AZ

“Ürək dərmanı içirəm... deyirlər ki, necə yaxşı qalmısan” – Firəngiz Mütəllimova

“Bayramı evdə ailəmlə keçirdim. Hətta martın 22-də “Varlı qadın” tamaşasında oynadım. Biz bayram olaraq axırıncı çərşənbəni qeyd edirik”.

Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova deyib.

O bildirib ki, hazırda dincəlir və yaz yorğunluğunu çıxarır:

“Hamı kimi mən də halbahal oluram. İnsan əhvalı saatbasaat dəyişir. Dünən qəşəng hava var idi, çöldə çıxıb gəzmək istədim, elə bir duman gəldi ki, qəfil soyuq oldu, evə qayıtdım. Yəni mənim əhvalım da hava kimidir, gah yaxşı, gah da pis olur. Bəzən narahat oluram, ürək dərmanı içirəm”.

Sənətçi deyib ki, daha universitetdə dərs demir:

“Üç buraxılış kursum oldu. Tələbələrimin hamısı yaxşı yerlərdədir, işləyirlər. Mən 2013-cü ildə beyin əməliyyatı keçirdim, ona görə də bir neçə yerdə işləmək çətindir. Beynimi yormaq istəmədim. Şuşa işğaldan azad olunandan sonra orada çoxlu tədbirlərdə iştirak etdim, teatrda da tamaşalar oldu. Buna görə də özümü çox yormaq istəmədim və universitetdən ayrıldım”.

Aktrisa bahar bayramında özünə arzusundan da danışıb:

“Özüm də daxil olmaqla hamıya ilk olaraq can sağlığı arzulayıram. Novruz bayramında küsülülər barışır, amma mən kiminləsə danışmıramsa, heç barışmadım da. Açığı, küsülü olduğum adamlar qarşıma çıxmadılar ki, barışım”.

Xalq artisti qarşıdan doğum gününün gəldiyini və yaş kompleksinin olmadığını dilə gətirib:

“Mən tamaşaçının gözünün qarşısında böyümüşəm, yaşımı məndən yaxşı bilirlər. Əksinə, məni görəndə deyirlər ki, necə yaxşı qalmısan. Xüsusən də qadınlar bunu etiraf edir. Mən də buna sevinirəm”.

Aktrisa uşaqlara olan sevgisindən də söz açıb:

“Bacımın iki övladı var. Elə bilirəm ki, mənim nəvələrimdir. Qardaşımın nəvələrini də çox sevirəm. Onları bir-birindən ayırmıram”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr