Taleh Şahsuvarlı və Tural Abbaslının debatına sözardı
(Yazının həcmi böyük olsa da, aktuallığını nəzərə alıb, paylaşıram. Umaram ki, marağınıza səbəb olacaq. Əvvəlcədən hər kəsə təşəkkürlər)
Bəzən iqtidarı başa düşmürəm. Məsələn, siyasi populizmin bariz nümunəsi Tural Abbaslıya niyə ehtiyac duyur? Turalın hansı müsbət keyfiyyətləri var ki, o keyfiyyətləri Azərbaycanın dövlət maraqlarına yönləndirməklə nəyəsə nail olaq? Tamam, razıyam, bu “simpatiçnıy cüvanmərd”in təsiredici ritorikası, publikanı ələ ala bilmək qabiliyyəti var, ancaq biz 1988-ci ildə yaşamırıq; bir partiya sədri üçün natiqlik bacarığı gərəkli kriteriya olsa da, digər keyfiyyətlərdən məhrum olması onun natiqliyinin də populizmdən başqa bir şey olmadığını ortaya qoyur.
Dünən qarşıma bir video çıxdı - Tural Abbaslı ilə Taleh Şahsuvarlının Reaksiya TV-dəki debatı. Debatın mövzusu İranla İsrail-ABŞ koalisiyası arasında savaşla bağlı idi. Tural Mollakratiyanın, Taleh isə İsrailin mövqeyindən, daha doğrusu, beynəlxalq hüquq və normaları çərçivəsindən çıxış edirdi.
Videonun tam versiyasına baxa bilməmişəm, çünki Turalın trolları debatın onlara əl verən müəyyən hissələrini kontekstdən çıxararaq paylaşıblar. Təbbi ki, Turalın çığır-bağırı, Talehə fikrini izah etmək üçün imkan verməməsi ümumi qənaət hasil etməyə çətinlik yaratsa da, mən alacağımı aldım və bəzi məqamlara öz fikrimi bildirmək istəyirəm.
Turalın Taleh Şahsuvarlıya bəzi iradlarını (sual formasında) bir daha təkrarlayaq:
- İsrail Livanın cənubuna hərbi müdaxilə edib ələ keçirmək istəyir. Bunu yəhudi generallar və siyasətçilər dilə gətirir. İsrailin bu hərəkəti hansı beynəlxalq hüquqa və normaya sığır?
- Niyə Fransanın, Amerikanın və digər iri dövlətlərin nüvə silahı ola bilər, amma İranın yox?
- Türkiyə nüvə silahı əldə eləmək istəsə və Amerika ilə İsrail də çıxıb desələr ki, Türkiyənin belə bir hüququ yoxdur, siz kimin tərəfində olacaqsınız, Türkiyənin, yoxsa Amerika ilə İsrailin?
Turalın Talehə iradları çox idi, amma, məncə, bu üç suala cavab versək, mövzunu anlamaq üçün yetərli olacaq.
İlk olaraq ondan başlayaq ki, Cənubi Livanla bağlı məlum açıqlamalar İsrailin milli təhlükəsizliyi baxımından atılacaq gərəkli addımdır və beynəlxalq hüquq normalarına əsaslanır. Bir neçə gün öncə həmin ərazidə İrana məxsus proksi qüvvələr tərəfindən İsrailə 100-ə qədər raket zərbələri endirilmiş, sivil əhaliyə və mülki infrastruktura ciddi ziyan vurulmuşdu. İsrailin bu cür hücumların qarşısını almaq və özünümüdafiə hüququ var. Bu hüququ ona BMT Nizamnaməsinin 51-ci maddəsi verir...
Gələk digər suallara... Məsələn, niyə Fransanın, Amerikanın, BMT TŞ-nin digər daimi üzvlərinin nüvə silahı ola bilər, amma İranın yox? Ümumiyyətlə, belə bir prinsip varmı, yəni İrandan fərqli olaraq, Fransanın nüvə silahına sahib olmaq hüququ varmı? Bəli, var! Fransa nüvə ölkəsidir, onun bu hüququ beynəlxalq normalara dayanır. İranın isə belə bir hüququ yoxdur. Buna dair beynəlxalq hüquq və normaları təsdiq edən ölkələrdən biri də elə İran özüdür.
