AZ

Kənd təsərrüfatında “gübrə maxinasiyası” – Fermerin üzərindən qazanılan MİLYONLAR

Azərbaycanda kənd təsərrüfatı mövsümünün ən həlledici mərhələsində — əkin və yemləmə işlərinin pik nöqtəsində gübrə bazarından gələn xəbərlər fermerlər üçün əsl “soyuq duş” effekti yaradıb. Dövlət Gömrük Komitəsinin rəsmi statistikası ilə real bazar qiymətləri arasındakı uçurum artıq sadəcə iqtisadi uyğunsuzluq deyil, kənd təsərrüfatına vurulan açıq zərbə kimi qiymətləndirilməlidir. Rəsmi rəqəmlər idxal olunan gübrənin orta qiymətinin 1 manat 14 qəpik (45,6% artım) olduğunu sənədləşdirsə də, tarlalarda və mağazalarda vəziyyət tamamilə fərqlidir. Son bir ayda gübrənin kisəsində müşahidə olunan 12 manatlıq qəfil bahalaşma — yəni təxminən 33 faiz dərəcəsində olan fantastik sıçrayış — heç bir məntiqi və ya qlobal iqtisadi arqumentlə əsaslandırıla bilməz. Bu, sadəcə qiymət artımı deyil, kəndlinin cibinə birbaşa müdaxilə, bazarda süni qıtlıq yaradaraq daxili istehsalın və idxalın üzərində monopolistik nəzarət qurmaq cəhdidir. Statistika idxalın həcmcə 23,4 faiz artdığını dediyi halda, fermerin bazarda gübrə tapa bilməməsi və ya tapdığı malı ikiqat qiymətə alması dövlət nəzarət mexanizmlərinin və antiinhisar tədbirlərinin nə dərəcədə səmərəsiz işlədiyini, idxalçıların isə tamahkarlıqla mövsümi fürsətçilik etdiyini açıq şəkildə ifşa edir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu vəziyyət ölkənin ərzaq təhlükəsizliyinə qarşı törədilən sabotajdır: “Biz burada klassik bir “süni qiymət diktəsi” ssenarisini görürük. Gömrük rəqəmləri göstərir ki, ölkəyə kifayət qədər gübrə daxil olub, hətta ötən illə müqayisədə 5 min tondan çox artım var. Belə olan halda bazarda hansı qıtlıqdan söhbət gedə bilər? Bu o deməkdir ki, iri idxalçı şirkətlər məhsulu anbarlarda “həbs ediblər”. Onlar çox yaxşı bilirlər ki, fermer bu gün gübrəni səpməsə, məhsulu məhv olacaq və buna görə də ən yuxarı qiyməti ödəməyə məhkumdur. Son bir ayda qiymətin 12 manat qalxması heç bir dünya birjası ilə, heç bir logistik xərclə izah oluna bilməz. Bu, sadəcə “anbar mafiyası”nın daxili bazarda yaratdığı süni təzyiqdir. İdxal qiyməti 1.14 manat olan malın fermerə çatana qədər bu qədər bahalaşması arada olan vasitəçilərin və monopoliyanın nə qədər nəzarətsiz qaldığının sübutudur”.

Ekspert vurğulayıb ki, aidiyyəti qurumların bu vəziyyətə səssiz qalması və ya yalnız müşahidəçi statusunda çıxış etməsi qəbuledilməzdir: “Dövlət fermerə subsidiyanı gübrə alsın deyə verir, amma bir qrup işbaz həmin subsidiyanı süni qiymət artımı ilə elə fermerin əlindən alıb öz cibinə qoyur. 33 faizlik artım həm də o deməkdir ki, yaxın aylarda unun, çörəyin və digər kənd təsərrüfatı məhsullarının qiyməti də eyni sürətlə artacaq. Əgər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu gün anbarlarda yoxlamalar aparmasa, bu fantastik qiymət artımının səbəbkarlarını cəzalandırmasa, biz payızda ərzaq böhranı ilə üz-üzə qalacağıq. Bazarda süni şəkildə yaradılan bu qıtlıq imitasiyası dayandırılmalıdır. Fermeri mövsümün ortasında talamaq yolverilməzdir. Bu, sadəcə iqtisadi deyil, həm də mənəvi məsuliyyətsizlikdir və bu özbaşınalığa son qoyulması üçün ən sərt inzibati tədbirlər görülməlidir”.

Aygün


Seçilən
3
3
azia.az

4Mənbələr