AZ

Ruspərəstlərmi qorxuludur, İranpərəstlərmi: Rəşid Hacılı yazır

Ən yeni tarixdə ruspərəstlər sərt qınaq obyekti olublar. Rusiya özü zəiflədikcə onlar da əriyib azaldılar. Xüsusilə 44 günlük savaş, bunun ardınca antiterror əməliyyatı və rus əsgərlərinin Qarabağdan getməsi ilə ruspərəstlər marginal, gün üzünə çıxmaqdan qorxan bir hala gəldilər.

Bəs iranpərəstlər?

Onlar çoxdurlar. Özlərini gizlətmirlər. Gerçəkdə iranpərəstlər ruspərəstlərdən daha qorxuludurlar. Daha radikaldırlar. Daha amansızdırlar. İdeoloji silahları daha az intellekti olanları tovlamaya yönəlib. Daha qaranlıq və aqressivdirlər. Daha manipulyativdirlər.

Nə ruspərəstin, nə də, xüsusilə, iranpərəstin içində Azərbaycan sevgisi yoxdur. Əksinə, onlar Azərbaycanı İranda aşiq olduqlarına qurban verməyə hər zaman hazırdırlar. “Öncə İran!” onların devizidir. İranpərəst Təbrizin, Ərdəbilin, Urmunun, Zənganın dərdini çəkdiyini deyirsə, sadəcə ikiüzlülük edir.

***

Ayrı məsələdən yazmaq istəyirdim. İranın bir siyasi quruluş olaraq xəstəliyi onun imperiya olmasıdır. İran tarixin zəlzələsindən qurtulub yaşamaqda davam edən 2-3 imperiyadan biridir. Biri Rusiyadır. Biri Çin, biri isə Hindistandır. Bu qocalmış imperiyalar aqressivdirlər. Öz qocalmış canlarını canlandırmaq üçün həm öz içindəki xalqların, həm də qonşularının qanını içməyə hər zaman hazırdırlar.

Bunun üçün cürbəcür ideologiyalar uydurmaq, hamıya meydan oxumaq, içindəki başqa xalqları əzmək, “böyük xalqa” tabe etdirmək, güclü siyasi polis, daxili təhlükəsizlik və cəza dəstələri saxlamaq, öz xalqını güllələmək, iç nifrət – bütün bunlar həmin sistemin alətləridir. İran imperiyasının bu günədək yaşaya bilməsinin səbəbi heç də uydurulduğu kimi qədim pers dövlətçiliyi deyil. Ötən əsrin əvvəlində onu dağılmaqdan ingilislər qorudu. Transformasiya edib anti-türk kodları ilə yenidən işə saldılar. Pers və anti-türk nağıllarını taxtda oturduqları Pəhləviyə onlar yazıb verdilər.

Persiyanın şişirdilməsi “böyük Ermənistan”, “böyük Yunanıstan” kimi layihələrdən biri idi.

İmperiyanı içdən dağıdan gücləri boğmaq olar, amma şərait yetişən kimi o, yeni güclə yenidən işə düşür.

Tək Pəhləvi dönəmində İran neçə belə dağıdıcı böhran yaşadı. 40-cı illərdə ata şahı devirib oğlunu gətirdilər. Qan gölündə İranı qorumağa yardım etdilər.

50-ci illərdə yeni inqilab baş verdi. Şah qaçdı və yenə ölümlər, güllələr, qan – şahı qaytardılar.

SAVAK, siyasi repressiyalar, işgəncələr üzərində bir müddət yaşadı Pəhləvilər.

Azacıq zəifləmə – bu dəfə yeni inqilab.

Bu dəfə din adı altında İranın bütövlüyünü qoruya bildilər. Etnik azlıqları əzdilər, ideoloji və hərbi əsarət rejimi qurdular. Yeni nəsə yox idi – şah zamanı nə vardısa, üzərinə din möhürü vurub davam etdilər.

İmperiya qazanı isə öz işində idi. İçdən dağıdıcı enerjini boğmaq üçün yeni layihələr lazım idi: şiə-sünni qarşıdurması, islam–sionizm, Fələstin, İran və xristian dünyası, İran və türk dünyası, İran və ərəb dünyası, “haqlı İran – haqsız dünya” və s.

İran indi daha dağıdıcı böhranla üz-üzədir. Ərəb dünyası ilə yola getmirdi – indi isə qanlı düşmənə çevrilib. İranın qonşu ərəb dövlətlərini raket atəşinə tutması, enerji və infrastruktur obyektlərini dağıtması İranla Ərəbistan arasındakı münasibətlərin yeni düşmənçilik mərhələsinə keçdiyini göstərir.

Səudiyyə şahzadəsi artıq açıq şəkildə İranı terrorizmin mənbəyi, “dağılmış imperiyanın qalıqları üzərində qurulmuş şər yuvası” adlandırır. O, ABŞ və Avropanın 2015-ci il razılaşmasını tarixi səhv sayır və İran rejimi ilə istənilən sövdələşməni zərərli hesab edir. Bunu iki il əvvəl Çinin vasitəçiliyi ilə İranla “dəymə mənə, dəyməyim sənə” sazişi imzalayan Səudiyyə şahzadəsi deyir.

Ərəb ölkələrinin İranla savaşa məcburi qatılması ilə İran imperiyasının dağılmaqdan xilas olma şansları daha da azalır.

Ərəb ölkələri İranın güclü qalmasını qəbul etməyəcək, onun bu böhrandan çıxmasını da istəməyəcəklər.

Çünki böyük və güclü İran onlar üçün həmişə rəqib və qorxu mənbəyidir. Əlbəttə, ərəb ölkələri həlledici faktor deyil. Amma onların mövqeyinin qərarlara təsiri mübahisəsizdir.

Rəşid

Rəşid Hacılı, hüquqşünas

Seçilən
31
musavat.com

1Mənbələr