İran millisinin ulduz futbolçusu Sərdar Azmunun İran məhkəmə sisteminin onun əmlakına əl qoya biləcəyi ilə bağlı açıqlaması böyük əks-səda doğurub.
QOL.az xəbər verir ki, Azmun hökuməti tənqid edən 16 nəfərlik siyahıya daxil edilib. Sosial şəbəkə paylaşımlarına görə hədəf alınan ulduz futbolçunun daha əvvəl də etirazlara dəstək verdiyi bildirilir.
31 yaşlı qolçu Dünya Çempionatına hazırlıq çərçivəsində keçirilən son oyunların heyətinə daxil edilməyib. Onun mundialda iştirak ehtimalının da aşağı olduğu bildirilir.
Qeyd edək ki, Azmun İran millisinin forması ilə çıxdığı 91 matçda vurduğu 57 qolla ölkə tarixinin ikinci ən məhsuldar oyunçusudur. Hazırda karyerasını BƏƏ-nin "Şabab Əl-Əhli" klubunda davam etdirən futbolçu daha əvvəl "Roma", "Bayer Leverkuzen" və "Zenit" kimi komandaların şərəfini qoruyub.