Tural Abbaslı partiya sədridir, aktiv siyasətlə məşğuldur, amma bəhs olunanprinsipləri bilmir, dərk etmir, beynəlxalq normalardan xəbərsizdir. Ona görə də debatlarda məcburən pafosa üstünlük verir, opponentinə qarşı aqressivliyə əl atır. O elə başa düşür ki, kim ucadan qışqıra bilirsə haqlıdır. Halbuki siyasətlə məşğul olan adam beynəlxalq hüquq və normaları bilməli, həmçinin Azərbaycanın həmin hüquq və normalara münasibətindən xəbərdar olmalıdır. Amma bu cür avantürist, bilgisiz cahillər üçün əsas prioritet pafos, ucuz milliyyətçilik və hay-küydür.
Nüvə silahlarının yayılmaması haqqında müqavilə (NPT - Treaty on the Non-Proliferation of Nuclear Weapons) var. 56 ildir qüvvədə olan bu müqavilə nüvə silahlarının yayılmasının qarşısını almaq, nüvə enerjisindən sülh məqsədilə istifadəni təşviq etmək və nüvə tərksilahına nail olmaq məqsədilə 1968-ci ildə imzalanmış beynəlxalq sazişdir. 1970-ci ildə qüvvəyə minən bu müqavilə 1995-ci ildən müddətsiz uzadılmışdır.
NPT-nin əsas məqsədləri və prinsipləri bunlardır:
- birincisi, yayılmama: nüvə silahı olmayan dövlətlərin bu silahı əldə etməsinin qarşısını almaq. Müqaviləyə “nüvəsiz dövlət” statusunda qoşulan hər bir subyekt öhdəlik götürür ki, nə vaxtsa nüvə silahı əldə etməyə cəhd göstərməyəcək;
- ikincisi, tərksilah məsələsidir: Nüvə silahına sahib dövlətlərin öz nüvə arsenalını azaltması və gələcəkdə tam tərksilaha yönəlməsi prioritet olaraq qəbul olunub;
- üçüncü prinsip sülh məqsədli istifadədir: Müqaviləyə qoşulan hər bir ölkənin nüvə enerjisindən dinc məqsədlərlə (məsələn, elektrik istehsalı) istifadə hüququ tanınır. Ancaq hər ölkənin nüvə proqramı beynəlxalq təşkilatlar üçün açıq olmalı, beynəlxalq ekspertlər tərəfindən təftiş edilməsinə şərait yaradılmalıdır.
Müqavilə demək olar ki, bütün dünya dövlətləri tərəfindən imzalanmışdır, lakin bəzi istisnalar var, nüvə silahına malik ölkələrdən Hindistan, Pakistan və İsrail bu müqaviləyə qoşulmayıb. Şimali Koreya isə 2003-cü ildə müqavilədən çıxdığını elan edib. Müqavilənin icrasına Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) nəzarət edir.
İrana gəlincə, NPT-nin - “Nüvə silahlarının yayılmaması haqqında müqavilə”nin üzvüdür. Cənub qonşumuz müqaviləni 1968-ci ildə imzalamış, 1970-ci ildə isə ratifikasiya edərək rəsmən üzv olmuşdur. İran müqaviləyə “nüvə silahına malik olmayan dövlət” statusu ilə qoşulub və gələcəkdə nüvə silahı əldə etməyəcəyinə dair beynəlxalq öhdəlik götürüb. Son illərdə, xüsusilə 2025-2026-cı illərdə baş verən hərbi və siyasi gərginliklər fonunda İran bir neçə dəfə müqavilədən çıxa biləcəyi ilə bağlı xəbərdarlıqlar etməsinə baxmayaraq, bu ilin mart ayı etibarilə hələ də müqavilənin rəsmi üzvü olaraq qalır. Mollalar İranın nüvə proqramının sülhməramlı olduğunu bəyan edirlər, amma yalan deyirlər. Bu haqda bir qədər sonra...
Gələk İsrail məsələsinə. O, “Nüvə silahlarının yayılmaması haqqında müqavilə” (NPT) üzvü deyil. İsrail bu müqaviləyə heç vaxt imza atmayan bir neçə ölkədən biridir, imza atmamasının da keçərli səbəbləri var...
