AZ

Edam kölgəsində müharibə: “Rejim qalsa, gəncləri qıracaqlar!” – ŞOK VİDEO

Fevralın 28-dən bəri davam edən ABŞ və İsrailin hava zərbələri Tehranın bir hissəsini xarabalığa çevirib. Müharibənin bir ayı ərzində ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda ən azı min hədəfin vurulduğunu bildirir.

HRANA hüquq-müdafiə təşkilatının məlumatına görə isə, ölkədə 217-si uşaq olmaqla, ən azı 1464 mülki şəxs həlak olub.

NOCOMMENT.az xəbər verir ki, “Azadlıq Radiosu”nun fars xidmətinə danışan Tehran sakinləri yaşadıqları dəhşətləri bölüşərkən hadisələrə yanaşmada kəskin fərqlənirlər. Sakinlərdən biri diplomatiyanı rədd edərək “qəti qələbə”yə ümid bəslədiyini deyir: “Şilləyə güllə ilə cavab verərlər”.

Digər bir paytaxt sakini isə Xameneinin ölümündən sonra rahat nəfəs aldığını, lakin Minabda məktəbli qızların həlak olmasından dəhşətə gəldiyini gizlətmir: “Ölkəni dağıdırlar. Artıq bu partlayışlara dözə bilmirəm”. Bir qadın isə müharibənin ortasında üç nəfərin edam edilməsindən narahatlığını ifadə edir: “Rejim hakimiyyətdə qalsa, nə olacaq? Qorxuram ki, müharibədən sonra hər şey daha qəddarlaşsın və gəncləri edam etməyə başlasınlar”.

Övladının həyatından narahat olan bir ana isə müharibə tərəfdarlarına səslənir: “Düşünürəm ki, Amerika və İsrailin hücumunu istəyənlər müharibənin nə olduğunu bilmirdilər”. Hər partlayışdan sonra yaxınlarına zəng edib sağ olduqlarını yoxlayan tehranlılar üçün sabahın, hətta bir saat sonranın belə təminatı yoxdur. Onlar həm xarici zərbələrin, həm də daxili repressiyaların məngənəsində sağ qalmağa çalışırlar.

Sara,
NOCOMMENT.az

Seçilən
16
nocomment.az

1Mənbələr