Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
"Ölkə.az" Bakupost.az-a istinadla xəbər verir ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindın və yüksək şəkərdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin!
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1965-ci ildə Ağsuda orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu başa vurub.
Rasim Balayev ilk dəfə Bakı Kinostudiyasında “Ulduzlar sönmür” filmində kiçik rolda çəkilib. O, “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərində yaratdığı obrazlarla tamaşaçıların böyük rəğbətini qazanıb.
Aktyor “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və mürəkkəb rollarla yanaşı, epizodik rollarda da uğurla çıxış edib. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisi gün gecəyarısı” kimi filmlərdə də rol alıb.
Rasim Balayev “Özbəkfilm”, “Mosfilm” və digər studiyalarda da filmlərə çəkilib.
O, 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 31 may 2022-ci ildə isə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.