AZ

Şəlalə Səsli - Mırıldanmanın şou-biznesdə biabırçı nəbzi

Şəlalə Səsli adlı “oxuyan” deyəcəyəm, vallah, müğənni sözünü bu qızın adı ilə qoşa çəkmək məndə xəcalət təri yaradır. Bu sənətdə sözünü deyən, saçını ağardan müğənnilərimizdən ayıbdır. “Gəl mənə addım-addım” deyərək, burnunda mırıldanan “müğənnifason” xanım şou-biznesə doğru sürətlə addımlamaqda davam edir. Hiss edirsən ki, təzə-tər mahnılarla toy-büsatlarda “liderliyi ələ keçirib”, sanki Kəmalə Günəşlini ötməyə çalışır. Çünki Kəmalə Günəşli də son vaxtlar əcaib-qəraib sözləri olan mahnıları ilə gündəmdə at oynadır. Özü də elə at ki, şahə qalxır…

Nə isə, keçək “oxuyan” Şəlaləyə. Bu xanımın oxuduğu mahnıları dinləyənlər görəsən nə fikirləşirlər? Bu musiqidən zövq ala bilirlərmi? Maraq üçün onun TikTok səhifəsinə girib baxanda nə görsəm yaxşıdır? Əməlli-başlı tədbirlərə, şou-proqramlara gedir. Üstəlik, həvəslənərək yeni-yeni mahnılar da yazdırır. Yazdırır deyəndə, oxuduğunun sözü də, musiqisi də özünə aiddir.
media-69dc237d-9eff-4b8c-ba3b-0e0615c1faec
Amma bu ifalara mahnı deyəndə adamın ağzı ağrıyır. Axı, bu ifalarda musiqi yox, evdə arada kefimiz kök olanda lağ-lağı edib oxuduğumuz mırıldanmadır. İnanın, adam bu biabırçılığa qulaq asanda tükləri biz-biz qalır. Vallah, ayıbdır, o qıza da ümid verib deməyin ki, “sən yaxşı müğənnisən, oxu, gündə bir mahnı çıxar.” Gəlin, özümüz-özümüzü biabır etməyək, belə musiqilər eşidəndə qol qaldırıb oynamayaq, dilimizdə əzbər edib oxumayaq.
Ay xanım, sən Allah, sən də heç olmasa babat oxumaq istəyirsənsə, bir müəllimin yanına get, düzgün ifa etməyi öyrən, öz üzərində işlə, insanların musiqi zövqünü kor qoyma, uşaqlarımızı bu lazımsız mahnılarınla zəhərləmə. Yazığıq… yazıqdırlar…
Aynur Nadirqızı
Seçilən
36
yenilik.az

1Mənbələr