AZ

Yaşı 40-dan çox olanların NƏZƏRİNƏ

40 yaşdan sonra orqanizmdə bir sıra fizioloji dəyişikliklər baş verir. Metabolizm yavaşlayır, əzələ kütləsi azalır, bədəndə yağ faizi isə artmağa başlayır. Nəticədə, ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiq kimi xroniki problemlərin yaranma riski də yüksəlir.

Gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz bəzi qidalar isə bu riskləri artırdığı üçün onların qəbuluna daha diqqətli yanaşmaq lazımdır. Bu qidalar tam qadağan edilmir, lakin balans və porsiya nəzarəti əsas şərt sayılır.

Bizim.Media "Ensonhaber"ə istinadən həmin qidaları təqdim edir:

Emal olunmuş ət məhsulları (kolbasa, sosiska)

Bu məhsullar yüksək miqdarda duz, doymuş yağ və müxtəlif qatqı maddələri ehtiva edir. 40 yaşdan sonra ürək-damar sistemi daha həssas olduğu üçün bu qidaların tez-tez qəbulu təzyiqin yüksəlməsinə və xolesterin balansının pozulmasına səbəb ola bilər.

Rafinə edilmiş şəkər və şirniyyatlar

Şəkərli qidalar qanda şəkərin sürətlə yüksəlməsinə və daha sonra kəskin düşməsinə səbəb olur. Bu isə həm tez acmağa, həm də insulin müqavimətinin yaranmasına gətirib çıxara bilər. 40 yaşdan sonra metabolizm yavaşladığı üçün artıq şəkər xüsusilə qarın nahiyəsində piylənməni artırır.

Ağ çörək və rafinə olunmuş karbohidratlar

Lif baxımından zəif olan bu qidalar tez həzm olunur və qanda şəkər səviyyəsində dalğalanmalar yaradır. Bu hal uzun müddətdə diabet riskini artırır.

Həddindən artıq duzlu qidalar

Hazır yeməklər, turşular və paketlənmiş məhsullar çox miqdarda duz ehtiva edir. Yaş artdıqca duzun orqanizmə təsiri daha güclü hiss olunur. Artıq duz qəbulu təzyiqi yüksəldir və böyrəklərə mənfi təsir edir.

Qızartmalar və trans yağlar

Qızardılmış yeməklər və trans yağlar damarların sağlamlığına zərər verir və ürək xəstəlikləri riskini yüksəldir. Üstəlik, yüksək kalorili olduqları üçün çəkiyə nəzarəti çətinləşdirir.

Qazlı və şəkərli içkilər

Bu içkilər yüksək şəkər tərkiblidir, qida dəyəri baxımından zəifdir. Davamlı istifadə qaraciyərdə yağlanmaya və çəki artımına səbəb ola bilər. Həmçinin sümük sağlamlığına da mənfi təsir göstərir.

Həddindən artıq kofein qəbulu

40 yaşdan sonra keyfiyyətli yuxu ümumi sağlamlıq üçün daha vacib olduğu üçün kofein balanslı şəkildə qəbul edilməlidir.

Alkoqol

Yaş artdıqca orqanizmin alkoqolu parçalama qabiliyyəti azalır. Bu isə qaraciyərə əlavə yük düşməsinə səbəb olur. Alkoqol həmçinin yuxu rejimini pozur və çəkiyə nəzarəti çətinləşdirir.

Bizim.Media

Seçilən
11
bizim.media

1Mənbələr