AZ

Son 100 ilin rekord yağıntılarının fəsadları: Problemdən çıxış yolu nədir? - ARAŞDIRMA

Xəzərətrafı regiona normadan xeyli artıq dərəcədə yağıntıların düşməsi dəniz ətrafı ölkələrdə, hətta bəzi Yaxın Şərq regionu ölkələrində ciddi problemlər yaradıb, şəhərləri, kəndləri su basıb. Son 100 ilin rekord yağıntıları Azərbaycanın bəzi bölgələrində, xüsusən Bakı və Abşeron yarımadasında problemlər yaradıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən son 100 il ərzində ən yüksək yağıntı miqdarı 1988-ci il martın 21-də olub- sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub və bu, aylıq normanın 156 %-ni təşkil edib. Bu ilin martın 27-də isə sutkalıq yağıntının miqdarı ondan 4 dəfə çox- 120 mm qeydə alınıb. Bu da aylıq normanın 508%-nə bərabərdir!

Beləliklə, aylıq yağıntı üzrə rekord göstəricilərin yeniləndiyi qeydə alınıb. Lakin problem təkcə yağıntının normadan dəfələrlə artıq olmasında da deyil. Burada belə vəziyyətin yaranmasına təsir göstərən digər məqamlar da var ki, onlara da toxunmaq vacibdir.

Təxminən son 30 ildən artıqdır ki, Bakı və Abşeron zonasında əhalinin hədsiz sıxlaşması prosesi gedir. Bu müddət ərzində saysız-hesabsız binalar, fərdi evlər və müxtəlif obyektlər tikilib. Lakin bu tikinti prosesi çox sürətli şəkildə aparılsa da, bir çox yerlərdə adekvat olaraq kanalizasiya sistemləri, su drenaj sistemləri, kiçik arx və kanallar şəbəkəsi qurulmayıb.

Digər tərəfdən, bəzi ərazilərdə qrunt suları, yeraltı sular və hətta dəniz suları yer səthinə çox yaxındır. Bir çox yerlərdə bu sular kiçik göllər formasında üzə çıxırdı. Lakin həmin ərazilər bələdiyyələr tərəfindən süni şəkildə qurudularaq tələsik şəkildə insanlara satıldı və orada evlər tikildi. Beləliklə, bu ərazilərdə kəndlər, qəsəbələr və yeni məhəllələr salındı, yaşayış sahələri sürətlə genişləndi. Amma yağışlar yağanda və su axınları hərəkət edəndə ciddi problemlər yaranmağa başladı. Nəzərə alsaq ki, bu zonanın böyük hissəsində torpaq əsasən gil qatından ibarətdir və onun su keçirmə qabiliyyəti digər bölgələrlə müqayisədə xeyli aşağıdır. Bu səbəbdən yağan yağış suları torpağa az hopur.

Üstəlik, ərazilərin böyük hissəsini evlər, obyektlər və asfalt örtüklər tutur. Belə olduqda yağış sularının hopması da problem olur. Yaşayış massivləri salınarkən, yağış sularının toplanacağı və axacağı istiqamətlər olmalıdır. Lakin bu istiqamətlər düzgün planlaşdırılmadığı, kanalizasiya və və drenaj sistemləri qurulmadığı üçün üçün sular müəyyən çökəkliklərdə toplanır. Torpağın su keçirmə qabiliyyəti də zəif olduğuna görə hopma baş vermir və nəticədə böyük süni göllər yaranır.

Bu vəziyyət bir çox ərazilərdə müşahidə olunur. Əsas səbəb isə vaxtında düzgün planlaşdırmanın aparılmamasıdır. Bir dövrdə bu sahələr bələdiyyələrin səlahiyyətinə verilmişdi. Lakin bələdiyyələr bu məsələyə elmi yanaşma sərgiləmədilər, onların nə kifayət qədər ixtisaslı mütəxəssisləri var idi, nə də uzunmüddətli planlaşdırma aparıldı.

Torpaqlar sadəcə olaraq ev tikintisi və obyektlər üçün satıldı. Nəticədə xaotik tikintilər, plansız layihələr və nizamsız məhəllələr meydana gəldi. Yaşayış sahələri ucu-bucağı bilinmədən genişləndi. Bu məhəllələrin bir çoxunda sistemli su təminatı, kanalizasiya və drenaj sistemləri qurulmadı. Sadəcə evlər və obyektlər tikildi. Bütün bunların nəticəsində bu gün müşahidə etdiyimiz problemlər ortaya çıxıb. Artıq bu problemin həlli çox çətin bir mərhələyə gəlib çatıb. Çünki çox geniş ərazilərdə evlər tikilib, məhəllələr salınıb, kənd və qəsəbələr böyüyüb. Demək olar ki, bütün Abşeron yarımadası yaşayış məntəqələrinə çevrilib. İndi bu ərazilərdə yenidən kanalizasiya və drenaj sistemlərinin qurulması, su axınlarının idarə olunması, yağış və yeraltı suların istiqamətləndirilməsi çox böyük maliyyə vəsaiti, ciddi əmək və böyük texniki imkanlar tələb edir. Çünki bu sistemlər evlər tikilərkən paralel şəkildə qurulmalı idi. Həmin dövrdə yaranmış xaotik tikinti və torpaq satışları nəticəsində vəziyyət olduqca mürəkkəbləşdi.

