AZ

Konfutsi İnstitutunun direktoru: Çin Azərbaycan üçün etibarlı tərəfdaşdır 

Azərbaycan Prezidenti İlham Əliyevin və Çinin Sədri Si Cinpinin strateji rəhbərliyi ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bu günədək siyasi, iqtisadi və humanitar sahələrdə dinamik inkişaf edən ikitərəfli əlaqələr hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.AZƏRTAC xəbər verir ki, bu fikirləri Sinxua agentliyinə müsahibəsində çinşünas alim, Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bildirib.O xatırladıb ki, Ümummilli Lider Heydər Əliyev hələ 1994-cü ildə Çinə tarixi səfəri zamanı bu ölkənin iqtisadiyyatının modernləşmə modelinin əhəmiyyətini qeyd etmişdi. R.Abbasov iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafının müsbət dinamika nümayiş etdirdiyini vurğulayıb. Belə ki, ötən il Çin ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4,87 milyard ABŞ dollarına çatıb, 2026-cı ilin yanvar ayında isə 420 milyon dollar təşkil edib. Bununla da Çin Azərbaycanın ən böyük ticarət tərəfdaşları sırasında üçüncü yerə yüksəlib. Hazırda Azərbaycanda Çin kapitalı ilə fəaliyyət göstərən 350-dən çox müəssisə “yaşıl” enerji, avtomobil istehsalı, informasiya-kommunikasiya texnologiyaları, tikinti materiallarının istehsalı və pərakəndə ticarət sahələrində layihələr həyata keçirir. Çin Azərbaycanla bu ölkənin modernləşmə təcrübəsini paylaşmağa, süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinə, Azərbaycanın sənaye və kənd təsərrüfatı məhsullarının Çin bazarına çıxarılmasına, investisiya əməkdaşlığının genişləndirilməsinə hazırdır. Çin və Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində də əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə dəmir yolu ilə yükdaşımaların həcmi ildən-ilə artır ki, bu da regional iqtisadi inkişafın təmin olunmasına və qlobal istehsal-ticarət zəncirlərinin sabitliyinə töhfə verir.Azərbaycan-Çin humanitar əlaqələrinin inkişafına toxunan R.Abbasov deyib ki, Azərbaycanda Çin dilini öyrənməyə maraq ildən-ilə artır, Çin mədəniyyətinə, tarixinə və müasir həyatına diqqət genişlənir. Artıq 10 ildir ki, Bakıda Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu fəaliyyət göstərir. İnstitutun Çin dili kurslarında, eləcə də ölkənin bir çox ali və orta məktəblərində, institutun 13 filialında, elmi və ictimai gənclər təşkilatlarında 4000-dən çox tələbə təhsil alıb. Tələbə mübadilələrinin təşkili, gənclər üçün mədəni-maarifləndirici yay düşərgələrinin keçirilməsi, Çin xalq musiqisi və rəqsləri, ənənəvi tibb, kalliqrafiya və rəssamlıq, döyüş sənətləri, kulinariya və çay mərasimi, stolüstü tennisə həsr olunmuş mədəni və idman tədbirləri Konfutsi İnstitutunu Çin ilə Azərbaycan arasında mədəni mübadilə, xalq diplomatiyası və iki xalqın dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün platformaya çevirib.

Seçilən
17
azerbaijan-news.az

1Mənbələr