Bu ilin yanvar-fevral aylarında Azərbaycanda turist yerləşdirilməsi və ictimai iaşə sahəsinə 4,3 milyon manat investisiya yatırılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 % azdır.
Dövr ərzində bu sahə üzrə investisiyaların ümumi iqtisadi sahələrə yatırılmış investisiyalarda xüsusi çəkisi 0,2%% təşkil edib.
Maraqlıdır, bu geriləmənin əsas səbəbləri nələrdir? Bu sahəyə yatırılan investisiyaların ümumi investisiyalar içində cəmi 0,2 % təşkil etməsi nə ilə bağlıdır?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, ölkədə ümumi investisiyalar içərisində turizm yerləşdirilməsi və ictimai iaşə sahəsinə yönələn vəsaitlərin payı kifayət qədər yüksək deyil:

"Azərbaycanda turizmə yönəlik investisiyaların həcmi heç vaxt yüksək olmayıb. Yəni ümumi investisiyalarda payı o qədər də böyük olmayıb. Dövlət investisiyaları zəif olduqda, yəni iri otellər və böyük turizm mərkəzləri tikilmədikdə özəl sektorun da bu sahədə investisiyaları həmişə az olur, marağı və yatırımları adətən aşağı olur.
Bununla yanaşı, quru sərhədlərin uzun müddət bağlı qalması turizm sektoruna mənfi təsir göstərir. Bu amil xüsusilə sərhədyanı bölgələrdə turizm obyektlərinin inkişafına maneə yaradır və ümumilikdə sahəyə marağın azalmasına səbəb olur".
Ekspert qeyd edib ki, son dövrlərdə Azərbaycanın əsas turist qəbul etdiyi Körfəz ölkələrində yaranan problemlər də turizmə marağı azaldan faktorlar sırasındadır:
"Burada söhbət yalnız hazırda davam edən münaqişələrdən getmir. Keçən ildən, hətta 2024-cü ildən etibarən Körfəz ölkələrindən gələn turistlərin sayında müəyyən azalma müşahidə olunurdu ki, bu da investisiyaların təşviqinə mənfi təsir göstərir.
Çünki turizm axını kifayət qədər böyük olmalıdır ki, bu sahəyə daha çox investisiya cəlb etmək mümkün olsun. Nəticə etibarilə, bu, kompleks bir problemdir, yəni həm quru sərhədlərin bağlı qalması, həm ənənəvi turist axınının gəldiyi ölkələrdən gələnlərin sayının azalması turizm sektoruna marağın və investisiyaların zəifləməsinə gətirib çıxarır".