İsrailin nüvə silahına malik olduğu geniş şəkildə qəbul edilsə də, ölkə rəsmi olaraq bunu nə təsdiq, nə də təkzib edir, yəni “nüvə qeyri-müəyyənliyi” (nuclear opacity) siyasətini yürüdür;
İsrail hesab edir ki, NPT-yə qoşulmaq hələ ki regiondakı təhlükəsizlik reallıqları ilə uyğunlaşmır və yalnız bütün Yaxın Şərq ölkələri arasında sülh və qarşılıqlı etimad yarandıqdan sonra nüvə nəzarəti mexanizmləri müzakirə edilə bilər. Onun ən keçərli səbəbi də elə budur. Məgər haqsızdır? Bütün çevrəsi “İsraili məhv edəcəyik” bəyanatları səsləndirən dövlətlər və proksi qüvvələrlə doludur. O da sülh və qarşılıqlı etimad tələb edir, sonra da “qapım üzünüzə açıqdır, gəlin nəyi istəyirsiniz yoxlayın, nəzarətə alın”, - deyir.
İran və İsrailin nüvə strategiyasını qarşılıqlı müqayisə etməklə kimin haqlı olduğu barədə aydın təsəvvür əldə edə bilərik. İranın Mollakratiya rejiminin bir nömrəli hədəfi İsraildir! Mollaların əsas siyasi şüarı 45 ildir dəyişməz olaraq qalır: İSRAİLİ YER ÜZÜNDƏN SİLƏCƏYİK!
Burada ortaya bir sual çıxır: İranın bu ritorikası reallığa əsaslanır, yoxsa sadəcə daxili auditoriya üçün hesablanmış siyasi təbliğatdır? Məncə, hər ikisidir: həm daxili auditoriya üçün təbliğat vasitəsi, həm də ciddi hədədir. Elə bu səbəbə görə İrana qarşı aqressiv tavr sərgilənir.
İrandan öncə Hindistan, Pakistan və Şimali Koreya da öz nüvə proqramlarını gəlişdirərək silah əldə etmişlər. Ancaq heç biri İran qədər təpki görməyib. Niyə? Çünki, konkret olaraq, kimisə hədəf göstərməyiblər, filan dövləti yer üzündən siləcəyik, yox edəcəyik deməyiblər, nüvə silahı bizim təhlükəsizliyimiz üçündür prinsipini önə sürüblər. Doğrudur, Şimali Koreyanın birbaşa hədəfi Amerikadır, lakin ritorika fərqlidir: MƏNƏ TOXUNMA, TOXUNARSAN, SƏNİ YOX EDƏRƏM! İran isə şərtsiz, filansız “İsraili yox edəcəyəm” deyir.
Təbii ki, bəyanatların fərqli ritorikalarda edilməsi o ölkələrə fərqli münasibətlərin göstərilməsində də mühüm rol oynayır. İranın İsrailə qarşı aqressiv ritorikası və müqabilində nüvə silahı əldə etmək cəhdləri İsrailə tam haqq verir ki, düşmənini hərbi müdaxilə yolu ilə zərərsizləşdirsin.
Yuxarıda qeyd etdiyim kimi, İran iddia edir ki, onun nüvə proqramı sülhməramlı xarakter daşıyır. Amma yalan deyir...
İranın uranı zənginləşdirmə səviyyəsi onun niyyətini büruzə verən ən texniki və inkaredilməz sübutdur. Uranın zənginləşdirilməsi məsələsində konkret rəqəmlərə diqqət edək. MAQATE-nin məlumatlarına görə, mülki məqsədlər üçün (elektrik enerjisi) uranı 3-5% zənginləşdirmək kifayət edir. Tibbi tədqiqatlar və xüsusi reaktorlar üçün isə bu rəqəm maksimum 20%-ə qalxa bilər.
Bəs İranın nüvə proqramının hazırkı səviyyəsi nə yerdədir? MAQATE-nin son hesabatlarına görə, İran artıq uranı 60% və daha yuxarı səviyyədə zənginləşdirib. Bu, nüvə silahı həddinə çox yaxın bir səviyyədir. Nüvə silahı üçün uranın 90% zənginləşdirilməsi lazımdır. Lakin texniki cəhətdən 20%-dən 60%-ə qalxmaq, 60%-dən 90%-ə qalxmaqdan daha çətindir. Yəni İran yolun ən çətin hissəsini artıq keçib və silah dərəcəli uran əldə etməyə “günlər və ya həftələr” qalmış ola bilər. Buna “Breakout Time” (nüvə həddinə çatma müddəti) deyilir. Ekspertlər hesab edir ki, İran siyasi qərar versə, bir neçə nüvə başlığı üçün kifayət edəcək miqdarda 90%-lik uranı qısa müddətdə hazırlaya bilər. Bu, beynəlxalq aləmdə “nüvə astanasında olan dövlət” statusu kimi qiymətləndirilir.
