BAKI, TurkicWorld, Orxan Qədirzadə
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares "Asharq Al-Awsat" nəşrinə verdiyi müsahibədə rəsmi Madridin Yaxın Şərqdə artan gərginliklə bağlı qəti mövqeyini açıqlayıb. Nazir İranın Səudiyyə Ərəbistanı Krallığına və Körfəzin digər ölkələrinə qarşı həyata keçirdiyi raket və dron hücumlarını "tamamilə əsassız" adlandıraraq, İspaniyanın bu təhdidlər qarşısında Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, Albares İspaniya hökumətinin zorakılığı qəti şəkildə rədd etdiyini çatdırmaq üçün İranın Madriddəki səfirini nazirliyə çağırdığını və hücumların dərhal dayandırılmasını tələb etdiyini bildirib.
Xose Manuel Albares qeyd edib ki, İspaniya sülh və sabitlik naminə gərginliyin azaldılması üçün Avropa ölkələri ilə koordinasiyalı şəkildə diplomatik səylərini davam etdirir. O, İspaniyanın beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanan prinsipial mövqeyinin bir çox region ölkələrinə, çatdırıldığını vurğulayıb. Nazir vurğulayıb ki, zorakılıq heç vaxt demokratiya və ya sabitlik gətirmir, əksinə, daha böyük xaosa yol açır, buna görə də İspaniya güc amilini deyil, danışıqlar masasını yeganə çıxış yolu kimi görür.
İspaniyalı nazir Yaxın Şərqdəki müharibənin artıq regionun sərhədlərini aşaraq Türkiyə və Kipr kimi ölkələrə də təsir etdiyini bildirib. Xüsusilə Hörmüz boğazındakı vəziyyətin beynəlxalq ticarət və enerji istehsalı üçün böyük təhlükə yaratdığını deyən Albares, bunun qlobal iqtisadiyyat üçün proqnozlaşdırıla bilməyən nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edib. O, həmçinin Livanın dramatik vəziyyətdə olduğunu, İsrailin quru müdaxiləsinin böyük bir səhv olduğunu və həm "Hizbullah"ın, həm də İsrailin mülki infrastruktura və BMT qüvvələrinə (UNIFIL) hücumlarını pislədiklərini əlavə edib.
Müsahibənin sonunda Albares vurğulayıb ki, hazırkı vəziyyət son dərəcə risklidir və münaqişənin miqyası gözlənilməz tərəfə yönələ bilər. İspaniya beynəlxalq birliyi vahid mövqedən çıxış etməyə, beynəlxalq humanitar hüquqa hörmət göstərməyə və Qəzzadan tutmuş İrana qədər bütün qarşıdurma ocaqlarında hərbi eskalasiyaya son qoymağa çağırır. O, İspaniya Baş naziri Pedro Sançesin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığında da bu həmrəylik mesajını şəxsən çatdırdığını xatırladıb.