AZ

İbrahim Kalın Kalın: Ankara İranla müharibənin dayandırılması üçün çalışır...

MİT rəhbəri bildirib ki, münaqişə beynəlxalq hüquqa əsaslanmır və regionda sabitliyi pozur...

Poliqon xəbər verir ki, bu barədə Türkiyədə keçirilən STRATCOM sammitində çıxış edən Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın məlumat verib. O, Fars körfəzi və Yaxın Şərqdəki vəziyyətə toxunaraq qeyd edib ki, İrana qarşı aparılan müharibənin beynəlxalq hüquqi əsası yoxdur və bu münaqişəni başladan qüvvələr fəaliyyətlərini yalnız İranla məhdudlaşdırmır.

Kalın vurğulayıb ki, həmin qüvvələr regionda daha geniş miqyaslı siyasət yürüdərək Livan, Suriya və digər ölkələrdə dağıntı, ilhaq və işğal siyasətini genişləndirirlər. Onun sözlərinə görə, İranda başlayan hərbi qarşıdurma qısa müddətdə Fars körfəzi regionunun digər ölkələrinə də yayılıb və bu, ümumi təhlükəsizlik mühitini ciddi şəkildə zəiflədib.

MİT rəhbəri eyni zamanda diqqətə çatdırıb ki, İrana qarşı həyata keçirilən hücumlar regionun digər dövlətlərinə qarşı aqressiyanı heç bir şəkildə əsaslandıra bilməz. O, Türkiyənin mövcud gərginliyin azaldılması və münaqişənin diplomatik yollarla həlli istiqamətində fəal səylər göstərdiyini bildirib.

Kalının sözlərinə görə, Ankara bu prosesdə Pakistanın irəli sürdüyü təşəbbüsləri dəstəkləyir və tərəflər arasında dialoqun qurulmasına çalışır. Bununla yanaşı, o qeyd edib ki, İsrail bir neçə dəfə dialoq cəhdlərini pozaraq sülh prosesinə maneə yaradan addımlar atıb və həyata keçirilən hücumlar sülh təşəbbüslərini risk altına salıb.

Qeyd edək ki, STRATCOM Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan beynəlxalq platformadır. Bu platforma çərçivəsində ekspertlər, siyasətçilər və media nümayəndələri bir araya gələrək dezinformasiya, strateji kommunikasiya və yeni texnologiyalar kimi mühüm məsələləri müzakirə edirlər.

Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr