AZ

Hörmüz boğazı ətrafında PSİXOLOJİ SAVAŞ Siyasi bəyanatlar qiymətləri necə dəyişir?

Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında Son həftə qlobal enerji bazarları həm geosiyasi təzyiqin, həm də informasiya axınlarının təsiri altında qəribə bir “ikili reallıq” şəraitində fəaliyyət göstərdi.

 

MÖVZU İLƏ BAĞLI:Neft treyderləri sərbrsizliklə aprelin 6-nı gözləyir - Həmin gün nə baş verəcək?

Qeyri-müəyyənlik şəraitində ticarətBir tərəfdən, dünya mediasında Yaxın Şərqdə vəziyyətin kritik həddə çatdığı, xüsusilə Hörmüz boğazının faktiki olaraq bağlandığı barədə ritorika üstünlük təşkil edirdi. Digər tərəfdən isə real ticarət axınları göstərirdi ki, bazar tam iflic olmayıb və müəyyən həcmdə enerji daşımaları davam edir.Həftə ərzində bazarın əsas psixoloji faktorlarından biri siyasi bəyanatlar idi. Xüsusilə Donald Tramp kimi fiqurun enerji qiymətləri və müharibə riskləri ilə bağlı açıqlamalarını göstərmək mümkündür. Maraqlıdır ki, ictimaiyyətin və ekspertlərin bir hissəsi bu bəyanatlara skeptik yanaşsa da, amma onların bazara təsiri kifayət qədər “sakitləşdirici” oldu. Amma qısa dövr üçün. Nəticədə, həftənin əvvəlində müşahidə olunan neftin kəskin qiymət artımı (114 dollar) həftə içi müəyyən qədər yumşalsa da (96 dollaradək ucuzlaşma), həftəni yenidən xeyli bahalı qiymətlərlə (112,57 dollar) başa vurdu.

 

Bununla yanaşı, Trampın qəhrəmancasına “İran hədiyyəsi”ndən danışması, 8 tankerin və 2 yük gəmisinin Hörmüz boğazından keçməsini ictimailəşdirməsi KİV-lərdə və rəsmi bəyanatlardakı “bağlı boğaz”  təsvirinə də ciddi korrektə verdi. Bu isə o deməkdir ki, bazar iştirakçıları daha çox real fiziki çatışmazlıqdan çox, psixoloji və spekulyativ təzyiq altında qərar qəbul edirlər.

Digər mühüm istiqamət gübrə bazarlarıdır. Təbii qaz qiymətlərindəki artım azot gübrələrinin maya dəyərini yüksəldir və bu, artıq qlobal ərzaq bazarına ötürülməyə başlayır. Fermerlər üçün xərclərin artması yaxın aylarda kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir göstərəcək. Beləliklə, enerji bazarındakı gərginlik tədricən daha geniş iqtisadi sahələrə yayılır və inflyasiya təzyiqlərini gücləndirir.Gələn həftəyə baxış isə yenə də qeyri-müəyyənliklərlə doludur. Əsas sual Hörmüz boğazında faktiki vəziyyətin necə inkişaf edəcəyi ilə bağlıdır. Əgər hazırkı kimi məhdud, lakin davamlı daşımalar saxlanılarsa, bazar nisbətən sabitləşə bilər. Lakin hər hansı yeni hərbi eskalasiya və ya logistika zəncirində qırılma qiymətlərin yenidən kəskin artımına səbəb ola bilər.Azərbaycanın yeni enerji obyektiBu həftə Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil oldu. Çünki elə bir hadisənin şahidi olduq ki, indiyə qədər nəinki Cənubi Qafqazda, heç postsovet məkanında onun bənzəri olmayıb.Martın 25-də Azərbaycan Prezidenti İlham Əliyev "AzərEnerji" ASC-nin "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi. Verilən məlumata görə, "AzərEnerji" ASC-nin 100% daxili maliyyə imkanları hesabına iki əsas yarımstansiyada - 500 kV-luq "Abşeron" və 220 kV-luq "Ağdaş" yarımstansiyalarının ərazilərində ümumi gücü 250 MVt, enerji tutumu isə 500 MVt/saat olan böyük enerji saxlanc mərkəzləri yaradılıb.Layihə çərçivəsində "Abşeron" Batereya Enerji Saxlanc Mərkəzinin ərazisində 50 akkumulyator batareya və 13 invertor konteyneri quraşdırılıb. Beynəlxalq məsləhətçi şirkətlərin - ABŞ-nin TETRA Tech və Türkiyənin EPRA şirkətlərinin apardıqları araşdırma Azərbaycanda təxminən 1 850 MVt gücündə bərpaolunan enerji mənbələrinin təhlükəsiz şəkildə enerji sisteminə qoşulması üçün bu cür batareya sistemlərinin yaradılmasının zəruri olduğunu göstərib.Bu enerji mərkəzi nəyə lazımdır?Sadə dildə ifadə etsək, Batereya Enerji Saxlanc Mərkəzi elektrik enerjisini yığan və saxlayan, lazım olan anda isə şəbəkəyə geri ötürməyə imkan verən böyük həcmli batareyalardan ibarət bir kompleksdir. Bakı yaxınlığında istifadəyə verilən Batareya Enerji Saxlanc Mərkəzi çevikliyi ilə seçilir. Belə ki, Mərkəz 2 saat ərzində enerji ilə tam doldurula və ya boşaldıla bilər. Artıq enerji, o cümlədən günəşli saatlarda istehsal olunan enerji burada toplanır və pik saatlarda - enerjiyə tələbat artan zaman avtomatik olaraq şəbəkəyə verilir.

