törəmə müəssisələri azı 2158 ukraynalı uşağın deportasiyasına şərait yaradıb. Tədqiqatçılar Rusiya daxilində və işğal olunmuş ərazilərdə 6 xüsusi düşərgə müəyyən ediblər ki, onların bir hissəsi birbaşa "Qazprom"un balansındadır.
Laboratoriyanın icraçı direktoru Nataniel Reymond məsələnin ciddiyyətini belə şərh edib: "Qazprom" və "Rosneft" Prezident Putinin uşaqların deportasiyası və ideoloji işlənməsi üzrə həyata keçirdiyi genişmiqyaslı kampaniyanın əsas elementləridir".
Hesabata görə, Donetsk, Luqansk və Zaporojye vilayətlərindən gətirilən uşaqlar bu düşərgələrdə rusyönümlü təbliğata məruz qalır, bəzi hallarda isə "vətənpərvərlik tərbiyəsi" adı altında hərbi təlimlərə cəlb olunurlar. Tədqiqatçı Peyc Farrenkopf bildirib ki, bu fəaliyyətlər hətta 2025-ci ilin yayına qədər davam edib.
Məlumata görə, şirkətlərin həmkarlar ittifaqları uşaqların daşınmasını təşkil edir, onlara düşərgələrə yollayış vərəqələri verir və ukraynalı kimliyini sıradan çıxarmağa yönəlmiş proqramları maliyyələşdirirlər.
Hesabatın ən diqqətçəkən məqamlarından biri də sanksiyalarla bağlıdır. Tədqiqat göstərir ki, bu qanunsuz proseslərdə iştirak edən 44 təşkilatın 80 faizi hazırda nə ABŞ, nə də Avropa İttifaqının sanksiyalar siyahısında deyil.
Stenford Universitetinin analitikləri isə xəbərdarlıq edirlər ki, ABŞ-ın bəzi sanksiyaları müvəqqəti yumşaltması "Rosneft" kimi şirkətlərə gəlir əldə etməyə imkan verir. Tədqiqatçı Rut Gibson vurğulayır ki, bu pullar dolayısı ilə uşaqların zorla köçürülməsini maliyyələşdirən qurumların cibinə gedir.
Yel Universitetinin ekspertləri əldə olunmuş sübutları artıq ABŞ Konqresinin hər iki palatasına və Donald Tramp administrasiyasına təqdim ediblər. Bildirilir ki, bu faktlar Beynəlxalq Cinayət Məhkəməsinin Vladimir Putin və Mariya Lvova-Belova barəsində çıxardığı həbs qərarını dəstəkləyən yeni və mühüm sübutlar ola bilər.
İlk dəfədir ki, uşaqların deportasiyası məsələsində Rusiyanın dövlət korporasiyalarının rolu bu qədər detallı şəkildə ifşa olunur.
“AzPolitika.info”
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.