İraq Kürdüstan Regional Administrasiyasının rəhbəri Neçirvan Bərzaninin Duhok şəhərində yerləşən iqamətgahına dron hücumu edilib.
"Yeni Sabah" xəbər verir ki, hadisə ilə bağlı İraqın Baş naziri Mohammed Şia əl-Sudaninin mətbuat xidməti açıqlama yayıb.
Bildirilib ki, baş nazir hücumdan sonra Bərzani ilə telefon danışığı aparıb.
Söhbət zamanı Sudani iqamətgaha edilən hücumu kəskin şəkildə pisləyib və Bərzaninin İraq daxilində milli birliyin və həmrəyliyin gücləndirilməsinə yönəlmiş mövqeyini yüksək qiymətləndirib.
Baş nazir həmçinin hadisənin bütün aspektlərinin araşdırılması, günahkarların müəyyən edilməsi və onlara qarşı müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə federal hökumət və kürd muxtariyyətinin təhlükəsizlik qurumlarının nümayəndələrindən ibarət birgə təhlükəsizlik və texniki qrupun yaradılması barədə göstəriş verib.
Sudani vurğulayıb ki, İraqı regiondakı münaqişələrə cəlb etmək istəyən heç bir qeyri-qanuni, regional və ya beynəlxalq qüvvəyə imkan verilməyəcək. O əlavə edib ki, ölkənin suverenliyi, təhlükəsizliyi və sabitliyinin qorunması üçün bütün imkanlardan istifadə olunacaq./Oxu.az
Telegram kanalımız