AZ

Rusiya-Azərbaycan yaxınlaşması və İran faktoru: Bakı geopolitikanın mərkəzində - Qərb mediası narahatdır

Yaxın Şərqdə davam edən müharibə fonunda diqqətlər əsasən hərbi əməliyyatlara yönəlsə də, regionda paralel şəkildə daha az görünən, lakin strateji baxımdan daha dərin proseslər gedir. Bu proseslərin mərkəzində isə Rusiya, İran və Azərbaycan arasında formalaşan yeni dinamika dayanır. Eurasianet tərəfindən yayımlanan “Fully functioning North-South corridor helped by Russian-Azerbaijani thaw” (Rusiya-Azərbaycan yaxınlaşması Şimal–Cənub dəhlizinin tam işləməsinə şərait yaradır) adlı məqalə məhz bu dəyişən geosiyasi reallığı konkret faktlar əsasında təsvir edir.

Məqalədə qeyd olunur ki, son aylarda tərəflər arasında baş verən dəyişikliklər təsadüfi deyil:

“A fast thaw in relations between the Kremlin and Azerbaijan has occurred in March…” (Mart ayında Kremlinlə Azərbaycan arasında münasibətlərdə sürətli yumşalma baş verib.)

Bu sitat göstərir ki, 2024-cü ildə baş vermiş təyyarə insidentindən sonra gərgin olan münasibətlər qısa müddətdə normallaşaraq yeni mərhələyə keçib. Bu normallaşma isə təkcə diplomatik jest deyil, konkret strateji nəticələr doğurur.

Bu nəticələrin ən mühümü Şimal–Cənub dəhlizinin aktiv fəaliyyətidir. Məqalə bunu belə ifadə edir:

“…enabling a strategic link connecting Russia and Iran to keep functioning…” (…Rusiya ilə İranı birləşdirən strateji əlaqənin işləməsini təmin edir.)

Beləliklə, bu dəhliz artıq sadəcə nəqliyyat və ticarət marşrutu deyil, geosiyasi təsir mexanizminə çevrilir. Xüsusilə müharibə şəraitində bu cür logistika xətləri hərbi və siyasi balansın formalaşmasında mühüm rol oynayır.

Məhz bu səbəbdən Qərb dairələrində ciddi narahatlıq yaranıb. Məqalədə bu narahatlıq açıq şəkildə qeyd olunur. Heç bir əsas olmadan göstərilir ki, Rusiya Azərbaycan üzərindən İrana qeyri-humanitar dəstək də göndərə bilər.

Bu iddia rəsmi şəkildə təsdiqlənməsə də, onun özü belə regionun necə həssas bir geosiyasi nöqtəyə çevrildiyini göstərir. ABŞ və Avropa İttifaqında artan narahatlıq da bunu təsdiqləyir: “Concern is growing in the United States and European Union…” (ABŞ və Avropa İttifaqında narahatlıq artır.)

Bu isə artıq məsələnin lokal yox, qlobal təhlükəsizlik gündəliyinə daxil olduğunu göstərir. Bu kontekstdə Azərbaycanın rolu xüsusi diqqət çəkir. Məqalədə Bakı həm logistika mərkəzi, həm də balans siyasəti yürüdən aktor kimi təqdim olunur. Azərbaycanın mövqeyi belə ifadə edilir: “Baku still is eager to be perceived as neutral in the US-Israeli-Iran conflict.” (Bakı hələ də ABŞ-İsrail-İran münaqişəsində neytral kimi qalmaq istəyir.)

Bu sitat Azərbaycanın çoxvektorlu siyasətini və eyni zamanda qarşılaşdığı mürəkkəb geosiyasi reallığı aydın şəkildə ortaya qoyur. Bir tərəfdən ABŞ və İsraillə əməkdaşlıq, digər tərəfdən Rusiya və İranla iqtisadi və logistika əlaqələri — bu balans getdikcə daha çətin idarə olunan hala gəlir. Lakin o da var ki, Azərbaycan dünyada həm rusiya, həm də İranla qonşu olan yeganə dövlətdir. Azərbaycanın İran və Rusiya ilə həm quru, həm də dəniz əlaqələri vardır...

Bu məqalə göstərir ki, Qafqaz artıq qlobal proseslərin kənarında qalan passiv region deyil. Əksinə, o, böyük güclərin rəqabətində aktiv tranzit və təsir zonasına çevrilir. Şimal–Cənub dəhlizi isə bu yeni geosiyasi düzənin əsas sütunlarından biri kimi çıxış edir.

Elbəyi Həsənli,
Sürix

Seçilən
15
1
musavat.com

2Mənbələr