Məlumata görə, Bakıda təxminən yarım milyona yaxın sənədsiz tikili mövcuddur. Küçələr çox dar və sıx şəkildə salınıb. Bir çox yerlərdə küçələr o qədər dardır ki, oradan nəinki drenaj sistemi çəkmək, hətta iki avtomobilin rahat hərəkəti belə mümkün olmur. Bu səbəbdən problemin həlli indi çox çətin görünür. Bununla belə, Bakının Baş planında nəzərdə tutulan layihələr həyata keçirilsə və Bakıətrafı kənd və qəsəbələrin sosial-iqtisadi inkişaf proqramları ardıcıl şəkildə icra olunsa, müəyyən irəliləyiş əldə etmək mümkündür.

Hazırda dövlət səviyyəsində bu istiqamətdə müəyyən layihələr həyata keçirilir. Lakin qeyd etməliyik ki, görüləsi işlərin həcmi çox böyükdür. Çünki söhbət onlarla şəhər, qəsəbə və kənddən gedir. Paralel olaraq, Bakı-Abşeron zonasında əhalinin artımı və məskunlaşması davam edir. Bu zonada yaşayış məntəqələri genişlənir, minlərlə yeni evlər tikilir. Bu isə mövcud problemlərin daha da kəskinləşməsinə səbəb olur.

Məhz buna görə də həm Bakının Baş planı çərçivəsində, həm də Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişaf proqramları vasitəsilə bütün Bakı-Abşeron zonasını əhatə edən vahid və sistemli kanalizasiya və drenaj sistemlərinin qurulması zəruridir. Bundan əlavə, toplanan yağış sularından səmərəli şəkildə istifadə etmək də mümkündür. Bu sular toplanaraq müxtəlif sənaye obyektlərində, zavodlarda, avtoyuma məntəqələrində, yaşıllaşdırma və suvarma işlərində istifadə edilə bilər. Sadəcə olaraq bu məsələlər planlı, elmi əsaslarla hazırlanmış proqramlar çərçivəsində həyata keçirilməlidir. Çünki Abşeron yarımadasında əhali sıxlığı çox yüksəkdir. Əgər bu sistemlər qurulmasa, bu cür problemlər gələcəkdə daha tez-tez baş verəcək və daha böyük fəsadlar yaradacaq.

Artıq bu gün bir çox məhəllələrdə və evlərdə su basması halları müşahidə olunur. Həyətlər su altında qalır. Gil qatlı torpaq isə yağış sularını kifayət qədər hopdura bilmir. Buna görə də heç olmasa yağış sularının toplanması və istiqamətləndirilməsi üçün xüsusi sistemlər qurulmalıdır. Müxtəlif kanallar və yönləndirici xətlər vasitəsilə bu suların təhlükəsiz şəkildə dənizə və ya xüsusi su toplama məntəqələrinə yönəldilməsi mümkündür. Hər hansı formada bu məsələ həll edilməlidir ki, gələcəkdə vəziyyət daha da kəskinləşməsin.

Son 10-15 ildə ölkənin müxtəlif şəhər və qəsəbələrinin su-kanalizasiya sistemləri yenidən qurulub və ya yaradılıb. Hazırda ölkədəki şəhər və qəsəbələrin 80 faizində bu sistemlər qurulub. Lakin Bakıda və Bakıətrafı kənd və qəsəbələrdə bu sistemlər hələ də tam formalaşdırılmayıb. Burada məsələnin həlli üçün böyük xərclər, xeyli vaxt tələb olunur.

2026-cı il yanvarın 12-də Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı Prezident İlham Əliyevə təqdim edilib. Həmin təqdimatlarda Bakı buxtasının, ümumilikdə Abşeron yarımadasının su və kanalizasiya problemlərinin həlli ilə bağlı böyük bir layihənin hazırlandığı qeyd olunur. Hazırda bununla bağlı ümumi konsepsiya hazırlanıb, planın detalları üzərində işlər aparılır.

Dövlət proqramına uyğun olaraq 2025-ci ilin ortalarından başlayaraq, Bakı ətrafında böyük kollektorların tikintisinə başlanılıb. Bu layihələr üçün təxminən 900 milyon manat vəsait nəzərdə tutulub. Yəqin ki, bu işlər başa çatdırılanda Bakı və Abşeron zonasında yağıntıların fəsadları ilə üzləşməyəcəyik, üstəlik bu suların toplanaraq ən azı sənaye və təsərrüfat məqsədilə istidafəsi mümkün olacaq. Bir çox ölkələrdə yağış sularından çox səmərəli istifadə olunur, bizdə də bu sistemləri yaratmaq mümkündür.

Elçin Bayramlı

Seçilən
1
2
sia.az

3Mənbələr