ain.az bildirir, Bizim media portalına istinadən.
Son illərdə əhali arasında autoimmun xəstəlikləri xeyli artıb. Bu xəstəliklər arasında qalxanabənzər vəz xəstəliklərinə, xüsusilə də autoimmun mənşəli Haşimoto xəstəliyinə daha çox rast gəlinir. Bir çox insanlar xalq arasında zob deyilən bu xəstəlik haqqında bəzi məlumatları doğru hesab etsə də, əslində bu mövzuda cəmiyyətdə kifayət qədər yanlış təsəvvürlər mövcuddur.
Xüsusilə də zob xəstəliklərinin yod çatışmazlığından yarandığını düşünürlər. Halbuki bəzi hallarda, xüsusilə Haşimoto zobu zamanı yodun artıqlığı xəstəliyin gedişinə mənfi təsir göstərə bilər. Hətta dənizkənarı bölgələrdə yaşayan insanlarda bəzi əlavə risklər ola bilər. Çünki dəniz suyunun buxarlanmasında, eləcə də balıq və digər dəniz məhsullarında yod miqdarı daha yüksək olur. Yodun həddindən artıq qəbulu qalxanabənzər vəzə qarşı autoimmun reaksiyanı artıra və Haşimoto xəstəliyini ağırlaşdıra bilər.
Maraqlıdır ki, statistikaya görə Haşimoto zobuna qadınlarda daha çox rast gəlinir.Bunun səbəbini endekrinoloq Afət Hüseynova Bizim.Media-ya belə izah etdi ki, bu, qadınlardakı hormonal xüsusiyyətlər, immun sisteminin fərqli fəaliyyəti və genetik amillərlə əlaqəlidir.“Statistikaya görə Haşimoto qadınlarda kişilərə nisbətən 7-10 dəfə daha çox müşahidə olunur. Qadın hormonları, xüsusilə estrogen immun sisteminin fəaliyyətinə təsir edir. Bu da autoimmun xəstəliklərin qadınlarda daha tez yaranmasına səbəb ola bilər. Qadınlarda iki X xromosomu var və immun sistemi ilə bağlı bir çox gen məhz bu xromosomda yerləşir. Bu isə immun reaksiyaların daha aktiv olmasına səbəb ola bilər. Bundan başqa hamiləlik, menopauza dövründə də hormonların dəyişməsi qalxanabənzər vəzin fəaliyyətinə təsir edə bilər”.Şəfiqə Şəfa, Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.