AZ

Azərbaycan arıçılığı TƏHLÜKƏ ALTINDA – Mütəxəssislərdən SOS

Azərbaycanın arıçılıq sektoru son illərin ən böyük bioloji təhlükəsi ilə üz-üzədir. Özbəkistandan idxal edilən və gənələrlə yoluxmuş olduğu iddia edilən bir tır dolusu arı ailəsinin İsmayıllı rayonu ərazisində dövriyyəyə buraxılması yerli təsərrüfatlarda böyük təşviş yaradıb. Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətovun xəbərdarlığına görə, söhbət dünyada arıların qatili kimi tanınan “Tropilaelaps” gənəsindən gedir. Bu parazit təkcə fərdi pətəkləri deyil, bütöv bir regionun ekosistemini və kənd təsərrüfatı zəncirini məhv etmək gücünə malikdir.

Məsələnin ciddiyyətini və potensial fəsadlarını kənd təsərrüfatı və peşəkar arıçılıq mütəxəssisləri şərh edib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov qeyd edib ki, bu hadisə ölkənin aqrar təhlükəsizliyinə qarşı diversiya kimi qiymətləndirilməlidir:

“”Tropilaelaps ” gənəsi bizim arıçıların illərdir mübarizə apardığı adi ‘Varroa’ gənəsindən qat-qat aqressiv və təhlükəlidir. Bu parazit birbaşa arı sürfələri ilə qidalanır və pətəyin daxilində çoxalma sürəti inanılmaz dərəcədə yüksəkdir. Yoluxmuş pətəklərdə arılar şikəst, qanadsız və uçmaq qabiliyyəti olmadan doğulur ki, bu da ailənin cəmi bir neçə həftə ərzində tamamilə çökməsinə səbəb olur.

Özbəkistandan gətirilən bu arıların İsmayıllı kimi strateji bir zonada boşaldılması o deməkdir ki, infeksiya artıq ətraf mühitə sızıb. Rusiya illər əvvəl bu xəstəliyə görə Özbəkistan arılarına qadağa qoymaqla özünü sığortaladı, biz isə bu boşluğa yol verməməliydik. İndi yeganə yol həmin ərazinin tam karantinə alınması və bütün yoluxmuş materialların ciddi nəzarət altında məhv edilməsidir. Əks halda, Azərbaycanın bal ixracı potensialı və daxili bazarı tamamilə sıradan çıxa bilər”.

20 ildən çoxdur arıçılıqla məşğul olan təcrübəli mütəxəssis Kazım Nəbiyev isə məsələnin praktiki çətinliklərindən və arıçıların yaşayacağı faciədən danışıb:

“Arıçı üçün pətəyin məhvi təkcə maddi itki deyil, illərin əməyinin və genofondun itirilməsidir. ‘Tropilaelaps’ elə bir bəladır ki, onunla adi dərmanlarla mübarizə aparmaq demək olar ki, qeyri-mümkündür. Bu gənə o qədər kiçikdir ki, arıçı onu gözlə görməkdə çətinlik çəkir, xəstəlik aşkar olunanda isə artıq gec olur. Özbəkistandan müxtəlif yollarla, bəlkə də sənədlərdə ‘təmiz’ göstərilərək gətirilən bu arılar yerli Boz Qafqaz arı cinsimizin ən böyük düşmənidir. İsmayıllı rayonu arıçılığın ürəyidir, buradan xəstəlik yayılsa, bütün dağlıq və dağətəyi rayonlarımız zəncirvari reaksiya ilə yoluxacaq. Biz 20 ildir belə bir təhlükə görməmişdik. İşbazlar üç-beş manat qazanc güdürlər, amma minlərlə arıçı ailəsinin çörəyinə bais olurlar. Aidiyyəti dövlət qurumları, xüsusilə Qida Təhlükəsizliyi Agentliyi təcili reydlərə başlamalı və həmin bir tır arının aqibətini rəsmi şəkildə açıqlamalıdır”.

Tunar
NOCOMMENT.az

Seçilən
33
1
nocomment.az

2Mənbələr