AZ

ABŞ-nin münaqişədən sonra hərbi texnikasının bərpası 3 milyard dollara başa gələ bilər

BAKI, 27 mart. TELEQRAF

ABŞ Yaxın Şərqdəki münaqişə başa çatdıqdan sonra zədələnmiş və itirilmiş hərbi texnikanın bərpası və ya əvəzlənməsi üçün təxminən 1,4–2,9 milyard dollar xərcləməli olacaq.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Pentaqonun sabiq əməkdaşına istinadən məlumat yayıb.

Bildirilib ki, səhvən vurulan üç “F-15E” əvəzinə yeni “F-15” qırıcı təyyarələrinin alınması təxminən 300 milyon dollara başa gələcək. Eyni zamanda, İranın zərbəsi nəticəsində məcburi eniş edən “F-35A Lightning II” qırıcısının (təxminən 82,5 milyon dollar dəyərində) təmiri tələb olunur.

Qəza nəticəsində itirilən “KC-135” tanker təyyarənin istehsalı dayandırıldığı üçün onun “KC-46” ilə əvəzlənməsi planlaşdırılır. Bu təyyarənin dəyəri təxminən 165 milyon dollar təşkil edir. Bundan əlavə, regionda digər zədələnmiş texnikanın da təmiri tələb olunur.

Eyni zamanda, ABŞ münaqişə zamanı ondan çox “MQ-9 Reaper” pilotsuz uçuş aparatını itirib. Hər birinin dəyəri təxminən 16 milyon dollar olub. Bu modelin istehsalı dayandırıldığı üçün yeni “MQ-9B”dronlarının alınması planlaşdırılır və onların hər biri təxminən 30 milyon dollara başa gəlir.

Qeyd olunur ki, İran Yaxın Şərqin bir sıra ölkələrində radiolokasiya, rabitə və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib. Bu çərçivədə Qətərdə yerləşən “AN/FPS-132” radar sisteminə də ziyan dəyib və onun dəyəri təxminən 1 milyard dollar qiymətləndirilir. Eyni zamanda, yeni “AN/TPY-2” radarlarının alınması təxminən 300 milyon dollar tələb edir.

Seçilən
38
teleqraf.com

1Mənbələr