AZ

WP: Pentaqon İranda mümkün quru əməliyyatlarına hazırlaşır

BAKI, 29 mart. TELEQRAF

ABŞ Müdafiə Nazirliyinin İranda bir neçə həftə davam edə biləcək mümkün quru əməliyyatlarına hazırlıq gördüyü bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Qəzetin mənbələrinə istinadən yazdığına görə, ABŞ əsgərləri və dəniz piyadaları Yaxın Şərqə göndərildikcə Pentagon İranda bir neçə həftə davam edə biləcək quru əməliyyatlarına hazırlaşır. Bildirilir ki, ABŞ Prezidenti Donald Tramp münaqişəni genişləndirmək qərarı verərsə, bu addım müharibənin yeni və daha təhlükəli mərhələsinə çevrilə bilər.

Nəşrin məlumatına görə, mümkün quru əməliyyatları ABŞ qüvvələrinin İrana tammiqyaslı müdaxiləsini nəzərdə tutmur. Əvəzində, bu əməliyyatlara xüsusi təyinatlı qüvvələrin və adi quru qoşunlarının iştirak etdiyi lokal əməliyyatlar daxil ola bilər. Mənbələrin sözlərinə görə, belə əməliyyatların məqsədlərindən biri İranın Xark adasını ələ keçirmək və ya Hörmüz boğazı yaxınlığındakı sahil bölgələrində silahları məhv etmək ola bilər. Onlardan biri bu tapşırıqların yerinə yetirilməsinin bir neçə ay çəkə biləcəyini də istisna etməyib.

Məqalədə qeyd olunur ki, hələlik Donald Trampın Pentaqonun hansısa planını təsdiqləyib-təsdiqləmədiyi məlum deyil. Eyni zamanda, mümkün quru əməliyyatı baş verərsə, ABŞ qüvvələrinin raket və pilotsuz uçuş aparatları ilə hücumlar da daxil olmaqla müxtəlif təhlükələrlə üzləşə biləcəyi vurğulanır.

Seçilən
26
teleqraf.com

1Mənbələr