Rusiyanın Leninqrad vilayətində pilotsuz uçuş aparatları təhlükəsi səbəbilə növbəti dəfə hava həyəcanı elan olunub.
Musavat.com xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.
Bildirilib ki, cümə axşamı axşam saatlarında bölgədə gün ərzində artıq üçüncü dəfə hava həyəcanı siqnalı səsləndirilib. Yerli hakimiyyət orqanları eyni zamanda mümkün PUA hücumları ilə əlaqədar mobil internet sürətinin azaldıla biləcəyi barədə də xəbərdarlıq edib.
Məlumata görə, ilk hava həyəcanı gecə yarısından qısa müddət sonra elan olunub və səhər saat 04:00-dək (Bakı vaxtı ilə 05:00) davam edib. İkinci siqnal isə günorta saat 14:36-da (Bakı vaxtı ilə 15:36) verilib və təxminən üç saat qüvvədə qalıb.
Rəsmi açıqlamalara əsasən, səhər saatlarında Leninqrad vilayətində 21 pilotsuz uçuş aparatı zərərsizləşdirilib. Gün ərzində isə vurulan dronlarla bağlı əlavə məlumat verilməyib.
Musavat.com