AZ

PUTİN OLİQARXLARDAN PUL TƏLƏB ETDİ “Müharibənin Donbass sərhədlərinə qədər davam edəcəyini dedi”

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Dünən Rusiya Sənayeçilər və Sahibkarlar Birliyinin (RSPP) qurultayından sonra keçirilən qapalı görüşdə Vladimir Putin Ukraynaya qarşı müharibəni davam etdirmək niyyətində olduğunu açıqlayıb və iri biznes sahiblərini büdcəyə “könüllü pul köçürməyə” çağırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Bell” nəşri görüşdə iştirak edən mənbələrə istinadla məlumat yayıb. "Dedilər ki, vuruşacağıq. Donbasın sərhədlərinə qədər gedəcəyik", - deyə mənbə nəşrə bildirib.

Bəzi iş adamları elə iclasın gedişində Putinin tələbinə cavab veriblər. “The Bell”-in mənbələrinə görə, toplantı zamanı milyarder Süleyman Kərimov büdcəyə 100 milyard rubl(1 milyard dollardan çox) köçürəcəyinə söz verib. Təşəbbüsü iclasda iştirak edən daha bir tanınmış iş adamı dəstəkləyib. Lakin o, verəcəyi məbləği açıqlamayıb.

Nəşrin mənbələrindən birinin məlumatına görə, "ölkə üçün bu çətin dövrdə biznesi silkələmək" ideyası “Rosneft”-in baş direktoru İqor Seçindən gəlib. Qeyd olunur ki, Seçin bundan bir gün əvvəl Putinə göndərdiyi məktubda hərbi istiqrazların buraxılmasını da təklif edib.

Qeyd edək ki, oliqarxlardan pul tələbi Rusiyada rekord büdcə kəsiri və sürətlə artan müharibə xərcləri fonunda ortaya atılıb. Əksər ekspertlərə görə, 2026-cı ilin sonuna qədər Rusiyanın büdcə kəsiri Maliyyə Nazirliyinin proqnozlaşdırdığı 3,8 trilyon rubldan iki dəfə çox ola bilər. Xəzinədarlıq gəlirləri planlaşdırılan 40,2 trilyon rubldan 3 trilyon rubl az olacaq, xərclər isə əksinə, təxminən 1 trilyon artacaq.

Bundan əlavə, “Alfa Bank”ın hesablamalarına görə, hələ fevral ayının sonuna qədər büdcə kəsiri artıq 3,2 trilyon rubla çatıb və illik plana yaxınlaşıb.

Bu arada Almaniya Federal Kəşfiyyat Xidmətinin(BND) Rusiyanın maliyyə-iqtisadi durumu ilə bağlı məlumatları mətbuata sızdırılıb. Kəşfiyyatın hesabatından məlum olur ki, 2025-ci il üçün Rusiya federal büdcəsinin faktiki kəsiri rəsmən elan olunmuş 5,65 trilyon rubl deyil, 8,01 trilyon rubl təşkil edib. Alman kəşfiyyatının açıqlamasına görə, Moskva iqtisadiyyatın demək olar ki, bütün sektorları sarsılarkən "ağrılı itkiləri bəzəkli rəqəmlərlə" gizlətməyə çalışır. Büdcədə hərbi xərclər ən böyük xərc maddəsi olaraq qalır. 2026-cı ildə "milli müdafiə"yə 12,9 trilyon rubl ayrılıb. Bu, bütün büdcə xərclərinin demək olar, 30%-i və həftədə 248,6 milyard rubl(2.5 milyard dollardan çox) deməkdir. Bu məbləğ Rusiya Federasiyasının 62 subyektinin illik büdcəsini üstələyir. Təhlükəsizlik sektoruna xərclərlə birlikdə hərbi xərclər 17 trilyon rubla çatır ki, bu da digər sahələrlə müqayisədə büdcədəki ən böyük pay deməkdir.

"Rusiya iqtisadiyyatı ölüm zonasına daxil olub"

Berlindəki Karnegi Rusiya Avrasiya Mərkəzinin tədqiqatçısı Aleksandra Prokopenko Rusiya iqtisadiyyatının vəziyyətini bir cümlə ilə belə ifadə edib: "Rusiya iqtisadiyyatı ölüm zonasına daxil olub". O deyib ki, “bu orqanizm özü özünü yeyir” və onun bərpa olunması sürəti məhv edilməsi sürətindən xeyli geri qalır.

Avropa Siyasət Təhlili Mərkəzinin (CEPA) baş tədqiqatçısı Aleksandr Kolyandr isə deyib ki, "İlin əvvəlindən cəmi iki ay keçib və Rusiya büdcəsi artıq dağılıb".

Lakin göründüyü kimi, bütün xəbərdarlıqlara baxmayaraq, Putin hakimiyyəti müharibəni davam etdirməkdə israrlıdır. 

Maraqlıdır ki, oliqarxları “silkələyəndən” sonra Milli Rifah Fondunu da çoxdan “əritmiş” Kreml müharibəni maliyyələşdirmək üçün hansı mənbələrə əl atacaq? Qalır əhalinin əmanətlərinə “əl qoymaq” və pul çap edən maşını işə salmaq. Bunun nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq isə olduqca çətindir...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
1
hurriyyet.az

2Mənbələr