İran beynəlxalq müqaviləyə qoşulub öhdəlik götürsə də, artıq nüvə silahını bir “yaşama sığortası” kimi görür. Mollalar hesab edir ki, nüvə silahına sahib olsalar, ABŞ və ya İsrail onlara qarşı birbaşa hərbi müdaxilə (rejim dəyişikliyi məqsədilə) edə bilməyəcək.
İranın hazırkı nüvə strategiyasına İsrailin reaksiyası mollaların ona münasibəti səbəbindən sərt və aqressivdir. İsrail rəhbərliyi (həm iqtidar, həm də müxalifət) dəfələrlə bəyan edib ki, İranın 90%-lik həddə çatması müharibə elanı deməkdir. Hazırda regionda gərginliyin pik həddə çatmasının əsas səbəbi budur: İsrail İranın bu texniki imkanını “geri dönməz” nöqtəyə çatmadan sıradan çıxarmağa çalışır.
İsrail haqlı olaraq, 60-65%-lik zənginləşdirməni enerji ehtiyacından çox-çox artıq olduğunu bildirir və bunun birbaşa hərbi potensialın qurulmasına xidmət etdiyini önə sürür.
***
Beynəlxalq hüquq və geosiyasi reallıqlar baxımından İsrail-İran qarşıdurması kifayət qədər mürəkkəb məsələdir. Yəhudi dövlətinin İrana hərbi müdaxiləsi həm hüquqi, həm də strateji müstəvidə fərqli yanaşmalarla qiymətləndirilir:
- birinci, həm də hakim fikir odur ki, BMT Nizamnaməsinin 51-ci maddəsini əsas götürməklə İsrailin özünümüdafiə hüququ var. Buna əsas arqument kimi İranın “İsraili xəritədən silmək” bəyanatları göstərilir və onun nüvə silahı əldə etmək cəhdlərinin “yaxınlaşan təhlükə”ni (imminent threat) təşkil etdiyi vurğulanır. Bu səbəbdən İsrailin “qabaqlayıcı özünümüdafiə” (preemptive self-defense) prinsipi əsas götürülərək hərbi zərbə endirmək hüququnun olduğu müdafiə edilir;
- məsələyə fərqli yanaşma da var. Bəziləri belə hesab edir ki, hərbi müdaxilə üçün hücumun başladığına dair birbaşa sübut olmalıdır. Bu cür düşünənlər İranın şifahi hədələrini tammiqyaslı hərbi müdaxilə üçün kifayət qədər hüquqi əsas saymırlar. Ancaq İsrail İranın proksi qüvvələrinin mütəmadi ona raket zərbələri endirməsini əsas götürərək, məsələnin heç də hədə olmadığını, molla rejiminin niyyətinin ciddiyyətini öz varlığı üçün təhlükə hesab edir;
- hər bir dövlətin milli təhlükəsizliyi ilə əlaqədar doktrinası mövcuddur. İsrailin də xarici siyasətində “Begin Doktrinası” adlı qeyri-rəsmi bir prinsip var. Bu doktrinaya görə, İsrail öz varlığına təhlükə yarada biləcək hər hansı bir regional düşmənin nüvə silahı əldə etməsinə icazə verməyəcək. Keçmişdə bu doktrina iki dəfə tətbiq edilib: 1981-ci ildə İraqın “Osirak” nüvə reaktorunun bombalanması; 2007-ci ildə Suriyanın “Əl-Kibar” nüvə obyektinin məhv edilməsi. Burada çox maraqlı bir məqam diqqəti çəkir: Səddamın “Osirak" nüvə reaktoru bombalanan zaman İran İsrailin tərəfində idi, hərbi aerodromlarını onların xidmətinə vermişdi, çünki Səddam İsrail ilə yanaşı, həm də İranı təhdid edirdi. Elə bu faktın özü onu göstərir ki, 1981-ci ildə İsrail hərbi təyyarələrinin İraqı bombalamasına şərat yaradan İran nə qədər haqlı idisə, bu gün İran nüvə obyektlərinin bombalanması da ən az o qədər beynəlxalq hüquq normalarına dayanır.
