AZ

Azərbaycan bu il də “Yer saatı” beynəlxalq kampaniyasına qoşulacaq

"Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə martın 28-də kütləvi aksiya təşkil ediləcək.

IDEA-dan Day.Az-a verilən məlumata görə, kampaniyaya qoşulan bir çox qurum və təşkilatlar yerli vaxtla saat 20:30-dan başlayaraq binalarının fasad işıqlarını bir saatlıq söndürəcəklər.

Qeyd edək ki, bu il dünyada "Yer saatı"nın 20 illiyi qeyd olunur. Azərbaycan bu qlobal kampaniyanı dəstəkləyən ölkələrin siyahısına 2011-ci ildə qoşulub və o vaxtdan bəri kampaniya hər il IDEA-nın dəstəyi ilə ölkəmizdə keçirilir.

Dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, "Yer saatı" milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi təşəbbüsü kimi başlanmış bu kampaniya dünyanın əksər ölkələrində, minlərlə şəhərlərdə qeyd edilir. Hər il mart ayının son şənbə günündə qeyd olunan "Yer saatı" aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasad işıqları bir saatlıq söndürülür. Bununla yanaşı, milyonlarla insan fərdi olaraq da bu aksiyaya qoşulmaqla, ətraf mühitin mühafizəsi istiqamətində həmrəylik nümayiş etdirir.

İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) hər kəsi martın 28-də saat 20:30-da işıqları 60 dəqiqəlik söndürməklə aksiyaya qoşulmağa və planetimizə bir saat vaxt ayırmağa dəvət edir.

Seçilən
5
19
day.az

10Mənbələr