AZ

Yeni bahalaşma dalğası gəlir? - Bu sahələrdə…

“Novruz və Ramazan bayramı dövründən sonra bazarda qiymət dəyişiklikləri adətən mövsümi tələb və təklif balansı ilə bağlı olur. Bayram günlərində bəzi məhsullara tələbat kəskin artdığı üçün həmin dövrdən sonra qiymətlərdə həm enmə, həm də müəyyən hallarda artım müşahidə edilə bilər”.

Bunu “Yeni Sabah”a açıqlamasında iqtisadçı Akif Nəsirli deyib.

Ekspert bayramdan sonra bazardakı qiymət fərqlərindən söz açıb:

“Ət və ət məhsulları bayramlarda çox istifadə olunduğuna görə bəzən bayramdan sonra təklif azalır və qiymətlər qısa müddətlik arta bilər. Xüsusilə mal və qoyun əti bazarında bu daha çox hiss olunur. Süd və süd məhsullarında da müəyyən bahalaşma ehtimalı var, çünki istehsal və logistika xərcləri bayram sonrası dövrdə arta bilər”.

A.Nəsirlinin sözlərinə görə, meyvə-tərəvəz məhsullarında vəziyyət bir qədər fərqlidir:

“Mövsümdən asılı olaraq bəzi məhsullar ucuzlaşa bilər, amma idxaldan asılı olan və ya mövsümdənkənar məhsulların bahalaşması mümkündür. Şirniyyat və şəkər tərkibli məhsullar isə bayram öncəsi yüksək tələbatdan sonra bəzən qiymət sabitliyini qorusa da, xammal qiymətləri artarsa bahalaşa bilər”.

Müsahibimiz onu da qeyd edib ki, nəqliyyat və logistika xərclərinin artması ümumi qiymətlərə təsir edən əsas amillərdəndir:

“Yanacaq qiymətlərində dəyişiklik olarsa, bu, demək olar ki, bütün məhsulların qiymətinə dolayı yolla təsir göstərir. Bundan əlavə, idxal olunan məhsullar üçün valyuta məzənnəsi də mühüm rol oynayır. Əgər dollar və ya digər xarici valyutalar bahalaşarsa, bu, xüsusilə texnika, geyim və bəzi ərzaq məhsullarında qiymət artımına səbəb ola bilər. Ümumilikdə, bayramdan sonra ən çox bahalaşma ehtimalı olan məhsullar əsasən ət, süd məhsulları, idxal malları və logistika ilə bağlı olan məhsul qrupları hesab olunur, amma konkret qiymət dəyişiklikləri bazardakı real vəziyyətdən asılıdır”.

İqtisadçı Natiq Cəfərli isə deyib ki, keçən illəri nəzərə alsaq, bayramlardan sonra ən azından kənd təsərrüfatı məhsullarında müəyyən ucuzlaşma olur:

“Yəni, keçən illərdə də biz bunu görmüşük. Sadəcə indi dünyada vəziyyət elədir ki, həm enerji daşıyıcılarının qiymətinin artması, həm logistikanın və yol xərclərinin bahalaşması yeni problemlər yaradıb. Yəni inflyasiyanı sürətləndirə biləcək amillər formalaşıb”.

Ekspert əlavə edib ki. Azərbaycan isə kifayət qədər idxaldan asılı ölkədir:

“Elə ərzaq məhsullarını götürsək, haradasa 75% asılılığımız var. Ona görə də, əgər enerji daşıyıcıları bahalaşacaqsa və bu proses davam edəcəksə, eyni zamanda yol və nəqliyyat xərcləri dünyada artacaqsa, o zaman Azərbaycanda da demək olar ki, bütün məhsulların qiymətində artım müşahidə oluna bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
21
4
yenisabah.az

5Mənbələr