İsrail artıq illərdir ki, İrana qarşı “hibrid müharibə” strategiyası çərçivəsində müxtəlif tədbirlər görür: kiberhücumlar - nüvə mərkəzlərinin proqram təminatına (məsələn, Stuxnet) müdaxilə; dezinformasiya; iqtisadi təzyiq; sui-qəsdlər - İranın aparıcı nüvə alimlərinin və hərbi generallarının zərərsizləşdirilməsi və s. Amma artıq geriyə dönüşün olmadığı bir zamanda birbaşa zərbələrə ehtiyac duyulmağa başlandı. 2024-cü ilin aprel və oktyabr aylarında, həmçinin 2025-ci il ərzində və hazırkı şərtlərdə İsrail İranın hərbi obyektlərinə və proksi qüvvələrinə qarşı silsilə hava zərbələri endirməyə başlayıb. Tammiqyaslı hərbi müdaxilənin qarşısını alan əsas amil onun doğuracağı regional müharibə riskidir. İranın geniş ərazisi, nüvə obyektlərinin yerin altında gizlədilməsi və Livan (Hizbullah), Yəmən (Husilər) kimi bölgələrdəki proksi qüvvələri vasitəsilə cavab vermək imkanı İsrail və onun müttəfiqləri (başda ABŞ olmaqla) üçün böyük risk faktorudur. Nəticə olaraq, İsrail rəhbərliyi hesab edir ki, İranın nüvə silahına bir addım qalması onun üçün “qırmızı xətt”dir və bu halda beynəlxalq hüquqi icazə gözləmədən birbaşa hərbi müdaxilə etmək haqqını özündə saxlayır. İsrailin son vaxtlarda İrana endirdiyi konkret hərbi zərbələr məhz bu səbəbdən qaynaqlanır.
***
İndi isə Tural Abbaslının Taleh bəyə 3-cü iradına aydınlıq gətirməyə çalışaq. İlk olaraq qeyd edim ki, “Türkiyə nüvə silahı əldə eləmək istəsə və Amerika ilə İsrail də çıxıb desələr ki, Türkiyənin belə bir hüququ yoxdur, siz Türkiyənin, yoxsa Amerika ilə İsrailin tərəfində olacaqsınız” sualı nə qədər diletant xarakterdədirsə, bir o qədər də opponentini şantaj cəhdidir. Tural bununla Taleh bəyi milliyətçi kütləyə hədəf göstərir: baxın, bu adam İsrail və Amerikaya xidmət edir, ən yaxın müttəfiqimizə, Türkiyəyə qarşıdır. Amma beynəlxalq hüquq tamam fərqli şeyləri diqtə edir. Türkiyə bu normalara sadiq qalmaq məcburiyyətindədir, çünki həmin normaları qəbul edib, müqaviləyə qoşulub və öhdəlik götürüb.
Türkiyə NPT müqaviləsinə “nüvə silahına malik olmayan dövlət” statusu ilə qoşulub. Qoşulma prosesi iki mərhələdən ibarət olub:
- Türkiyə müqaviləni 28 yanvar 1969-cu ildə London, Moskva və Vaşinqtonda imzalayıb; bu, heç bir dövlətə tanınmayan xüsusi hüquqdur;
- hər 3 mərkəzdən ciddi qarantiyalar almasına və onların hər biriylə ayrılıqda müqavilə imzalamasına rəğmən, müqavilə Türkiyə Böyük Millət Məclisi tərəfindən yalnız 11 il sonra - 28 noyabr 1979-cu ildə ratifikasiya edildi və 17 aprel 1980-ci ildə rəsmən müqavilənin tərəfinə çevrildi.
Türkiyə müqaviləyə aşağıdakı əsas prinsiplər çərçivəsində sadiqliyini bəyan edib:
- birincisi, nüvə silahından imtina. Türkiyə nüvə silahı hazırlamamaq, əldə etmək üçün cəhd göstərməmək və başqalarından bu barədə yardım almamaq öhdəliyini götürüb;
- ikincisi, sülh məqsədli istifadə məsələsidir. Müqavilədə Türkiyə dövlətinə nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququ tanıyır. Hazırda tikilməkdə olan Akkuyu Nüvə Stansiyası bu beynəlxalq öhdəliklər çərçivəsində həyata keçirilir;
- MAQATE-nin nəzarəti: Türkiyə öz nüvə obyektlərini beynəlxalq yoxlamalara və təhlükəsizlik monitorinqinə açıq saxlamağı qəbul edib və bu öhdəliyini də heç bir zaman pozmayıb;
- Türkiyənin nüvə strategiyası ilə bağlı diqqətçəkən bir məqam da var: NATO Nüvə Paylaşımı məsələsi. Türkiyə özü nüvə silahına malik olmasa da, NATO-nun “nüvə paylaşımı” proqramı çərçivəsində İncirlik aviabazasında 20 ədəd B61 nüvə silahına ev sahibliyi edir ki, bu da onun NPT öhdəlikləri ilə ziddiyyət təşkil etmir.