 

Onu deyim ki, enerjiyə tələbat gün ərzində bərabər olmur, səhər iş öncəsi əksər insanlar oyanan zaman və iş yerlərinə gəlib avadanlıqları işə saldıqları zaman, həmçinin axşamlar işdən sonrakı dövrdə enerjinin istehlakının pik saatları olur. Onu qarşılamaq üçün isə Azərbaycanda bir qayda olaraq istilik elektrik stansiyaları daha böyük gücdə elektrik enerjisi istehsal etməyə başlayır. Bunun üçün isə daha çox təbii qaz yandırılır ki, lazım olan tələbatı ödəmək mümkün olsun.

Hələ yaxşı ki, bizim yeraltı qaz anbarlarımız var və ordan alınan əlavə həcmlərlə istilik elektrik stansiyalarının enerji tələbatı ödənilir. Amma bunun özü də enerji sərfiyyatını artırır. Niyə? Çünki “Qaradağ” və “Qalmaz” kimi yeraltı anbarlardan qazın çıxarılması kompressorların hesabına baş verir, onların işləməsi özü də enerji tələb edir.  Ona görə də Batereya Enerji Saxlanc Mərkəzinin olması təkcə enerjini yığıb saxlamaq və ehtiyac yarandığı təqdirdə onun istehlakçılara yönəldilməsi deyil. Belə Mərkəzin tətbiqi enerji şəbəkəsinə bir sıra üstünlüklər verir. Məsələn, pik saatlarda elektrikə tələbat daha rahat qarşılanır, günəş və külək enerjisindəki fasilələrin təsiri azalır, enerji sisteminin sıfırdan bərpası mümkün olur.Bir sözlə, belə bir enerji obyektinin yaradılması Azərbaycanın enerji sistemini daha müasir, çevik və dayanıqlı edir. İstifadəyə verilən Mərkəzin əhəmiyyətini bir cümlə ilə fadə etsək, deyə bilərik ki, bu, sadəcə yeni bir enerji obyekti deyil - bu, gələcək enerji sisteminin mükəmmək işləyəcəyinin nümunəsidir və ölkəmizin enerji sisteminin real təhlükəsizlik yastığıdır.Artan enerji istehlakı“Azərenerji”nin proqnozlarına əsasən, Azərbaycanda elektrik enerjisi istehlakının 2032-ci ilədək təxminən 17 faiz artacağı proqnozlaşdırılır. Əgər nəzərə alsaq ki, ötən il Azərbaycanda istehsal edilən əmtəəlik elektrik enerjisinin həcmi 26 mlrd kVt/saat olub və bunun da təqribən 1 mlrd kVt/saatı ixrac edilib, onda istehlakın 29 mlrd kVt/saatı ötməsi gözlənilir.Həmin dövrədək Azərbaycanda 8 GVt bərpa olunan enerji mənbəli güclər yaradılacaq. Yaşıl enerjinin Qara dəniz kabeli, regional enerji dəhlizləri və digər layihələr vasitəsilə Avropa bazarlarına ixracı əsas hədəfdir. “Azərenerji” hesab edir ki, Qara dənizin dibi ilə çəkiləcək  yüksək gərginlikli kabel vasitəsi ilə Azərbaycanın 1300 MVt yaşıl enerji ötürmə imkanı olacaq.İtaliya Azərbaycandan əlavə qaz istəyirHazırda qlobal bazarda artan enerji böhranı fonunda İtaliyanın energetika naziri Gilberto Piçetto Fratin bu yaxınlarda Yaxın Şərqdəki vəziyyətə görə Qətərin qaz ixracını dayandırılması fonunda ölkəsinin qaz təchizatını təmin etmək üçün ABŞ, Azərbaycan və Əlcəzairlə danışıqlar apardığını açıqlayıb.

