Hizbullah İsrail qüvvələrinə qarşı cümə axşamı bir sıra koordinasiyalı hücumlar həyata keçirdiyini açıqlayıb. Bildirilir ki, Cənubi Livan ərazisində qurulan pusqu nəticəsində bir İsrail əsgəri həlak olub, daha iki nəfər yaralanıb.
İsrail ordusunun sözçüsü təsdiqləyib ki, döyüşlər zamanı Qolani Briqadası tərkibində xidmət edən hərbçi öldürülüb.
Channel 12 xəbər verir ki, gecə saat 02:00 radələrində Hizbullah döyüşçüləri İsrail hərbçilərinə yaxınlaşdıqları anda pusqu quraraq atəş açıblar. Hadisə nəticəsində bir əsgər ölüb, iki nəfər yaralanıb.
Telekanal bölgədə vəziyyətin İsrail qüvvələri üçün “çox, çox çətin” olduğunu qeyd edib. Channel 15 isə Hizbullah döyüşçülərinin İsrail qüvvələri ilə yaxın məsafədən, üzbəüz döyüşə girdiyini bildirib.
Məlumata görə, İsrail ordusunun elit bölmələrindən sayılan Qolani Briqadası daha əvvəl Qəzza bölgəsində də ciddi itkilər verib və hazırda Cənubi Livanda davamlı hücumlarla üzləşir.
Hizbullah açıqlamasında bildirib ki, İsrail ordusunun şimal komandanlığının “Dado” bazası Safed şəhərinin şimalında raketlərlə hədəfə alınıb.
Bundan əlavə, təşkilat Metula yaşayış məntəqəsinə partlayıcı pilotsuz aparatlarla zərbələr endirdiyini açıqlayıb.
Qruplaşma həmçinin Deyr Seryan qəsəbəsində, məscid və məktəb yaxınlığında İsrail qüvvələri ilə yaxın məsafəli toqquşmaların baş verdiyini bildirib. Döyüşlərdə yüngül və orta silahlar, eləcə də minaatanlardan istifadə olunduğu, İsrail qüvvələrinə itkilər verdirildiyi qeyd olunub.
Hizbullah əlavə olaraq sərhəd bölgəsində yerləşən əl-Qouzah istiqamətində İsrail hərbçilərinin toplaşdığı ərazilərə raket zərbələri endirdiyini və Misgav Am hərbi obyektinin də hədəfə alındığını açıqlayıb.