AZ

Azərbaycan NATO münasibətləri yeni mərhələyə keçir ANALİTİK

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Azərbaycanla Ermənistan arasında sülhə doğru əhəmiyyətli irəliləyişi alqışlayır.

Bu barədə alyansın baş katibi Mark Rüttenin 2025-ci ilin yekunlarına dair hesabatında deyilir.

Sənəddə avqust ayında sülh sazişinin paraflanmasının münasibətlərin normallaşması və regional təhlükəsizliyin möhkəmləndirilməsi yolunda mühüm addım olduğu vurğulanır. Bu baxımdan alyans hər iki ölkə ilə dialoqu və əməkdaşlığı dərinləşdirməyə hazırdır: "Xüsusilə regionun Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin nəticələrini öz üzərində davamlı olaraq hiss etməsini nəzərə alaraq Cənubi Qafqaz NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir".

NATO Azərbaycan əlaqələrini şərh edən Politoloq Amid Əliyev Sherg.az-a bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyəti getdikcə artmaqdadır: "Xüsusilə son çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte-nin 2025-ci ilin yekunlarına dair hesabatında region haqqında səsləndirdiyi fikirlər göstərir ki, Cənubi Qafqaz artıq yalnız regional deyil, daha geniş Avro-Atlantik təhlükəsizlik arxitekturasının bir hissəsi kimi qiymətləndirilir. NATO rəhbərliyinin Azərbaycan-Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi müsbət qiymətləndirməsi, eyni zamanda regionun Rusiya-Ukrayna müharibəsinin təsirlərini hiss etməsi fonunda Alyansın təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulaması, əslində NATO-nun regiona münasibətdə strateji baxışının dəyişdiyini göstərir. Bu yanaşma onu deməyə əsas verir ki, Cənubi Qafqaz artıq periferik təhlükəsizlik zonasından çox, böyük güclər arasında geosiyasi rəqabətin mühüm məkanlarından birinə çevrilib.

Bu kontekstdə Azərbaycanın rolu xüsusi olaraq diqqət çəkir. Çünki Azərbaycan regionda həm enerji resurslarına, həm nəqliyyat-logistika imkanlarına, həm də siyasi manevr qabiliyyətinə malik olan əsas aktorlardan biridir".

Politoloq qeyd edib ki, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycan qazının alternativ mənbə kimi əhəmiyyəti, eləcə də Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi ölkənin geosiyasi çəkisini artırır: "Məhz bu səbəbdən NATO-nun regionda sülh və sabitlikdə maraqlı olması, dolayısı ilə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərməsi realist beynəlxalq münasibətlər nəzəriyyəsi baxımından böyük güclərin strateji maraqları ilə izah oluna bilər. Bu, ideoloji və ya normativ məsələdən daha çox təhlükəsizlik, enerji və logistika məsələsidir.

Yaxın perspektivdə Azərbaycan–NATO münasibətlərinin inkişafı daha çox üzvlük perspektivindən deyil, praktiki əməkdaşlıq mexanizmlərinin yaradılmasından və bu mexanizmlərin genişləndirilməsi istiqamətində baş verə bilər. Bu əməkdaşlıq əsasən hərbi təlimlər, sülhməramlı missiyalarda iştirak, hərbi təhsil və zabit hazırlığı proqramları, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq, müdafiə sektorunun modernləşdirilməsi və NATO standartlarının tətbiqi kimi sahələri əhatə edə bilər. Bundan əlavə, siyasi dialoqun dərinləşdirilməsi, enerji təhlükəsizliyi və strateji nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq da münasibətlərin əsas istiqamətlərindən biri olacaqdır. Bu isə münasibətlərin klassik hərbi ittifaq modelindən daha çox strateji tərəfdaşlıq modelinə uyğun inkişaf edəcəyini göstərir.

Bu əməkdaşlıq perspektivinin Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursuna təsirinə gəldikdə isə qeyd etmək lazımdır ki, Azərbaycan uzun illərdir çoxvektorlu xarici siyasət strategiyası həyata keçirir. Bu strategiyanın əsas mahiyyəti müxtəlif güc mərkəzləri – Qərb, Rusiya, Türkiyə, İran, Ərəb ölkələri, Çin, Orta Asiya və digər regional aktorlar arasında balansı qorumaq, heç bir blokdan tam asılı vəziyyətə düşməmək və milli maraqlara uyğun çevik siyasət yürütməkdən ibarətdir. NATO ilə əməkdaşlığın genişlənməsi Azərbaycanın Qərb strukturları ilə siyasi və təhlükəsizlik sahəsində əlaqələrini gücləndirə, ölkənin hərbi və texnoloji modernləşməsinə töhfə verə və beynəlxalq sistemdə geosiyasi əhəmiyyətini daha da artıra bilər. Lakin eyni zamanda bu proses regionda maraqları olan digər böyük aktorların, xüsusilə Rusiyanın və müəyyən dərəcədə İranın narahatlığına səbəb ola bilər ki, bu da Azərbaycanın xarici siyasətində balansın qorunmasını daha da mürəkkəbləşdirən amil kimi çıxış edir".

A.Əliyev bildirib ki, NATO-nun Cənubi Qafqaza artan diqqəti regionun beynəlxalq təhlükəsizlik sistemində rolunun artdığını göstərir və bu yeni geosiyasi reallıqda Azərbaycan regionun əsas strateji aktorlarından biri kimi çıxış edir: "Azərbaycan–NATO münasibətlərinin inkişafı böyük ehtimalla institusional üzvlükdən daha çox funksional və strateji əməkdaşlıq istiqamətində davam edəcəkdir. Bu əməkdaşlıq Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyasını gücləndirə, onun beynəlxalq sistemdə mövqeyini möhkəmləndirə bilər, lakin eyni zamanda böyük güclər arasında rəqabətin artdığı bir geosiyasi məkanda daha mürəkkəb və çoxşaxəli diplomatik manevrlər tələb edəcəkdir. Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifə dəyişən beynəlxalq sistemdə öz geosiyasi mövqeyini düzgün qiymətləndirmək, balans siyasətini qorumaq və böyük güclər arasında rəqabəti milli maraqlara uyğun şəkildə idarə etməkdən ibarət olacaqdır.

Əlavə olaraq son günlər NATO-nun ikinci Qərargahının Türkiyədə qurulması mətbuatda dah çox tirajlanır. Bu da özlüyündə Cənubi Qafqazda, xüsuslə də Azərbaycanla bu platforma üzərindən yeni əməkdaşlıq imkanları vəd edir. Qısa zamanda bu inkişafın hansı vektorlar və istiqamətlər üzərdin qərarlaşacağını birlikdə görə biləciyik"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
sherg.az

1Mənbələr