 

Necə deyərlər, 2022-ci ildə Avropanın Rusiya-Ukrayna müharibəsinin başlaması nəticəsində qəfildən enerji zəncirində yaranan problemləri düz 4 il sonra yenidən yaşamalı olur. Və Avropadan baxışlar yenə də istər-istəməz Azərbaycana yönəlməkdədir. Yeri gəlmişkən, İtaliya hazırda Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya tədarük edilən Azərbaycan qazının ən böyük alıcısıdır.

Keçən il İtaliya TAP boru kəməri vasitəsilə 9,6 milyard kubmetrdən çox qaz idxal edib ki, bu da İtaliyanın ümumi qaz istehlakının 15%-dən bir qədər çoxunu təşkil edir. Qeyd etməliyəm ki, İtaliya Azərbaycan qazının ixracı üçün kommersiya baxımından Avropada ən cəlbedici bazar hesab edilir. Əgər rəsmi statistikaya müraciət etsək, ötən il İtaliyaya ixrac edilən Azərbaycan qazının 1000 kubmetrinin orta ixrac qiyməti 475,3 dollar təşkil edib. Bu da illik müqayisədə 61,1 dollar və ya 14,8% bahalaşma deməkdir.Azərbaycanın qaz ixracı imkanıİndi qayıdaq “Azərbaycan bu il İtaliyaya qaz ixracını artıra bilərmi” məsələsinə. Qısa olaraq onu demək mümkündür ki, ötən illə müqayisədə bəli, həcmləri artıra bilərik. Amma artımın hansı səviyyədə olması bir sıra amillərdən asılıdır.Əvvəla, Dövlət Statistika Komitəsinin məlumatına nəzər yetirsək, görərik ki, 2026-cı ilin yanvar-fevral aylarında əmtəəlik qaz hasilatının həcmi 3% artaraq 6,5 milyard kubmetrə çatıb. Bu isə o deməkdir ki, Azərbaycan qaz ixracı yalnız istehsalın artması hesabına da gerçəkləşdirmək potensialı var.Lakin bu il qaz ixracının artması üçün başqa bir imkan da yaranacaq: Azərbaycan külək və günəş enerji mənbələri hesabına elektrik enerjisi istehsalını 1 milyard kVt/saatdan çox  artırmağı planlaşdırır. Təkcə “Xızı-Abşeron” külək elektrik stansiyası hesabına təbii qazın qənaəti ildə 220 milyon kubmetr gözlənilir. “Qaradağ” günəş elektrik stansiyası üzrə qənaət isə 110 mln kubmetr dəyərləndirilir. Yəni təkcə bu iki yaşıl mənbəli elektrik stansiyasının tam gücü ilə işləməsi nəticəsində 330 mln kubmetr qazı Azərbaycan xarici bazarlara yönəltmək imkanı əldə edə bilər. 

 

Digər amil kimi iqlimin rolu da var. Bu qış və yazın ilk ayı ölkəmizdə yağıntı nəzərə çarpacaq dərəcədə artıb. Bu baxımdan cari il su elektrik stansiyalarında elektrik istehsalının artımı daha 100 milyon kubmetrə qədər qaz qənaətinə də imkan yarada bilər.

Dördüncü amil isə sırf marketinqə bağlıdır. Yəni Azərbaycan bəzi ölkələrdə qaz satışı həcmini azaltmaqla yaranan azad həcmləri digərlərinə yönəltməklə tədarükünü yenidən bölüşdürə bilər. Azərbaycan qazının bəzi alqı-satqı  müqavilələrində bir-sıra yumşaq şərtlər var ki, bu da Bakıya qaz ixracında müəyyən qədər çeviklik və manevr qabiliyyəti nümayiş etdirməyə imkan verir.Bu baxımdan da düşünürəm ki, dünyada yaşanan təlatümlü dövrdə Azərbaycan stabil bir coğrafi məkan və zamanında yaratdığımız yol-nəqliyyat və enerji infrastrukturu hesabına hələ çox ölkələrin dadına çatacaq.   Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
bizim.media

10Mənbələr