***
Bütün bu deyilənlərdən belə bir nəticəyə gələ bilərik ki, NPT müqaviləsi hüquqi status aldıqdan sonra müqavilə şərtlərini pozan tək ölkə İrandır. Niyə? Çünki bu gün nüvə silahına sahib ölkələrdən böyük beşlik və İsrail müqaviləyə qədər nüvə silahına sahib idi. Müqavilədən sonra yalnız 3 ölkə - Hindistan, Pakistan, Şimali Koreya nüvə silahına sahib olub.
İlk öncə gəlin baxaq görək, “böyük beşlik” nə dərəcədə müqavilənin şərtlərinə əməl edib? NPT müqaviləsinin (1968) imzalanmasından bu yana əsas 5 nüvə dövlətinin (P5: ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya) arsenalında kəskin azalmalar baş verib, yəni müqavilənin əsas şərti gerçəkləşdirilib.
Soyuq müharibənin pik dövrü (1986-cı il) ilə müqayisədə qlobal nüvə arsenalı təxminən 80% azalıb. Ümumi statistik dəyişikliyə nəzər yetirək:
- 1970-ci ildə - NPT qüvvəyə mindiyi il dünya üzrə təxminən 38 000-40 000 nüvə başlığı var idi;
- pik nöqtə 1986-cı il sayılır. Həmin vaxt bütün dünyada nüvə başlıqlı silahların sayı rekord həddə, təxminən 65 000-70 000 vahidə çatdı;
- hazırkı dövrdə (2025/2026) P5 ölkələrinin cəmi arsenalı təxminən 12 200 başlıq civarındadır;
Ölkələr üzrə azalma və dəyişikliklərdə də ciddi fərqlər var:
- ABŞ: 1967-ci ildə 31 255 ədəd nüvə silahı vardısa, indi bu say 88% azalaraq, 5 000 ədədə qədər enib;
- Rusiyanın (SSRİ) nüvə arsenalı 45 000 mindən (1986-cı il) 5 500 ədədə qədər düşüb;
- Fransanın 1991-92-ci illərdə 540 ədəd nüvə silahı vardı, bu gün 290 ədəddir;
- Böyük Britaniyada 520 ədəd nüvə başlığı (1970-ci il) vardı, bu gün yarıdan çoxu ləğv edilib və əlində 225 nüvə silahı var;
- yalnız Çində artım özünü göstərir: 1980-ci illərdəki say - 300 nüvə başlığı artaraq 600 ədədə çatıb və bu say artıq stabil tutulur.
Strateji silahların azaldılmasının böyük hissəsi ABŞ və Rusiya (SSRİ) arasında imzalanmış ikitərəfli müqavilələr (SALT, START) nəticəsində baş verib.
