AZ

“Əgər bu gün sıfırdan biznesə başlasaydım…”

Bugünkü iqtisadi reallıq əvvəlki illərlə müqayisədə daha mürəkkəb, eyni zamanda daha çox imkanlarla doludur. Bazarlar sürətlə dəyişir, texnologiya biznes mühitini yenidən formalaşdırır, müştəri davranışı isə heç vaxt olmadığı qədər dinamikdir. Belə bir mühitdə sıfırdan biznes qurmaq həm risklidir, həm də düzgün yanaşma ilə olduqca gəlirli ola bilər. Əgər bu gün sıfırdan biznes başlamaq qərarı versəydim, bunu emosional yox, tamamilə strateji və sistemli şəkildə edərdim.

Ən böyük səhvlərdən biri “Hansı sahədə biznes açım?” sualı ilə işə başlamaqdır. Mən isə bu sualı belə dəyişərdim: “Hansı problemi həll edə bilərəm və bu problem üçün kim pul ödəməyə hazırdır?” Çünki müasir biznes mühitində uğur sahədən yox, problemin aktuallığından və həllin dəyərindən asılıdır. Bu səbəbdən ilk növbədə bazar araşdırması aparardım. Müştəri nöqtələrini müəyyən edib, rəqiblərin zəif tərəflərini analiz edərdim. Klassik yanaşma – böyük investisiya, məhsul və satışdırsa, mənim yanaşmam – minimal resurs, sürətli test və bazardan feedback alaraq təkmilləşdirmə olardı. Zənnimcə, bu model riskləri minimuma endirərdi. İlk məhsuluma gəlincə, sadə, ucuz və tez bazara çıxarıla bilən olardı. Çünki ilkin məqsəd ideyanın işləyib-işləmədiyini yoxlamaqdır, mükəmməl məhsul yaratmaq yox.

Bu gün texnologiyadan istifadə etməyən bizneslər rəqabətdə geri qalır. Ona görə də, prosesləri avtomatlaşdırardım.
Süni intellekt alətlərindən istifadə edərdim və marketinqi data əsaslı qurardım. Bu, həm xərcləri azaldar, həm də miqyası genişləndirməyi asanlaşdırardı.

Həmçinin ilk gündən “cash flow” fokuslu olardım. Bir çox startapın əsas problemi gəlir yox, nağd pul axınının idarə olunmamasıdır. Bu baxımdan, sabit xərcləri minimum saxlayardım. Tez gəlir gətirən model seçərdim və mənfəətliliyi mümkün qədər erkən hədəfləyərdim. Bir sözlə, təkcə məhsul yox, sistem qurardım. Uğurlu bizneslər adətən məhsul satmır, sistem qurur. Bu o deməkdir ki, satış kanalları diversifikasiya olunur, müştəri təcrübəsi standartlaşdırılır və brend dəyəri formalaşdırılır. Məqsəd yalnız satış etmək yox, davamlı və təkrarlanan gəlir modeli qurmaqdır.

Bugünkü dövrdə biznesin özü qədər onun arxasındakı insan da önəmlidir. Əgər sıfırdan başlasaydım, sosial şəbəkə hesablarımda biznesimdən aktiv şəkildə yazıb, təcrübəmi paylaşıb, auditoriya formalaşdırardım. Bu, həm müştəri etibarını artırar, həm də satış prosesini asanlaşdırardı. Təbii ki, biznes üçün komanda çox vacibdir. Lakin yeni qurulan bizneslərdə bu yanaşma bir qədər fərqlidir. Komandanı gec, amma düzgün qurardım. İlkin mərhələdə maksimum işi özüm görərdim. Outsource və freelancelərlə işləyərdim. Komanda qurarkən isə əsas prinsipim ucuz işçi yox, uyğun insanlarla çalışmaq olardı. Ən əsası isə biznesə lokal bazarda başlayıb, strategiyanı daha geniş qurardım.

Region ölkələrinin bazarlarını analiz edərdim, satış kanalıarı potensialını əvvəldən planlayardım. Bu zaman dil və bazar uyğunlaşmasını nəzərə alardım. Çünki indi biznes qurmaq sadəcə ideya məsələsi deyil, bu, strateji düşüncə, düzgün icra və davamlı öyrənmə prosesidir.

Çinarə Ağayeva
Biznes məsləhətçi

AzPost.az

Seçilən
8
1
azpost.info

2Mənbələr