AZ

DİQQƏT RİSK VAR! Bu peşə sahibləri dünyadan cavan gedə bilər

Son illər qəfil ürəktutmadan ölüm halları cavanlaşıb. Bu fakt cəmiyyətdə ciddi narahatlıq doğurur və insanları düşündürməyə başlayır. Xüsusilə gənc yaşlarda belə halların artması diqqətdən kənarda qalmır. Bir çox insan bu mövzuda daha çox məlumat almağa və səbəbləri anlamağa çalışır. Bu vəziyyətin arxasında hansı amillər dayanır? Gənclər arasında bu halların artması nə ilə bağlı ola bilər?

Kardioloq İlqar Tahiroğlu “Yeni Sabah”a açıqlamasında bu mövzuya aydınlıq gətirib.

Onun sözlərinə görə, ürək xəstəliklərindən qorunmaq üçün insanlar bir sıra məqamlara diqqət etməlidir:

“Ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ilk növbədə risk faktorlarının azaldılması vacibdir. Düzgün qidalanma əsas şərtlərdəndir: duz və doymuş yağların qəbulu məhdudlaşdırılmalı, tərəvəz, meyvə və balıq istehlakı artırılmalıdır. Müntəzəm fiziki aktivlik də mühüm rol oynayır; həftədə ən az 150 dəqiqə orta intensiv hərəkət tövsiyə olunur. Siqaretin tam dayandırılması vacibdir. Bundan əlavə, bədən çəkisinin normada saxlanılması, arterial hipertoniya, şəkərli diabet və xolesterin yüksəkliyinin nəzarətdə saxlanması, eləcə də stressin azaldılması və kifayət qədər yuxu ürək sağlamlığının qorunmasında mühüm əhəmiyyət daşıyır”.

Həkim bildirib ki, insan bir sıra hallarda dərhal ürək həkiminə müraciət etməlidir:

“Sinədə sol qola, kürəyə, çənəyə yayılan göynədici, yandırıcı, sıxıcı xarakterli ağrıların olması. Eyni zamanda nəfəs darlığı, ani halsızlıq, başgicəllənmə, ürək döyüntülərinin sürətlənməsi və ya nizamsızlaşması, soyuq tər və ürəkbulanma ilə müşayiət olunan hallar olduqda dərhal həkimə müraciət edilməlidir. Bu əlamətlər kəskin koronar sindromun göstəricisi ola bilər və təcili tibbi müdaxilə tələb edir”.

Bəs ən çox hansı peşə sahiblərində ürək xəstəliklərinə rast gəlinir?

Kardioloq qeyd edib ki, ürək xəstəliklərinin yaranmasında əsas rol həyat tərzinə məxsus olsa da, bəzi peşə qruplarında risk daha yüksəkdir:

“Oturaq həyat tərzi olan ofis işçiləri və sürücülər, yüksək stress altında çalışan həkimlər, hərbçilər və menecerlər, eləcə də gecə növbəsində işləyən şəxslər bu baxımdan daha riskli qruplara daxildir. Bu hallarda fiziki passivlik, stress və yuxu rejiminin pozulması əsas səbəblər kimi çıxış edir”.

İ.Tahiroğlu vurğulayıb ki, bəzi yaş dövrləri ürək xəstəlikləri baxımından daha təhlükəli hesab olunur:

“Ümumiyyətlə, kişilərdə 45 yaşdan, qadınlarda isə menopauza dövründən, yəni təxminən 50 yaşdan sonra risk artır. Lakin son illərdə həyat tərzi ilə bağlı faktorların təsiri nəticəsində daha gənc yaş qruplarında da ürək-damar xəstəliklərinin artdığı müşahidə edilir”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
24
yenisabah.az

1Mənbələr