Yuxarıda da qeyd etdiyim kimi, NPT müqaviləsindən sonra daha 3 dövlət nüvə silahı əldə edib. Onlara qarşı da ciddi beynəlxalq iradlar var, amma İran məsələsi onlardan tam fərqlənir. İranın digər nüvə ölkələrindən daha çox təzyiqə məruz qalmasının səbəblərini analiz etsək, buna səbəb verən 3 əsas amili vurğulamaq olar:
- birincisi, hüquqi fərq və öhdəliyin pozulmasıdır. Qeyd etdiyim kimi, Hindistan, Pakistan və hətta İranın əsas düşməni olan İsrail heç vaxt NPT-ni imzalamayıblar. Onlar hüquqi baxımdan “nüvə əldə etməyəcəyəm” deyə bir söz verməmişdilər. Buna görə də onların nüvə silahı düzəltməsi beynəlxalq hüququn pozulması deyil, sadəcə, “beynəlxalq norma”dan kənara çıxmaqdır. İsraildə isə vəziyyət bir az da fərqlidir. Onlar nüvə silahlarının olduğunu nə təsdiq, nə də inkar edirlər, ancaq bütün dünya bilir ki, müqavilə imzalanmamışdan öncə, 1967-ci il savaşı ərəfəsində İsrail artıq nüvə silahına sahib idi. İsrailin yeganə tələbi öz milli təhlükəsizliyinə zəmanətdir: bölgədə sülh bərqərar olsun, məni yox etmək istəyən qüvvələr bu istəklərindən vaz keçsin, müqaviləyə də qoşulum, nüvə proqramımı da hər kəsin təftiş etməsi üçün açıq elan edim. İsrail yerdən göyə haqlıdır! İranın vəziyyətinə baxaq: İran bu müqaviləni könüllü imzalayıb və bunun müqabilində dinc məqsədlər üçün istifadə etmək şərtilə nüvə texnologiyası yardımı alıb. İndi gizli şəkildə silah hazırlamaq cəhdi “beynəlxalq müqaviləyə xəyanət” və hüquqi saxtakarlıq kimi qiymətləndirilir;
- ikinci amil siyasi ritorika ilə bağlıdır, İran 45 ildir ki, açıq şəkildə bəyan edir: “İlk fürsətdə İsraili Yer üzündən siləcəyəm!” İranı Şimali Koreya ilə müqayisə edək: ABŞ-ı hədəf alsa da, onun əsas arqumenti “mənim daxili işimə qarşıma, mənə toxunma, toxunarsansa, özümü qoruyacağam” mesajı üzərində qurulub. Həm də Ş.Koreya müqavilədən çıxdıqdan sonra nüvə silahı əldə edib, yəni heç bir hüquqi məsuliyyət daşımır. Bununla belə, o, dünyadan təcrid olunub, ağır sanksiyalara məruz qalır. Hindistan və Pakistanın silahları isə daha çox bir-birinə qarşı balans yaratmaq (çəkindirmə) məqsədi daşıyır, yəni bu silahlardan kiməsə qarşı istifadə etmək niyyətləri yoxdur. İranla bağlı bir fərq də odur ki, onun İsrail ilə birbaşa sərhədi olmasa da, rejimin ən yüksək səviyyəsində işlədilən “İsrailin məhvi” ifadələri beynəlxalq ictimaiyyətdə bu silahın “müdafiə” deyil, “hücum və məhv” məqsədli olacağı qorxusunu yaradır. Bu da İranın nüvə proqramını təhlükəsizlik məsələsindən çıxarıb “ekzistensial təhdid” səviyyəsinə qaldırır;
- üçüncü amil regional dominantlıq və “proksi müharibələr”lə bağlıdır. Dünyanı narahat edən məqam odur ki, İranın onsuz da Yaxın Şərqdə (Livan, Suriya, İraq, Yəmən) geniş təsir şəbəkəsi var. Əgər İran nüvə silahı əldə edərsə, bu, onun bölgədəki proksi qüvvələrinin (Hizbullah, Husilər və s.) daha cəsarətli və aqressiv hərəkət etməsinə “nüvə çətiri” yaradacaq. Yəni, artıq heç kim İrana qarşı bu qruplara görə hərbi tədbir görə bilməyəcək.
Son olaraq bu nəticəyə gələ bilərik ki, məsələ sadəcə texnologiyaya sahib olmaq deyil, o texnologiyanı hansı niyyətlə, hansı hüquqi çərçivədə əldə etməkdir. İranın həm hüquqi öhdəliyi pozması, həm aqressiv ritorikası onu “nüvə klubuna sonradan daxil olan” digərlərindən kəskin fərqləndirir. Elə bu faktın özü bizə əsas verir ki, İranın nüvə silahı əldə etməsinə qarşı duranların tərəfində olaq.
Bəli, mən bir fərd olaraq, İranın molla rejiminə qarşıyam, ona qarşı duranların cəbhəsindəyəm! Çünki İran rejimi insanlığa düşməndir! Birbaşa sərhəddi olan qonşuları ilə (Ermənistan istisnadır), o cümlədən Azərbaycanla ciddi problemləri olan İranda cinayətkar molla rejimi hakimiyyətdədir. Təsəvvür edin: bu başıboş, cahil, insanlıq düşməni molla rejiminin əlində nüvə silahı var! Mən bunu təsəvvür belə etmək istəməzdim...
TANRI MOLLA REJİMİNƏ LƏNƏT ETSİN, CƏZASINI VERSİN!
AMEN!!!
Fərəməz NOVRUZOĞLU