Quba rayonunun Amsarqışlaq və Alekseyevka kəndlərində intensiv yağan leysan yağışları ciddi fəsadlara səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, sel suları bir neçə fərdi yaşayış evini yararsız vəziyyətə salıb, sakinlər isə yardımın gecikdiyini bildirirlər.
Amsarqışlaq kənd sakini Akif Babazadəyə məxsus ev yenidən sel sularının altında qalıb. O bildirir ki, bu, artıq ikinci ildir eyni hadisə təkrarlanır, lakin heç bir qabaqlayıcı tədbir görülmədiyindən bu dəfə ziyan daha böyükdür.
Hazırda evin zirzəmisi tamamilə su ilə dolub, sel suları tikilini dörd tərəfdən mühasirəyə alıb. Çiy kərpicdən tikilmiş evdə çatlar əmələ gəlib və uçma riski yaranıb.
“Evim su basıb, vəziyyət pisdir. Keçən il də belə oldu, yenə heç bir tədbir görən yoxdur. Rayona getmişəm, icra hakimiyyətində nümayəndə tapılmır. Saat beşdən buradayıq, heç kim gəlməyib. Ziyan böyükdür, ev çatlayıb, ev yox hesabindadır. Bir metrdən yuxarı su qalxıb”, – Akif Babazadə deyib.
Oxşar vəziyyət Alekseyevka kəndində də yaşanır. Kənd sakini Nailə Məmmədovanın evi dəfələrlə təkrarlanan daşqınlar nəticəsində yararsız hala düşüb. Evin birinci mərtəbəsi tamamilə su ilə dolub və sakin otaqlarda hərəkət etmək üçün çəkmə geyinməyə məcbur olur. Bildirilir ki, suyun səviyyəsi təxminən 60 santimetrə çatıb.
Çiy kərpicdən tikilmiş evdə divarların zəiflədiyi və uçma təhlükəsi yarandığı deyilir.
“Dördüncü dəfədir ki, sel gələndə bizim evin birinci mərtəbəsi bu vəziyyətə düşür. Neçə dəfə kömək istəmişəm, heç bir dəstək göndərilmir. Hər il daşqınlar olanda evimi su basır. Heç bir köməklik göstərilmədi, ev çox bərbad vəziyyətdədir”, – Nailə Məmmədova deyib.
Sakinlər aidiyyəti qurumların hadisə yerinə operativ şəkildə cəlb olunmasını, suyun təcili çəkilməsini və təhlükənin aradan qaldırılması üçün tədbir görülməsini gözləyirlər.
Aliyə
NOCOMMENT.az