AZ

Tehran Trampı çətin vəziyyətə saldı: Cavab gözləyir

İran ABŞ-nin 15 maddədən ibarət təklifinə rəsmi cavab göndərib. 

Bu barədə etibarlı mənbədən “Tasnim”ə məlumat daxil olub.Bildirilib ki, cavab gecə saatlarında göndərilib və Tehran hazırda Vaşinqtondan cavab gözləyir.

İran münaqişənin sona çatması üçün bir sıra şərtlər irəli sürüb. Bunlara qətllərin və hücumların dayandırılması, həmçinin müharibənin təkrarlanmayacağına dair zəmanətlər daxildir.

Tehran müharibə nəticəsində dəymiş ziyanın kompensasiyasının aydın şəkildə müəyyənləşdirilməsini və təmin edilməsini, eləcə də, münaqişənin bütün cəbhələrdə başa çatmasını tələb edib.

İran Hörmüz boğazı üzərində suverenliyinin “təbii və hüquqi haqq” kimi tanınmalı olduğunu da vurğulayıb. Həmçinin ABŞ-nin niyyətlərinə şübhə ilə yanaşaraq bildirib ki, İran Vaşinqtonun danışıqlarla bağlı çağırışlarını “aldadıcı” hesab edir və bunun bir neçə məqsədə xidmət etdiyini düşünür.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində ABŞ-nin İranın şərtlərinə cavabının bu cür olacağını bildirib:

“Məhz İranın ABŞ-nin 15 maddəlik təklifinə cavab verməsi regionda geosiyasi dinamikanın yeni mərhələyə keçə biləcəyini göstərir. İran tərəfindən irəli sürülən şərtlər, xüsusilə də hücumların dayandırılması, müharibənin təkrarlanmaması üçün zəmanət və kompensasiya tələbləri danışıqlarda maksimum mövqe tutmaq strategiyasına uyğundur.

Bu isə ABŞ üçün həm diplomatik, həm də strateji baxımdan mürəkkəb seçimlər yaradır. ABŞ-nin ilkin reaksiyasının ehtiyatlı və çoxmərhələli olacağı ehtimalı yüksəkdir. Vaşinqton adətən belə hallarda birbaşa qəbul və ya rədd cavabı vermək əvəzinə, şərtlərin detallı müzakirəsini təklif edir. 

İranın irəli sürdüyü “zəmanət” məsələsi xüsusilə həssasdır, çünki ABŞ siyasi sistemi daxilində uzunmüddətli hüquqi zəmanətlər vermək çətindir. Bu səbəbdən ABŞ böyük ehtimalla daha elastik və şərti ifadələrlə cavab verəcək. 

Belə ki, beynəlxalq mexanizmlər çərçivəsində təhlükəsizlik təminatları təklif edə bilər”.Ekspert əlavə edib ki, digər vacib məqam kompensasiya məsələsidir:

“İranın müharibə nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etməsi ABŞ üçün siyasi baxımdan çətin qəbul edilən şərtdir. Bu tələbin qəbul edilməsi, faktiki olaraq hərbi əməliyyatların işğal olması ilə razılşamaq demək olar.

Düşünürəm ki, bu tələblə bağlı ABŞ dolayı iqtisadi güzəştlər, məsələn, sanksiyaların yumşaldılması və s. bu kimi kompromis təklif edə bilər. Başqa sözlə, Vaşinqtonun cavabında bu məsələ ya qeyri-müəyyən saxlanılacaq, ya da alternativ iqtisadi təşviqlərlə əvəz olunacaq”.

Hörmüz boğazına gəlincə, ekspert vurğulayıb ki, İranın bununla bağlı tələbi ayrıca diqqət çəkir:

“Hörmüz boğazı qlobal enerji təchizatı üçün kritik əhəmiyyət daşıyır və ABŞ burada beynəlxalq dəniz hüququ prinsiplərini ön plana çəkir. İranın suverenlik iddiasının “tam və açıq şəkildə tanınması”nın ABŞ tərəfindən qəbul edilməsi mümkünsüzdür.

Bunun əvəzinə, Vaşinqton daha balanslı formul tapmağa çalışa bilər, yəni həm İranın regional rolunu qismən tanımaq, həm də beynəlxalq gəmiçiliyin azadlığını təmin etmək”.

Politoloq hesab edir ki, Vaşinqton İranın şərtlərini ciddi şəkildə nəzərdən keçirəcək:

“ABŞ-nin müharibəni dayandırmaq istəklərini nəzərə alsaq İrana cavabın böyük ehtimalla kompromis yönümlü, lakin sərt qırmızı xətləri qorumaqla veriləcəyini düşünürəm.

Vaşinqtonun İranın bu şəkildə irəli sürdüyü şərtləri qəbul etməyəcəyinə şübhə yoxdur, amma danışıqları davam etdirmək üçün konstruktiv mövqe nümayiş etdirəcəyini ehtimal etmək olar.

Bu yanaşma həm regionda gərginliyin azaldılması, həm də ABŞ-nin müttəfiqləri qarşısında mövqeyini qoruması baxımından vacibdir. Həm daxili təzyiqi, həm Körfəz ölkələrindən olan təzyiqləri azaltmaq, eləcə də neft qiymətlərinin qalxması səbəbilə istər Avropa, istərsə də Asiyadakı müttəfiqlərinin də mövqeyini nəzərə almaq üçün ABŞ nəticələrindən asılı olmayaraq uzun sürəcək danışıqlara belə hazır görünür”.

O bildirib ki, qarşıdakı mərhələ “tam razılaşma”dan daha çox uzun və mərhələli danışıqlar prosesi kimi görünür:

“Əgər tərəflər maksimalist mövqelərdən qismən geri çəkilə bilsələr, məhdud da olsa, razılaşma əldə etmək mümkündür. Əks halda isə bu diplomatik mübadilə yalnız növbəti geosiyasi gərginliyin başlanğıcı kimi tarixə düşə bilər”. 

Seçilən
6
1
cebheinfo.az

2Mənbələr